Buna ölkəmizin əlverişli investisiya mühiti imkan verir
Azərbaycan-İsveçrə iqtisadi münasibətləri ticarət, investisiya, enerji, sənaye və innovasiya sahələrini əhatə edən fəal tərəfdaşlığa əsaslanır. İkitərəfli əməkdaşlığın genişləndirilməsi məqsədilə bu günlərdə növbəti İsveçrə-Azərbaycan Biznes-Forumu təşkil olunub.
Forum iqtisadiyyat naziri Mikayıl Cabbarovun İsveçrə Konfederasiyasına işgüzar səfəri çərçivəsində keçirilib. Tədbirdə hər iki ölkədən dövlət rəsmiləri ilə yanaşı, enerji, nəqliyyat və logistika, tikinti, maşınqayırma, metallurgiya, qida, turizm, səhiyyə, telekommunikasiya, konsaltinq, maliyyə, kimya, əczaçılıq və s. sahələri təmsil edən şirkətlərin nümayəndələri iştirak ediblər.
Xatırladaq ki, Azərbaycan-İsveçrə I Biznes-Forumu 2011-ci il oktyabrın 27-də Bakıda təşkil olunub və fəaliyyətə başlayıb. Həmin vaxtdan da ölkələrimiz arasında iqtisadi əməkdaşlığın inkişaf dinamikasına müsbət təsir göstərib. Ticarət və qarşılıqlı investisiyalar ikitərəfli iqtisadi əlaqələrin əsas istiqamətlərinə çevrilib.
İndiyədək İsveçrə tərəfindən Azərbaycan iqtisadiyyatına 844 milyon dollardan çox investisiya yatırılıb. Ölkəmizdə tikinti materialları istehsalı sahəsində İsveçrənin "Holcim" şirkəti fəaliyyət göstərir.
Budəfəki forumda çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycanın məhz əlverişli biznes və investisiya mühiti, strateji coğrafi mövqeyi, nəqliyyat-logistika imkanları və Orta dəhliz çərçivəsində artan rolunu vurğulayıb. Ölkəmizdə fəaliyyət göstərən azad iqtisadi və sənaye zonalarının, eləcə də "yaşıl enerji" potensialının investorlar, o cümlədən İsveçrə şirkətləri üçün yeni əməkdaşlıq imkanları yaratdığını qeyd edib.
İsveçrə Konfederasiyasının Ticarət Sazişləri üzrə Federal Şurasının nümayəndəsi, İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin İkitərəfli İqtisadi Əlaqələr İdarəsinin rəhbəri Andrea Rauber Saxer çıxışında Azərbaycan-İsveçrə iqtisadi dialoqunun inkişafı, ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, eləcə də işgüzar dairələr arasında birbaşa təmasların artırılmasının əhəmiyyətini bildirib.
Forum çərçivəsində Dördüncü Sənaye İnqilabı, innovasiya ekosistemləri və investisiya təşviqi sahəsində qlobal trendlər nəzərdən keçirilib, Azərbaycan və İsveçrə şirkətlərinin təqdimatları dinlənilib, investisiya prioritetləri, qlobal bazarlara çıxış imkanları və əməkdaşlıq modelləri ətrafında fikir mübadiləsi aparılıb.
Nazir Mikayıl Cabbarov tədbir barədə belə deyib: "İsveçrə-Azərbaycan Biznes-Forumu iki ölkənin işgüzar dairələrinin səmimi fikir mübadiləsi aparması və yeni əməkdaşlıq imkanlarını dəyərləndirməsi baxımından faydalı oldu. Tədbirdə investisiya və ticarət, enerji, nəqliyyat, rəqəmsal texnologiyalar, innovasiya və turizm sahələrində əməkdaşlığın inkişafı üçün mövcud potensial və səsləndirilən təkliflər nəzərdən keçirildi. Azərbaycanın əlverişli biznes mühiti, strateji coğrafi mövqeyi və regional bağlantıları İsveçrə şirkətləri üçün yeni imkanlar yaradır".
Onu da qeyd edək ki, səfəri zamanı Azərbaycanın iqtisadiyyat nazirini İsveçrə Konfederasiyasının prezidenti, Federal İqtisadi Məsələlər, Təhsil və Tədqiqat Departamentinin rəhbəri Gi Parmelen də qəbul edib.
Söhbət zamanı Azərbaycan-İsveçrə münasibətlərinin gündəliyindəki məsələlər müzakirə olunub. Ölkələrimiz arasında möhkəm ikitərəfli əlaqələrin qarşılıqlı hörmət və etimada əsaslandığı, tərəfdaşlığın qarşıdakı dövrdə daha da inkişaf etdirilməsi üçün geniş imkanların olduğu vurğulanıb. Ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi, Hökumətlərarası Komissiyanın fəaliyyəti çərçivəsində yeni istiqamətlərin müəyyənləşdirilməsi, həmçinin humanitar əlaqələrin daha da gücləndirilməsinin əhəmiyyəti qeyd olunub.
Mikayıl Cabbarovun İsveçrə Konfederasiyasının Ticarət Sazişləri üzrə Federal Şurasının nümayəndəsi, İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin İkitərəfli İqtisadi Əlaqələr İdarəsinin rəhbəri Andrea Rauber Saxer ilə də görüşü olub.
Aparılan fikir mübadiləsi Azərbaycan-İsveçrə iqtisadi tərəfdaşlığının inkişafı üçün prioritet istiqamətlərə yönəldilib. Belə bir inam ifadə olunub ki, iki ölkənin biznes dairələri arasında birbaşa əlaqələrin genişləndirilməsi, qarşılıqlı investisiyaların təşviqi və yeni birgə təşəbbüslərin reallaşdırılması iqtisadi tərəfdaşlığın daha da möhkəmləndirilməsinə öz töhfəsini verəcək.
Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 10-cu iclası da keçirilib. Birgə komissiyanın həmsədrləri Mikayıl Cabbarov və Andrea Rauber Saxerin iştirak etdiyi iclasda Azərbaycan-İsveçrə iqtisadi tərəfdaşlığının inkişafı üçün prioritet istiqamətlər, həmçinin ticarət və investisiya əlaqələrinin mövcud vəziyyəti diqqət mərkəzində olub. Eləcə də İsveçrə Konfederasiyası ilə tərəfdaşlığın ikitərəfli formatda və beynəlxalq maliyyə qurumları çərçivəsində genişləndirilməsi məsələləri müzakirə edilib.
Beləliklə, ölkələrimiz arasında sənaye, enerji, rəqəmsal iqtisadiyyat, innovasiya, kənd təsərrüfatı və turizm sahələrində əməkdaşlığın yeni perspektivlərinin meydana çıxdığı özünü göstərib. Eləcə də Azərbaycanın əlverişli investisiya mühiti, strateji nəqliyyat bağlantıları, "yaşıl enerji" potensialı və rəqəmsal transformasiya istiqamətində həyata keçirilən tədbirlərin xarici tərəfdaşlar üçün yaratdığı imkanlar bir daha gündəmə gəlib. Önəmli məqamlardan biri də odur ki, sözügedən görüş və tədbirlərdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında tətbiq olunan biznes dəstəyi mexanizmləri də diqqətə çatdırılıb.
Flora SADIQLI,
"Azərbaycan"