BMT Baş Assambleyasının 81-ci sessiyasının Üçüncü Komitəsinin iclasında insan hüquqlarının müdafiəsi ilə bağlı mövqeyini ifadə edərkən Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin birinci katibi Şəhriyar Hacıyev bildirib ki, münaqişələrin və bərabərsizliyin artdığı, iqlim dəyişikliklərinin ciddi təsirlər yaratdığı bir vaxtda insan hüquqlarının və ləyaqətinin qorunması xüsusi əhəmiyyət daşıyır. O, qeyd edib ki, Azərbaycanda insan hüquq və azadlıqlarının təmin edilməsi dövlət siyasətinin əsas prioritetlərindəndir və bu istiqamətdə hüquqi və institusional islahatlar davam etdirilir.
Bakı Dövlət Universitetinin kafedra müdiri Kamilə Əliyeva qəzetimizə açıqlamasında xatırladıb ki, Ş.Hacıyev keçmiş münaqişə nəticəsində məcburi köçkün düşmüş şəxslərin hüquqlarının bərpasına da toxunub: “O bildirib ki, “Böyük Qayıdış” çərçivəsində aparılan tədbirlər nəticəsində 96 min nəfər işğaldan azad edilmiş ərazilərə qayıdıb. Mina təhlükəsi bu prosesə ciddi maneə törədir. İndiyədək 400-dən çox insan mina partlayışları nəticəsində həlak olub və ya ağır yaralanıb. Diplomat 4 mindən çox azərbaycanlının taleyinin hələ də məlum olmadığını və onların itkin düşmüş şəxs kimi qeydiyyata alındığını bildirib. Bəyanatda münaqişə zamanı törədilmiş ağır cinayətlərin araşdırılması və təqsirkarların məsuliyyətə cəlb olunmasının vacibliyi də vurğulanıb. Ş.Hacıyev BMT Nizamnaməsində təsbit olunan suveren bərabərlik, ərazi bütövlüyünə hörmət və dövlətlərin daxili işlərinə qarışmama prinsiplərinin qorunmasının vacibliyini diqqətə çatdırıb. O qeyd edib ki, “Biz insan hüquqlarının siyasiləşdirilməsinə, ikili standartlara və insan hüquqları bəhanəsi ilə dövlətlərin daxili işlərinə müdaxilə hallarına qarşı çıxırıq””.
Kamilə Əliyevanın sözlərinə görə, itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi həm humanitar, həm də hüquqi baxımdan mühüm əhəmiyyət daşıyır. Onların ailələrinin uzun illərdir cavab gözləməsi problemin aktuallığını daha da artırır. İtkin düşmüş şəxslərin taleyi hər zaman dövlətin diqqət mərkəzində olan həssas məsələlərdən biridir. Həmin şəxslərlə bağlı həqiqətlərin üzə çıxarılması ailələrin mənəvi rahatlığı ilə yanaşı, tarixi ədalətin təmin olunması baxımından da vacibdir. Bu istiqamətdə beynəlxalq təşkilatların və müvafiq qurumların əməkdaşlığı xüsusi rol oynayır. Azərbaycanın bu məsələləri beynəlxalq platformalarda gündəmə gətirməsi problemin dünya ictimaiyyətinin diqqətində saxlanmasına xidmət edir.
Ekspert qeyd edib ki, bütün bunlar Azərbaycan dövlətinin və dövlətçiliyinin istər xarici, istərsə də daxili siyasətdə həyata keçirdiyi diplomatik tədbirlərin fonunda prioritet istiqamətlərinin əsasını insan hüquqları amili təşkil etdiyini bir daha göstərir: “İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycanın qarşısında duran mühüm humanitar məsələlərdən biridir. Onlarla bağlı araşdırmaların davam etdirilməsi, eləcə də beynəlxalq əməkdaşlığın gücləndirilməsi böyük əhəmiyyət daşıyır. Eyni zamanda, münaqişə zamanı itkin düşmüş şəxslərlə bağlı həqiqətlərin araşdırılması və ailələrin hüquqlarının qorunması vacibdir. Hər bir itkin şəxsin taleyinə aydınlıq gətirilməsi ədalətin bərpasına mühüm töhfə verə bilər”.
Əsmər QARDAŞXANOVA,
“Azərbaycan”