Son illər ölkəmizdə mühüm hadisələr baş verdi.
Uzun illər bir sıra ölkələrin və nüfuzlu təşkilatların haqsızlığı, ədalətsizliyi
ilə üzləşmiş, hüquqları pozulmuş Azərbaycan öz əzmi və qətiyyəti sayəsində
problemlərin öhdəsindən gəldi. Münaqişəni sülh yolu illə həllinə səy göstərən
ölkəmizin sülhpərvərliyinə işğalçı Ermənistan təxribatlar törətməklə cavab
verirdi. Ədaləti öz bərpa etməli olan Azərbaycan sonunda Zəfər qazandı, məğlub
adını üzərindən götürərək qalib kimi dünyada tanındı.
Otuz ilə yaxın Ermənistanın işğalı altında
qalmış Qarabağ və Zəngəzur ərazilərində bu gün “Böyük Qayıdış” Proqramı çərçivəsibdə
misilsiz işlər həyata keçirilir. Qarabağ və Şərqi Zəngəzur yenidən qurulur. Ermənistanın
xarabalığa çevirdiyi o yerlərdə Azərbaycan dövləti kəndlər, qəsəbələr, şəhərlər
salır, yollar çəkir.
Azərbaycan bu günlərə çox ağır sınaqlardan,
böyük çətinliklərdən keçərək gəldi. XX əsrin sonuncu onilliyində ərazilərimizin
iyirmi faizi Ermənistan tərəfindən işğal olundu. Torpaqlarımız əsrlər boyu dönə-dönə
düşmən hücumuna məruz qalmışdı. Siyasi çəkişmələrin qurbanına çevrilmişdi. Nəticədə,
məmləkətimiz böyük ərazisinin xeyli hissəsini zaman-zaman itirməli olmuşdu.
XIX əsin birinci yarısında çar Rusiyası ilə
İran arasında baş verən müharibələrin ən böyük faciələrini də Azərbaycan xalqı
yaşamalı oldu. 1828-ci ildə bu iki dövlət öz aralarında imzaladıqları müqavilə
ilə Azırbaycanı ikiyə böldülər. Şimal hissəsinə Rusiya, cənubuna isə İran
sahibləndi.
Azərbaycan bundan sonra çox bəlalar çəkdi.
Ərazilərin çarizm məqsədli şəkildə erməniləri köçürdü. Onlar da bu yerlərdə nəinki
məskən saldılar, hətta vaxt keçdikcə yerli əhalini sıxışdırmağa, əllərinə fürsət
düşən kimi torpaq iddia etməyə başladılar. Əlbəttə, xislətlərində hiylə,
riyakarlıq olan, dondan-dona girməyi yaxşı bacaran gəlmələr məkrli planlarını təkbaşına
həyata keçirə bilməzdilər. Hər zaman özlərinə havadarlar tapdılar, onlardan
yardım aldılar və Azərbaycan torpaqlarında dövlət belə yarada bildilər.
Ancaq işğalçılar Azərbaycanın digər ərazilərinə
də göz dikdilər. 1980-ci illərin sonlarında erməni quldurlarının Qarabağ bölgəsini
münaqişə ocağına çevirmələrinin əsl səbəbi də bu idi. Məkrli ermənilər SSRİ
adlı böyük imperiyanın dağılmaqda olduğu bir vaxtda yaranmış qarışıq, ziddiyyətli
siyasi vəziyyətdən mənfəətlənmək, Azərbaycandan ərazilər qoparmaq niyyətində
idilər. Bu dəfə də nəticə, respublikamız, xalqımız üçün çox ağır oldu. Azərbaycanın
ərazisinin iyirmi faizi Ermənistan tərəfindən işğal olundu. Otuz ilə yaxın erməni
əsarətində qalan Qarabağa və Şərqi Zəngəzura uzaqdan, həsrətlə, nisgillə
baxmalı olduq.
2020-ci ilin payızında işğalçı Ermənistan
silahlı qüvvələrinin növbəti təxribatı nəticəsində başlayan İkinci Qarabağ
müharibəsində Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ədaləti
bərpa etdi. Qəhrəman əsgər və zabitlərimiz şiddətli döyüşlər apararaq, Qarabağ
və Şərqi Zəngəzur torpaqlarını addım-addım yağılardan azad etdilər. Azərbaycan ərazisində
ikici Ermənistan dövləti qurmaq istəyənlərin arzularını puça çıxardılar.
2023-cü ildə həyata keçirilən lokal xarakterli antiterror əməliyyatlarında isə
müzəffər Azərbaycan Ordusu ölkəmizin suvernliyinin tam bərpasına nail oldu.
Artıq müstəqil, suveren Azərbaycan öz tarixinə
yeni-yeni səhifələr yazır. Yeni Azərbaycan Partiyasının VIII Qurultayı da Azərbaycanın
öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirildi.
Qurultayda çıxış edən Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan
Partiyasının Sədri İlham Əliyev son illər ölkəmizdə baş verən tarixi hadisələrdən
danışdı. Dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycan özü təkbaşına həm işğala
son qoymuşdur, eyni zamanda, bölgədə yeni reallıqlar yaratmışdır. İkinci
Qarabağ müharibəsindəki Zəfərimizdən bu günə qədər bu reallıqların bütün dünya
tərəfindən qəbul edildiyini vurğulayan Prezident İlham Əliyevin diqqətə
çadırdığı kimi, bu, asan başa gəlmədi: “Bu illər ərzində çox ciddi müqavimətlə
üzləşmişdik. Azərbaycana qarşı istiqamətlənmiş yalan, iftira ilə dolu
kampaniyalarla üzləşmişdik. Bizə qarşı sanksiyaların tətbiq edilməsi məsələsini
bəzi ölkələr ciddi müzakirə edirdi”.
Azərbaycan dövləti və xalqı sarsılmaz birlik
nümayiş etdirərək, bütün çətinliklərin öhdəsindən gəldi. Prezident İlham
Əliyevin nəzərə çatdırdığı ki, bizim qətiyyətimiz, dönməz fəaliyyətimiz, siyasi
addımlarımız və ilk növbədə, Azərbaycan xalqının vahid mövqedə olması bütün bu
bəd niyyətləri alt-üst etmişdir: “İkinci Qarabağ müharibəsi bizim şanlı
tariximizdir. 8 Noyabr bizim əbədi bayramımız olacaq. Eyni əhəmiyyəti 20
Sentyabr da daşıyır. Çünki məhz 2023-cü il sentyabrın 20-də Azərbaycan
separatizmə son qoydu, işğala son qoydu, ərazi bütövlüyünü və suverenliyini bərpa
etdi”.
Dövlətimizin başçısı bildirdi ki, bu iki hərbi
Zəfər təkcə xalqımız üçün, dövlətimiz üçün deyil, bütün dünya üçün böyük önəm
daşıyır: “Çünki birinci növbədə yeni bir presedent yaranmışdır və biz bu qələbələri
böyük güclərin müqaviməti fonunda əldə etmişik. Sirr deyil ki, 1992-ci ildə
yaradılmış Minsk qrupunun əsas məqsədi münaqişəni dondurmaq idi, Azərbaycanın ərazi
bütövlüyünün bərpasına kömək göstərmək yox. İkinci Qarabağ müharibəsi başlanan
gündən 44 gün ərzində bizə qarşı böyük təzyiqlər göstərilmiş, hədə-qorxular səsləndirilmişdir
- həm açıq müstəvidə, eyni zamanda, bağlı qapılar arxasında. Ancaq heç kim bizi
yolumuzdan döndərə bilmədi”.
Bu gün bütün dünya sülh, rifah içərisində
deyil. Bir çox ölkələr müharibələr, iğtişaşlar meydanına çevrilib. Belə bir
zamanda Azərbaycan öz yolunu seçib. Bu, sülh, əmin-amanlıq, tərəqqi yoludur
Zöhrə FƏRƏCOVA,
“Azərbaycan”