Mövcud geosiyasi vəziyyəti nəzərə alaraq, Avropa İttifaqı (Aİ) və ABŞ Orta Asiya dövlətləri ilə Rusiya vasitəsilə deyil, Orta Dəhliz vasitəsilə ticarət əlaqələri qurmaq istəyirlər. Onlar yüksək texnologiya istehsalı üçün vacib olan nadir torpaq minerallarının, neft və qazı, gələcəkdə isə yaşıl enerjinin Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu vasitəsilə Azərbaycan üzərindən Avropaya nəql olunmasını dəstəkləyirlər. Bu, Aİ və ABŞ üçün strateji məsələdir.
Bu fikri AZƏRTAC-a açıqlaması zamanı tacikistanlı politoloq və beynəlxalq münasibətlər üzrə ekspert Məhəmməd Şəmsuddinov deyib.
O bildirib ki, bu proseslər Mərkəzi Asiya üçün təkcə iqtisadi deyil, həm də siyasi nəticələrə səbəb ola bilər.
“Qərb Mərkəzi Asiya respublikalarına çoxvektorlu xarici siyasət yürütməyə və suverenliklərini gücləndirməyə imkan yaradır. Bu, həmçinin ABŞ və Aİ-nin regionda siyasi təsirini gücləndirə bilər ki, bu da təkcə Rusiyanın deyil, həm də Çinin təsirini tarazlaşdıracaq. Tacikistan da Orta Dəhlizi dəstəkləyir və gələcəkdə ondan istifadə etməyi planlaşdırır. Yaşıl enerji ixracına gəldikdə, qeyd etmək lazımdır ki, Tacikistan Mərkəzi Asiyanın su ehtiyatlarının 60 faizinə malikdir və bu da onun hidroenerji potensialını artırır. Lakin Tacikistan enerji ixracı baxımından daha çox cənub istiqamətinə diqqət yetirir. Əfqanıstan və Pakistan kimi ölkələrin Mərkəzi Asiyadan ixrac edilən elektrik enerjisinə ciddi ehtiyacı var. Tacikistan Qırğızıstan, Əfqanıstan və Pakistanla birlikdə bu istiqamətdə CASA-1000 adlı layihə həyata keçirir. Hazırda Tacikistandan Avropaya elektrik enerjisi ixracı barədə danışmaq çətindir, çünki bu, olduqca mürəkkəbdir. Lakin real imkanlar yaranarsa, düşünmürəm ki, Tacikistan belə bir ssenarini nəzərdən keçirmə ehtimalını istisna etməz. Hazırda Tacikistandan Əfqanıstan və Pakistana olan elektrik enerjisi ixracı az investisiya tələb edir və effektivdir”, - deyə M. Şəmsuddinov bildirib.
Ekspert əlavə edib ki, Özbəkistan və Qazaxıstanın da yaşıl enerji istehsalı üçün əhəmiyyətli potensialı var: “Məsələn, onlar uranla zəngindirlər. Əlbəttə ki, bütün bu potensialdan istifadə edilməlidir. Əgər Mərkəzi Asiya ilə Avropa arasında yaşıl enerji dəhlizi reallığa çevrilərsə, Azərbaycan həm öz məhsullarını, həm də tranzit tərəfdaşlarının məhsullarını Avropaya daşıyaraq bu dəhlizdə əsas rol oynayacaq”.