Ölkənin davamlı tərəqqisinə aparan hərtərəfli
islahatlar məhkəmə-hüquq sisteminin inkişafının yeni mərhələsini şərtləndirmişdir
Prokurorluq orqanlarında həyata keçirilən
hüquqi islahatlar nəticəsində Azərbaycan Prokurorluğu milli maraqların və qanunun
aliliyinin təmin olunmasına, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı
müdafiəsinə xidmət edən müasir dövlət təsisatına çevrilmişdir.
İlham ƏLİYEV
Müasir Azərbaycan dövləti Ümummilli Lider
Heydər Əliyevin uzaqgörən milli dövlətçilik ideya və düşüncələrinin tam əsaslılığının
və birmənalı düzgünlüyünün triumfu və əyani sübutu olmaqla Ulu Öndərin siyasi kursunun,
onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən dövrün reallıqları və gerçəklikləri
nəzərə alınmaqla daha da zənginləşdirilərək həyata keçirilməsi nəticəsində uğurla
inkişaf edir. Sosial-iqtisadi sahə ilə bağlı dövlət başçısının yanında keçirilmiş
müşavirədə qeyd olunduğu kimi, iqtisadi vəziyyət çox müsbət olmaqla ölkəmiz inamla
inkişaf edir, böyük infrastruktur layihələr icra olunur.
Vətəndaşların rifahının daha da yüksəldilməsi
istiqamətində çox önəmli kompleks tədbirlər görülməklə əməkhaqqı və pensiyalar əhəmiyyətli
dərəcədə artırılmış, manatın məzənnəsi sabit olmaqla inflyasiya cəmi 2,5 faiz təşkil
etmişdir. Minimum pensiyanın 70 faizdən çox, minimum əməkhaqqının isə iki dəfəyə
yaxın artırılması nəticəsində alıcılıq qabiliyyətinə
görə bu göstəricilər üzrə ölkənin MDB məkanında müvafiq olaraq birinci və ikinci
yerlərdə qərarlaşmasını şərtləndirmişdir. Əhalinin sosial cəhətdən həssas təbəqəsi
olan əlillərin, məcburi köçkünlərin, tələbə və gənclərin rifahının daha da yaxşılaşdırılması
məsələlərinə xüsusi diqqət yetirilməklə, onlara ödənilən müavinət və təqaüdlər artırılaraq
gəlirləri əhəmiyyətli dərəcədə yüksəlmişdir.
Ölkədə sosialyönümlü dövlət siyasətinin həyata
keçirilməsində, əhalinin rifahının yüksəlməsində, sosial xidmətlərin asan, şəffaf
və vətəndaş məmnunluğu şəraitində göstərilməsində, insanları narahat edən problemlərin
aradan qaldırılmasına nail olunmasında, dinlərarası və mədəniyyətlərarası münasibətlərin
qurulmasında, milli-əxlaqi əsasların möhkəmləndirilməsində, idmanın və multikultural
dəyərlərin, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, genişmiqyaslı proqram və layihələrin gerçəkləşdirilməsində
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti,
UNESKO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın yorulmaz fəaliyyəti
və misilsiz xidmətləri xüsusi qeyd olunmalıdır.
Azərbaycan Respublikası Prezidentinin "Məhkəmə-hüquq
sistemində islahatların dərinləşdirilməsi haqqında” 3 aprel 2019-cu il tarixli fərmanı
məhkəmə-hüquq islahatlarının yeni mərhələsinin başlanğıcı olmuşdur. Bu fərman konseptual
əhəmiyyətli proqram xarakterli mühüm dövlət sənədi olmaqla ölkəmizin davamlı tərəqqisinin
təmin edilməsi üçün bütün sahələrdə həyata
keçirilən islahatların məhkəmə-hüquq sisteminin inkişafında da yeni mərhələnin başlanması
və bu sahədə islahatların genişləndirilməsi
zərurətindən irəli gəlmişdir. Ölkə Prezidentinin Nazirlər Kabinetinin cari ilin
birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı
nitqində qeyd etdiyi kimi, fərmanın icrası bu sahədə də ciddi dönüşə səbəb olacaqdır.
Məhkəmə-hüquq islahatlarının yeni mərhələsinin
əsasını qoymaqla bu sahədə strateji hədəfləri müəyyən edərək həmin istiqamətdə görülən
işlər üçün "yol xəritəsi” əhəmiyyətinə malik olan bu fərmanın tələblərindən irəli
gələrək prokurorluq orqanlarının üzərinə düşən mühüm vəzifələrin vaxtında və səmərəli
icrasını təmin etmək məqsədilə Baş Prokurorluq üzrə 4 aprel 2019-cu il tarixli sərəncamla
işçi qrupu yaradılaraq müntəzəm iş aparılmışdır.
Eyni zamanda, Prezidentin 3 aprel 2019-cu
il tarixli fərmanının 2-4-cü bəndlərinin icrasını vaxtında və keyfiyyətlə təmin
etmək məqsədilə Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurası, Ədliyyə Nazirliyi,
Ali Məhkəmə və Baş Prokurorluğun 5 aprel 2019-cu il tarixli sərəncamı ilə həmin
qurumların əməkdaşlarından ibarət tərkibdə birgə işçi qrupu yaradılaraq intensiv
fəaliyyət göstərmişdir.
Fərmanın 2-ci hissəsinin icrası üzrə müvafiq
təhlillər aparılmaqla təkliflərin hazırlanması məqsədilə birgə işçi qrupu tərəfindən
qabaqcıl xarici ölkələrin qanunvericilik və məhkəmə təcrübəsi öyrənilməklə, yeni
və mütərəqqi hüquq normalarının milli qanunvericiliyə implementasiya imkanları nəzərdən
keçirilərək Cinayət, Cinayət-Prosessual, İnzibati Xətalar və Cəzaların İcrası məcəllələrinə
400-ə yaxın dəyişikliyin edilməsini nəzərdə tutan qanun layihələri hazırlanmışdır.
"Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 3 aprel
2019-cu il tarixli fərmandan irəli gələn məsələlərlə bağlı məhkəmələrdə dövlət ittihamının
müdafiəsinin səmərəliliyinin daha da artırılması məqsədilə cinayət işinin, məhkəməyədək
sadələşdirilmiş icraat materiallarının məhkəməyə daxil olması, onların hazırlıq
iclasları, həmin işlərin məhkəmədə baxılmasının nəticələrinin elektronlaşdırılmasını
əhatə edən, cinayət işlərinə nəzarət, sürətli axtarış, cinayət işi üzrə vurulmuş
ziyanın məbləğinin, cəzaların hədlərinin müəyyən olunması, cəzanın cinayətlərin
məcmusu üzrə hesablanması, qısa müddətdə ümumiləşdirmələr aparılması və digər imkanları
nəzərdə tutan "Elektron Dövlət İttihamı” proqramı hazırlanaraq cari il sentyabr
ayının 24-də istifadəyə verilmişdir. Bu proqrama "Elektron Cinayət” proqramı inteqrasiya
olunmuşdur ki, həmin funksiya cinayət işinin nömrəsinin daxil edilməsi ilə "Elektron
Cinayət” proqramına daxil edilmiş cinayət işi materialları ilə tanış olmaq imkanı
yaradır.
"Elektron Cinayət” proqramı 2015-ci ildə
istifadəyə verildikdən sonra indiyədək 52 mindən çox sənəd, o cümlədən 7 minə yaxın
cinayət işi və 45 mindən çox cinayət xarakterli materiallar qeydiyyatdan keçirilmişdir.
Bu da prokurorluq orqanlarında informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin
genişləndirilməsini təsdiq edən göstəricilərdən biridir. Artıq Baş prokuror yanında
Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi, Baş Prokurorluğun Ağır cinayətlərə dair
işlər üzrə istintaq idarəsi və Bakı Şəhər Prokurorluğunun İstintaq idarəsi də daxil
olmaqla "Elektron Cinayət” proqramından tam istifadə edilməsi təmin olunmuşdur.
"Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi
haqqında” 3 aprel 2019-cu il tarixli fərmanla cinayət mühakimə icraatında dövlət
ittihamçıları qarşısında qoyulmuş vəzifələrin daha səmərəli həyata keçirilməsi,
bu sahədə fəaliyyətin təkmilləşdirilməsi məqsədilə Baş Prokurorluq üzrə Bakı Şəhər
Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsində 2 böyük və 23 prokuror
vəzifələrinin yüksək nəzəri bilik və peşə hazırlığı ilə fərqlənən təcrübəli prokurorluq
işçiləri ilə komplektləşdirilməsi üçün müsabiqə elan olunmaqla bu prosesin həyata
keçirilməsi üçün Müsabiqə Komissiyası yaradılmışdır. Komissiyanın üzvləri olan prokurorluq
işçiləri ilə yanaşı, onun işində Məhkəmə-Hüquq Şurasının və Hakimlərin Seçki Komitəsinin
müvafiq üzvləri iştirak etməklə keçirilmiş müsabiqənin yekununda yüksək nəzəri bilik
və peşə hazırlığı ilə fərqlənən təcrübəli prokurorluq işçiləri seçilmiş, onlardan
dövlət ittihamının müdafiəsi sahəsində iş təcrübəsi olmayanlar Ədliyyə Nazirliyinin
Ədliyyə Akademiyası və Baş Prokurorluğun Elm-Tədris Mərkəzi tərəfindən birgə təşkil
olunmuş müvafiq ixtisasartırma kursu keçmişlər. Müsabiqə nəticəsində müvəffəqiyyət
qazanmış prokurorluq işçiləri Bakı Şəhər Prokurorluğunun Dövlət ittihamının müdafiəsi
üzrə şöbəsinin müvafiq vəzifələrinə təyin olunmuşlar.
Ölkə Prezidenti cənab İlham Əliyevin 27 sentyabr
2008-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş, prokurorluğun daha da təkmilləşərək
müasirləşdirilməsi dövrünün əsasını qoymuş "Azərbaycan Respublikası Prokurorluğunun
fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı”nın icrası prokurorluğun hüquq sisteminin inkişafı
prosesində rolunun artırılması, cinayətkarlığa qarşı mübarizə və istintaq aparılmasında
digər hüquq mühafizə orqanları ilə qarşılıqlı fəaliyyətinin təşkili, insan hüquq
və azadlıqlarının qorunması, fəaliyyətində müasir elmi-texniki nailiyyətlərdən geniş
istifadə edilməsi, mərkəzləşdirilmiş informasiya-kommunikasiya sisteminin yaradılması,
bu dövlət orqanının fəaliyyətinin bütün istiqamətləri üzrə peşəkarlığın yüksəldilməsi,
beynəlxalq əlaqələrin genişləndirilməsi, habelə prokurorluq işçilərinin sosial müdafiəsinin
gücləndirilməsi və maddi-texniki təminatının yaxşılaşdırılması sahələrində ciddi
nailiyyətlər əldə edilmişdir.
Tarixi inkişaf baxımından çox da böyük olmayan
müddətdə respublikamızda məhkəmə-hüquq islahatlarının həyata keçirilməsi, hüquq
sisteminin inkişafı istiqamətində mühüm tədbirlər görülməklə prokurorluq orqanlarının
fəaliyyətinin müasir dövrün yüksək tələblərinə
uyğun qurulması üçün son illər ərzində daha böyük işlər görülmüşdür. İslahatların
həyata keçirilməsi, fəaliyyətdə səmərəliliyin artırılması üçün təkmilləşmənin aparılmasının,
bütövlükdə müasirləşmənin sonu olmadığından bu proses bu gün də intensiv şəkildə
davam etməkdədir.
Prokurorluq işçilərinin peşə bayramları və yubileyləri
yüksək dövlət səviyyəsində qeyd olunur
Bu gün Azərbaycanda milli prokurorluq orqanlarının
yaranmasının 101-ci ili tamam olur. Bu gün prokurorluq işçiləri, prokurorluğun veteranları,
bütün hüquq ictimaiyyəti üçün əlamətdar bir hadisə kimi böyük ruh yüksəkliyi ilə
qeyd olunur.
Qürurverici tarixi həqiqətdir ki, 1918-ci
il may ayının 28-də Şərqdə ilk dəfə yaranmış Azərbaycan Xalq Cümhuriyyəti bəşəriyyətin
inkişaf salnaməsində yeni parlaq bir səhifə açmaqla xalqımızın dünya dövlətçilik irsinə, demokratik
dövlət quruculuğu prosesinə mühüm töhfəsi olmuşdur. Prokurorluq hər bir demokratik
dövlətin zəruri atributlarından biri olduğundan Azərbaycan Xalq Cümhuriyyətinin
mövcudluğunun ilk aylarında həyata keçirilmiş dövlət orqanlarının strukturunun yaradılması
prosesi çərçivəsində qəbul edilmiş ən mühüm qərarlardan biri də məhz prokurorluq
orqanlarının təsis edilməsi ilə bağlı olmuşdur.
Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının
1 oktyabr 1918-ci il tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluğun təsis edilməsi yalnız o zaman üçün
deyil, həmçinin sonrakı dövrlər üçün, bütövlükdə milli prokurorluq orqanlarımızın
hazırkı yüksək inkişaf səviyyəsində formalaşdırılmasının əsasının qoyulması baxımından
tarixi əhəmiyyətə malik hadisədir. Lakin Azərbaycan Prokurorluğunun ölkənin hüquq
sisteminin inkişafında, insan hüquq və azadlıqlarının qorunmasında çox əhəmiyyəti
olan, konstitusion statuslu, yüksək dünya standartlarına və müasir beynəlxalq tələblərə
uyğun sivil təsisat kimi formalaşması yalnız Ümummilli Lider Heydər Əliyev tərəfindən
hazırlanaraq həyata keçirilməyə başlanılmış, sonradan onun layiqli davamçısı, müdrik
və uzaqgörən dövlət başçısı İlham Əliyev
tərəfindən yeni dövrün tələbləri nəzərə alınmaqla müasir müstəvidə uğurla reallaşdırılan
hüquqi dövlət quruculuğu konsepsiyasının gerçəkləşdirilməsi sayəsində mümkün olmuşdur.
Milli prokurorluq orqanları 1918-ci ildə
yaranaraq bu dövlət təsisatının tarixinin həmin vaxtdan hesablanmasına, idarəetmənin
digər sahələrində müvafiq təcrübənin mövcud olmasına baxmayaraq, prokurorluq işçilərinin
peşə bayramı çox illər qeyd olunmamışdır. Məhz Ümummilli Lider Heydər Əliyevin prokurorluğa
və prokurorluq işçilərinə diqqətinin ifadəsi olan və tarixi gerçəkliyi əbədiləşdirən, 17 iyul 1998-ci il tarixli sərəncamı ilə milli prokurorluq orqanlarının yarandığı gün -
oktyabr ayının 1-i prokurorluq işçilərinin peşə bayramı günü kimi təsis edilməklə
qeyd olunmağa başlanmışdır. Prokurorluq işçilərinin peşə bayramı gününün təsis edilməsi
prokurorluq işçilərinə yüksək dövlət qayğısının təzahürü olmaqla prokurorluq orqanlarının
fəaliyyətinə böyük dəyər verilməsinin təsdiqidir.
Ümummilli Lider prokurorluq işçilərinin peşə
bayramını təsis etdikdən sonra prokurorluq işçilərinin hər il bu günün təntənəli
şəkildə qeyd olunması ənənəsi yaranmışdır. Prokurorluq orqanlarının yaradılmasının
80 illik yubileyinə həsr olunmuş 28 noyabr
1998-ci il tarixli yığıncaqda Ümummilli Lider dərin məzmunlu nitq söyləyərək prokurorluq işçiləri üçün önəmli
olan məsələlərə toxunmuş, onlara çox dəyərli tövsiyələr verərək prokurorluq orqanlarının
ümdə vəzifələrini qeyd etmişdir. Heydər Əliyevin qeyd etdiyi dərin mənalı "Prokurorluq
peşəsi ağır, çətin peşədir. Amma eyni zamanda çox şərəfli, hörmətli peşədir. Mən
arzu edirəm ki, siz həmişə bu peşəni şərəflə daşıyasınız” kəlamı prokurorluq işçilərində
böyük ruh yüksəkliyi və iftixar hissi yaratmaqla yanaşı, onları öz fəaliyyətlərinə
daha yüksək tələbkarlıqla və məsuliyyətlə yanaşmağa səfərbər edərək gündəlik fəaliyyət
şüarına çevrilmişdir.
2018-ci ildə milli prokurorluq orqanlarının
dövlətçilik tariximiz, ölkənin hüquq sisteminin, hüquq mühafizə orqanlarının və
məhkəmə hakimiyyətinin formalaşdırılması və inkişaf tarixi üçün əlamətdar hadisə
olan 100 illik yubileyi xüsusi təntənə ilə qeyd olundu. Azərbaycan Respublikasının
31 may 2018-ci il tarixli qanunu ilə "Azərbaycan prokurorluğunun 100 illiyi
(1918-2018) Azərbaycan Respublikasının yubiley medalı” təsis edilməklə onun Əsasnaməsinin
təsdiq edilməsi prokurorluq orqanlarına dövlət başçısı səviyyəsində göstərilən qayğının
növbəti təsdiqi olmuşdur. Yubiley medalı ilə prokurorluq orqanlarında vəzifələrini
nümunəvi yerinə yetirən, xidmətdə yüksək nəticələr əldə edən, qanunçuluğun və hüquq
qaydasının möhkəmləndirilməsi sahəsində peşəkarlığı ilə fərqlənən, uzun müddət qüsursuz
xidmət edən prokurorluq əməkdaşları və veteranları ilə yanaşı, prokurorluq orqanlarının
inkişafında xüsusi xidmətləri olan digər şəxslər də təltif olunmuşlar.
Cinayətkarlığa
qarşı qətiyyətli mübarizə aparılır, sabitlik təmin olunur
Prokurorluq orqanlarının daxili işlər, ədliyyə,
dövlət təhlükəsizliyi və məhkəmə orqanları
ilə əlaqəli şəkildə birgə fəaliyyətinin nəticəsi olaraq ölkədə dayanıqlı ictimai-siyasi
sabitlik qorunaraq dövlət maraqlarının müdafiəsi, cinayətkarlığa qarşı qətiyyətli
mübarizə aparılmaqla kriminogen durumun stabilliyi və bütün mənfi təzahürlərin qarşısının
alınması təmin edilir.
Görülmüş səmərəli birgə tədbirlərin nəticəsi
olaraq cinayətkarlığın dinamikasında və xarakterində müsbət cəhətlər möhkəmlənmiş, cari ilin birinci
yarımilində qeydə alınmış bir sıra cinayət növlərinin sayı ötən ilin eyni dövrü
ilə müqayisədə azalmışdır.
Əvvəlki illərdə bağlı qalmış ağır və xüsusilə
ağır cinayətlərin, qeyri-aşkar şəraitdə törədilmiş qəsdən adam öldürmə və adam öldürməyə
cəhd cinayətlərinin açılması istiqamətində görülən məqsədyönlü intensiv istintaq
tədbirləri, Baş Prokurorluqda bu işlərə rəhbərliyi həyata keçirən idarənin zona
prokurorlarının yerlərə ezam olunaraq istintaqın planlaşdırılmasında və təşkilində
əməli kömək göstərmələri sayəsində cari ilin birinci yarımilinin göstəriciləri ötən
ilin müvafiq dövrünə nisbətən xeyli artmışdır.
Azərbaycan Respublikası Prezidentinin həyata
keçirdiyi dövlət siyasətinin və strateji inkişaf konsepsiyasının prioritetlərinə
uyğun olaraq ölkədə korrupsiyaya qarşı ardıcıl və sistemli mübarizə aparılmaqla,
bu sosial bəlaya qarşı əks-təsir mexanizmlərindən daha geniş istifadə edilməklə onun baş verməsinə səbəb olan və şərait yaradan
halların aradan qaldırılması istiqamətində
mühüm islahatlar, institusional, struktur və təşkilati tədbirlər davam etdirilmişdir.
Korrupsiyaya qarşı mübarizə prokurorluğun fəaliyyətinin ən önəmli istiqaməti olaraq
bu sahədə səmərəliliyinin artırılması və daha intensiv tədbirlərin həyata keçirilməsi
məsələlərinə xüsusi diqqət yetirilməklə işin effektivliyinin yüksəlməsinə nail olunmuşdur.
Prokurorluq orqanlarına dövlət tərəfindən
korrupsiyaya qarşı mübarizə sahəsində göstərilən etimadın yüksəlməsinin nəticəsi
olaraq Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə yeni vəzifələr
həvalə edilməklə Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 2018-ci il tarixli
fərmanı ilə bu qurumun Əsasnaməsində dəyişiklik edilərək ona cinayət yolu ilə əldə
edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun
maliyyələşdirilməsi ilə əlaqəli cinayətlərin mərkəzləşmiş statistikasının elektron
formada aparılmasını təşkil etmək, həmin cinayətlərlə bağlı statistik məlumatların
toplanması, emalı və ötürülməsi üzrə informasiya sisteminin fəaliyyətini təmin etmək
tapşırılmışdır. Prokurorluq orqanlarının üzərinə düşən vəzifələrin səmərəli icrasının
həyata keçirilməsi ilə bağlı zəruri məsələlərin tənzimlənməsi məqsədilə Baş Prokurorluq üzrə 27 noyabr 2018-ci il tarixli
əmrlə "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması
və terrorçuluğun maliyyələşdirilməsi ilə əlaqəli cinayətlərin vahid məlumat bazasına
dair” Təlimat və "Təqdim edilməli olan məlumatların Siyahısı” təsdiq edilmişdir.
Fərmanın icrası ilə bağlı görülən işlər çərçivəsində
2019-cu il sentyabrın 7-də Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş
İdarəsinin inzibati binasında Baş Prokurorluğun aidiyyəti struktur qurumlarının,
o cümlədən Daxili İşlər, Vergilər, Fövqəladə Hallar və Ədliyyə nazirlikləri, habelə
Dövlət Gömrük Komitəsi, Dövlət Təhlükəsizliyi və Dövlət Sərhəd xidmətlərinin nümayəndələrinin
iştirakı ilə cinayət yolu ilə əldə edilmiş
pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi
və əlaqəli cinayətlərlə bağlı statistik məlumatların bir mərkəzdə toplanmasını təmin
edəcək Vahid İnformasiya Bazasının təqdimat mərasimi keçirilmişdir. Vahid İnformasiya
Bazası statistik məlumatların vahid mərkəzdə toplanmasını təmin etməklə yanaşı,
əldə edilmiş informasiyanın müxtəlif parametrlər üzrə emalına imkan verir. Belə
ki, proqramın geniş texniki imkanları qeyd edilən növ cinayətlərin ümumi dinamikasını
izləməklə yanaşı, toplanan məlumatlar əsasında müxtəlif istiqamətlər üzrə analitik
təhlillər aparılmasına və son nəticədə cinayətkarlığın bu növləri ilə mübarizə işinin
daha keyfiyyətli təşkilinə şərait yaradacaqdır.
Korrupsiyaya qarşı mübarizə sahəsində prokurorluq
orqanlarına inamın artmasının nəticəsi olaraq ötən ilin peşə bayramından hazırkı
dövrədək olan müddətdə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə
vətəndaşların 8118 müraciəti daxil olmuşdur. Onlar "Qaynar xətt” əlaqə mərkəzi üzrə
müraciətlərin 3302-si nəzarətdə saxlanılmaqla aidiyyətı üzrə nazirlik, komitə və
təşkilatlara göndərilmiş, 117-si prokurorluğun müvafiq struktur qurumlarında,
217-si isə Baş İdarədə araşdırılmış, korrupsiya ilə əlaqədar olmayan məsələlərlə
bağlı 46 müraciət üzrə vətəndaşlara hüquqları izah edilmişdir. Həmin müraciətlərin
27-si üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanılaraq
istintaq aparılmışdır. Həmçinin əlaqəli dövlət qurumları ilə birgə görülmüş tədbirlər
nəticəsində digər müraciətlərin müsbət həll olunması təmin edilməklə vətəndaşların
pozulmuş hüquqları bərpa olunmuş və aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması
məqsədilə müvafiq təşkilatlara təqdimatlar göndərilmişdir.
Gənc
kadrların müsabiqə əsasında təyinatı təkmilləşməyə rəvac vermişdir
Prokurorluq orqanlarının inkişafı, yüksək
beynəlxalq standartlar səviyyəsində təkmilləşərək hazırkı statusa malik dövlət təsisatı
kimi formalaşması Ümummili Lider Heydər Əliyevin
adı ilə bağlıdır. Kadr siyasətinin həyata keçirilməsi, yüksək ixtisaslı, peşəkar
milli kadrların yetişdirilməsi, onların irəli çəkilməsi məsələlərinə hər zaman xüsusi
əhəmiyyət verən Ulu Öndər 19 iyun 2001-ci il tarixli fərmanı ilə "Prokurorluğa işə
qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında Əsasnamə”
təsdiq edərək prokurorluq orqanlarına işə qəbulun ən sivil və demokratik üsul olan müsabiqə yolu ilə, şəffaf prosedurlar əsasında
aparılması qaydalarını müəyyən etmişdir. Prokurorluq orqanlarına işə qəbulun müsabiqə
əsasında həyata keçirilməsi prokurorluğun kadr tərkibinin hərtərəfli, savadlı və
yüksək mənəvi keyfiyyətlərə malik, vətənpərvərliyi və dövlətçilik ideyalarına sədaqəti
ilə seçilən gənc mütəxəssislər hesabına komplektləşdirilməsinə şərait yaratmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin prokurorluq orqanları qarşısında müəyyən etdiyi, dövlətçiliyə sadiq,
qanunun aliliyinə hörmət edən, sağlam mənəviyyata, geniş dünyagörüşünə, yüksək nəzəri
biliklərə malik yeni nəsil prokurorluq əməkdaşlarının formalaşdırılması prosesinin
uğurla həyata keçirilməsi üzrə zəruri tədbirlər görülərək gənc hüquqşünasların prokurorluğa işə qəbulu ilə
bağlı mütəmadi olaraq müsabiqələr keçirilmişdir. Bu istiqamətdə görülən işlər prokurorluğun
inkişafının sürətlənməsində əhəmiyyətli olmaqla, fəaliyyətimizin daha səmərəli qurulmasına
imkan yaratmışdır. Bununla əlaqədar olaraq dövlət başçısı prokurorluq orqanlarına
müasir dünyagörüşlü, bilikli və dövlətçilik ideyalarına sadiq gənc hüquqşünasların
qəbulunun prokurorluğun fəaliyyətinin təkmilləşdirilməsinə təkan verdiyini vurğulamışdır.
Gənclərə hərtərəfli diqqət və qayğının göstərilməsi,
onların sosial-iqtisadi, elmi-mədəni və digər sahələrdə irəli çəkilməsi, potensiallarından
daha geniş istifadə edilməsi ölkədə həyata keçirilən sosialyönümlü dövlət siyasətinin
tərkib hissəsidir.
2002-ci ildən başlayaraq Azərbaycan Respublikasının
Dövlət İmtahan Mərkəzi ilə əlaqəli şəkildə, tam aşkarlıq şəraitində və şəffaf prosedurlar
əsasında, dövlət qurumları, vətəndaş cəmiyyəti təsisatları və beynəlxalq təşkilatlar,
eləcə də kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə prokurorluq
orqanlarına qəbulla bağlı 19 müsabiqə keçirilmişdir. 2018-ci ildə müsabiqə yolu
ilə 85, ümumilikdə isə uğur qazanmış 873 gənc hüquqşünas prokurorluq orqanlarına
qulluğa qəbul edilmişdir ki, onlar da hazırda prokurorluq işçilərinin 67 faizini
təşkil edir. Diqqətəlayiq haldır ki, müsabiqə yolu ilə qulluğa qəbul olunmuş işçilərin
bir çoxu yuxarı təsnifat vəzifələrə irəli çəkilmiş, o cümlədən 22 nəfəri ilk dəfə
olaraq müstəqil rayon, şəhər və ərazi hərbi prokuroru vəzifələrinə təyin edilmişlər.
Ötən illərin təcrübəsi nəzərə alınaraq, müsabiqənin
sənəd qəbulu mərhələsinin sadələşdirilməsi məqsədilə Baş Prokurorluq üzrə 7 sentyabr
2015-ci il tarixli əmrlə "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqənin
keçirilməsi Qaydaları”nda dəyişikliklər edilmişdir.
2019-cu il fevral ayının 18-də prokurorluq
orqanlarına işə qəbul olunmaq istəyən şəxslər üçün 80 vakant ştat vahidi üzrə elan
edilmiş növbəti 20-ci müsabiqə çərçivəsində sənədlərin qəbulu prosesi 2019-cu ilin
avqust ayının 2-də başa çatmışdır. Sənəd
qəbulu mərhələsinin sadələşdirilməsi nəticəsində müsabiqə şərtlərinə cavab verən
301 namizədin (o cümlədən 39 qadın) sənədləri qəbul edilmişdir. Avqust ayının
9-da müsabiqənin ilkin mərhələsi olan test imtahanı, 21-də isə ikinci - yazılı imtahan
mərhələsi keçirilmişdir.
Baş Prokurorluğun Müsabiqə Komissiyası Dövlət
İmtahan Mərkəzi ilə birlikdə imtahanın birinci - test mərhələsinin və komissiya
tərəfindən yazılı mərhələsinin tam aşkarlıq şəraitində, şəffaf üsullarla, obyektiv
prosedurlar əsasında və beynəlxalq tələblərə uyğun keçirilməsi üçün bütün zəruri
tədbirləri təmin etmişdir. Vahid auditoriyada - Bakı İdman Sarayında keçirilən imtahanı
17 dövlət qurumunun, qeyri-hökumət və beynəlxalq təşkilatın, həmçinin 8 kütləvi
informasiya vasitəsinin nümayəndələri müşahidə etmişlər.
İndiyədək ictimai köməkçi qismində fəaliyyət
göstərməsi ilə bağlı 145 tələbənin müraciəti qeydiyyata alınmış və onlardan 100
nəfəri prokurorluğun müvafiq struktur qurumlarında fəaliyyətə qəbul olunmuşdur.
Müraciət etmiş gənclərin əksəriyyəti Azərbaycan Respublikasında fəaliyyət göstərən
ali təhsil müəssisələrinin, bir qismi isə xarici dövlətlərin ali təhsil müəssisələrinin
tələbəsidir.
Müraciətlərə
baxılması və vətəndaşların qəbulu işinə diqqət və qayğı daha da artırılmışdır
Prokurorluq orqanlarında müraciətlərə baxılması
və vətəndaşların qəbuluna xüsusi qayğı göstərilməklə, daxil olan hər bir ərizə və
şikayətlərə diqqətlə yanaşılır. Bu da ölkədə dövlət başçısı tərəfindən uğurla həyata
keçirilən siyasətin tələblərindən irəli gəlir. Müraciətlərə baxılması və vətəndaşların
qəbulunun təşkili və həyata keçirilməsi üzrə fəaliyyət ölkə Prezidentinin rəhbər
göstəriş və tövsiyələrinə uyğun olaraq qurulmaqla, "Vətəndaşların müraciətləri haqqında”
Azərbaycan Respublikası Qanununun, digər qanunvericiliyin tələblərinə tam və dəqiq
əməl edilməklə aparılır.
Həmin sahədə fəaliyyətin təkmilləşdirilməsinə,
aşkarlığın və operativliyin artırılmasına önəmli əhəmiyyət verilərək bu məsələlər
daim diqqət mərkəzində saxlanılmaqla, Azərbaycan Respublikasının Baş Prokurorluğunda
prokurorluğun fəaliyyət istiqamətləri üzrə vətəndaşların müraciətlərinin qəbulu
və qeydə alınması işinin daha səmərəli həyata keçirilməsinin təmin olunması məqsədilə
"Çağrı Mərkəzi”nin yaradılması prosesi yekunlaşdırılaraq qısa müddətdə fəaliyyətə
başlaması nəzərdə tutulmuşdur. "Çağrı Mərkəzi” həftənin bütün günləri 24 saat ərzində
fasiləsiz fəaliyyət göstərməklə vətəndaşlara şəhərlərarası, respublikadaxili və
mobil telefonlar vasitəsilə ödənişsiz zəng etmək imkanı yaradaraq, daxil olan hər
bir müraciətin və zənglər zamanı aparılan telefon danışıqlarının səs yazılarının
xüsusi proqram vasitəsilə qeydə alınması, hər bir daxil olmuş müraciət üzrə yoxlama
aparılmaqla zəruri tədbirlərin görülməsi təmin ediləcəkdir.
Baş Prokurorluqda son bir il ərzində
1489 vətəndaşın qəbulu həyata keçirilmiş, o cümlədən 213 nəfər Baş Prokurorluğun
rəhbərliyi tərəfindən qəbul edilmişdir. Eyni zamanda, ölkənin müxtəlif bölgələrində
Baş Prokurorluğun rəhbərliyi tərəfindən mütəmadi olaraq əhalinin səyyar qəbulu keçirilməklə
vətəndaşların qaldırdıqları məsələlərin yerində həll edilməsi və əsaslı müraciətlərin
təmin olunması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilmişdir. Bu istiqamətdə
görülən tədbirlər müntəzəm xarakterli olmaqla, cari ilin ötən doqquz ayı ərzində
bölgələrdə Baş Prokurorluğun rəhbərliyi tərəfindən keçirilmiş on səkkiz səyyar qəbul
zamanı 300 vətəndaş qəbul edilmiş, onlardan daxil olmuş 261 müraciətdən 251-i prokurorluğun
icraatına qəbul edilmiş, 10-u isə baxılması üçün aidiyyəti dövlət orqanlarına göndərilmişdir.
Həmin qəbullar zamanı vətəndaşlardan daxil olmuş müraciətlərin hərtərəfli araşdırılması
və qısa müddətdə qanuni həlli üçün zəruri tədbirlərin görülməsi təmin edilmişdir.
Bir sözlə, prokurorluq işçiləri Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu sosialyönümlü dövlət siyasətini
tam dəstəkləyərək, bundan sonra da ölkənin davamlı tərəqqisinin təmin edilməsi üçün
həyata keçirilən hərtərəfli islahatlar konsepsiyasının reallaşdırılmasına, məhkəmə-hüquq
islahatlarının dərinləşdirilməsinə, ölkənin hüquq sisteminin möhkəmləndirilməsinə
və hüquqi dövlət quruculuğu prosesinin sürətləndirilməsinə, prokurorluğun fəaliyyətinin
ən yüksək dünya standartları səviyyəsində təkmilləşdirilməsinə çalışaraq, üzərlərinə düşən vəzifələri yüksək məsuliyyət
hissi ilə icra etməklə dövlət müstəqilliyimizin və suverenliyimizin etibarlı müdafiəsinə,
ictimai-siyasi sabitliyin qorunmasına, qanunçuluğun və təhlükəsizliyin möhkəmləndirilməsinə,
insan hüquq və azadlıqlarının təmin edilməsinə xidmət edəcəklər.
Zakir QARALOV,
Azərbaycan
Respublikasının Baş prokuroru, I dərəcəli dövlət ədliyyə müşaviri