Azərbaycan yeni dövrə qədəm qoymaqla artıq bütün hədəflərin reallığa çevrildiyini, yeni çağırışlara zərurət duyulduğunu təsdiqlədi. Bu dövrün mühüm hadisəsi prezident seçkiləri oldu. 7 fevral 2024-cü il prezident seçkilərində inamlı qələbə qazanan dövlət başçısı İlham Əliyev həmin ayın 14-də Milli Məclisdə keçirilən andiçmə mərasimində son 20 ilin hesabatını verərək bildirdi ki, bu dövr uğurlarla, qələbələrlə zəngin illər oldu. Çətinliklər də, problemlər də oldu, ancaq Azərbaycan xalqı bir yumruq kimi birləşərək, bunlara baxmayaraq, inkişaf və tərəqqi yolu ilə uğurla gedir.
Təbii ki, hədəflərin bütünlüklə yerinə yetirildiyi bir dövrün təqdimatını etmək qürurvericidir. 2003-cü ildən sonra əsas hədəf torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası, soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışının reallığa çevrilməsi idi. Məhz gücümüzün, qüdrətimizin, ədalətə və beynəlxalq hüquqa söykənən siyasətimizin, birliyimizin sayəsində 30 il işğal altında qalan torpaqlarımızın azad edilməsinə nail olduq. Dövlət başçısı İlham Əliyevin bu günlərdə dərc edilən, lakin bu ilin yanvarında Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu çərçivəsində Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsi də Azərbaycanın keçdiyi inkişaf yolunun təqdimatında zəngin mənbədir. Prezident İlham Əliyev jurnalistin "Ölkəniz çox güclü təməl üzərində dayanıb. Mənə maraqlıdır, bu, təkcə özünüz barədə yox, bu gün olan liderlik haqqında nəyi bildirir" sualına cavabında diqqətə çatdırdı ki, liderlik, əlbəttə ki, böyük bir məsuliyyətdir və ən önəmlisi ondan ibarətdir ki, lider həmişə öz xalqına, öz əhalisinə münasibətdə ədalətli olmalıdır: "Heç vaxt xalqına yalan danışmamalısan və xalq bunu yüksək qiymətləndirəcək. Bəzən müəyyən siyasi səbəblər ucbatından hakimiyyətə can atan liderlər çoxlu vədlər verir və sonra onları yerinə yetirmir və bu da məyusluğa, inamsızlığa gətirib çıxarır. Bu, dünyanın müxtəlif yerlərində siyasi böhrana gətirib çıxarır. Lakin bizə gəldikdə, iyirmi ildən artıq müddət ərzində mən həmişə Azərbaycan xalqına həqiqəti söyləmişəm. Bu həqiqətin müsbət və ya mənfi olmasından asılı olmayaraq. Həmişə xalqıma "biz ədaləti bərpa edəcəyik" söyləmişəm və xalqım da mənə inanıb. 17 il hakimiyyətdə olandan sonra biz, nəhayət, vəd etdiklərimizi yerinə yetirdik və suverenliyimizi, ərazi bütövlüyünü və ləyaqətimizi bərpa etdik. Beləliklə, ictimaiyyətin dəstəyini əldə etmək istəyən liderlərə məsləhətim o olardı ki, həmişə həqiqəti söyləyin və beynəlxalq təzyiqdən, beynəlxalq mediadan asılı olmayaraq, haqqınızda nə dediklərindən, sizi necə adlandırdıqlarından, sizi necə təhqir etmələrindən asılı olmayaraq, ölkəniz üçün doğru olanı edin. Beləliklə, siz özünüz və ölkəniz uğur qazanmış olacaqsınız".
2003-cü ildən Heydər Əliyev siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev dahi şəxsiyyətin yaratdığı möhkəm təməl üzərində Azərbaycana daha möhtəşəm uğurlar, zəfərlər qazandırdı. Bu zəfərlər Azərbaycan tarixinə xüsusi özəlliyi ilə yazılan 7 fevral 2024-cü il tarixdə prezident seçkilərinin keçirilməsini bir zərurətə çevirdi. Müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazisində prezident seçkiləri keçirildi. Dövlət başçısı İlham Əliyev ailə üzvləri ilə birlikdə Xankəndi şəhərində səs verdi. Ölkə Prezidenti andiçmə mərasimində "Bu, tarixi hadisədir və bu tarixi hadisə bizim çoxəsrlik tariximizdə xüsusi yerə malikdir. Bu prezident seçkilərinin əsas əlaməti, xüsusiyyəti və önəmi ondadır ki, müstəqillik dövründə ilk dəfə idi ki, seçkilər ölkəmizin bütün ərazilərində keçirilmişdir. Mən, bildiyiniz kimi, səsvermə prosesində Xankəndidə iştirak etmişdim. Mən Azərbaycanın istənilən yerində səs verə bilərdim, ancaq hesab etdim ki, Xankəndidə səs verməyim daha düzgün olar" söylədi.
Dövlət başçısı İlham Əliyevin prezident seçkilərində inamlı qələbəsindən ötən bir ildə qazanılan uğurların xronologiyasına diqqət yetirəndə qalib Azərbaycanın yeni reallıqlar əsasında müəyyənləşdirdiyi hədəflərə doğru inamla addımladığını görür və bundan böyük qürur hissi keçiririk. Nəzərə alaq ki, hazırkı dövrün əsas çağırışlarından biri azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinin həyata keçirilməsi, Böyük qayıdış proqramının uğurlu icrasıdır. Son bir ilin bu sahədə hansı yeniliklərlə yadda qaldığı göz qabağındadır. Soydaşlarımız mərhələ-mərhələ doğma yurd-yuvalarına qayıdır, bu tarixi anların sevincini yaşayırlar. Cənab İlham Əliyev ötən ilin yanvarında yerli televiziya kanallarına müsahibəsində sakinlərinə qovuşacaq şəhərlərimiz sırasında Şuşa, Xankəndi, Xocalı, Kəlbəcər və Cəbrayıl şəhərlərinin adlarını xüsusi qeyd etmişdi. Ötən il Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümündə Şuşa şəhəri, 28 May - Müstəqillik Günündə Xocalı şəhəri, 4 Oktyabr - Cəbrayıl Şəhəri Günündə Cəbrayıl şəhəri sakinlərinə qovuşdu. Dövlət başçısı bu ilin 7 yanvar tarixində yerli televiziya kanallarına müsahibəsində Böyük qayıdış proqramının uğurlu icrasına diqqəti yönəldərək görülən işlərlə yanaşı, hədəfləri də açıqladı. Bildirdi ki, bu ilin sonuna qədər daha 20-yə yaxın yaşayış məntəqəsinə keçmiş məcburi köçkünlər qayıdacaq. O şəhər və kəndlərin adları artıq seçilib, layihələr icra edilir.
2024-cü il seçki ili kimi xarakterizə olunur. Belə ki, sentyabrın 1-də bütün ölkə ərazisində parlament seçkiləri keçirildi. Həmin seçkilərdə ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan, cəmiyyətin avanqard qüvvəsinə çevrilən Yeni Azərbaycan Partiyası tarixinə növbəti qələbə səhifəsini yazdı. Xalqın böyük əksəriyyətinin partiyanın namizədlərinə dəstəyi, səsvermə prosesinin yüksək fəallıq şəraitində keçməsi YAP-ın sözlə əməl birliyinin, tutduğu yola sadiqliyinin, yeni-yeni hədəflərə doğru inamla addımlayaraq, Azərbaycanın hərtərəfli inkişafına böyük töhfələr verməsinin nümayişi oldu. "Yeni dövrə yeni Azərbaycanla!" şüarı ilə seçkilərə qatılan Yeni Azərbaycan Partiyasının ölkədə keçirilən seçki proseslərinə dövrün çağırışlarına uyğun devizlə qatılması özündə mühüm məqamları ehtiva edir. 7 fevral prezident seçkilərində "Qalib xalqın qalib lideri!" çağırışını edən Yeni Azərbaycan Partiyası 1 sentyabr parlament seçkilərində "Yeni dövrə yeni Azərbaycanla!" dedi.
Son bir il özündə iqtisadi, siyasi, diplomatik, humanitar, hərbi və digər sahələrdə sadalamaqla bitməyən, genişmiqyaslı uğurları birləşdirir. Bu uğurların məcmusu belə təsəvvür yaradır ki, sanki böyük bir dövrün xronologiyasını təqdim edirik. Prezident İlham Əliyevin sərəncamı ilə 2024-cü il ölkəmizdə "Yaşıl dünya naminə həmrəylik ili" elan edildi. Azərbaycanın iqlim dəyişmələrinin yaratdığı problemlərin həllinə verdiyi töhfələrə beynəlxalq dəstək mötəbər COP29 iqlim konfransının ölkəmizdə keçirilməsi barədə qərarın qəbul edilməsini şərtləndirdi. Ölkəmizin beynəlxalq tədbirlərə evsahibliyi təcrübəsi COP29-u da yüksək səviyyədə təşkil etməsinə geniş imkanlar açdı. Bu mötəbər tədbiri böyük uğur adlandıran dövlət başçısı İlham Əliyev bildirdi ki, bizim üçün daha bir mühüm amil ölkənin təqdimatı idi. Regionda hələ buna bənzər, bu qədər qonağın iştirak etdiyi ikinci belə tədbir keçirilməyib. Bu, ölkənin təqdimatı idi. Görüşdüyümüz və ölkəmizə ilk dəfə səfər edənlərin hamısı gördüklərinin onlarda dərin təəssürat yaratdığını söyləyirdilər. Çünki Azərbaycan haqqında məlumat qıtlığı, məqsədyönlü dezinformasiya bir çoxunun fikirlərinə təsir edir və onlar Azərbaycana gəlib fəal cəmiyyət, savadlı insanlar, peşəkar personal, şəhərin gözəlliyi və cəmiyyətdə ümumi rahatlığı gördükdə, bu, əlbəttə ki, fərqli təəssürat yaradır.
COP29-un nəticələri bu gün də ölkə və dünya mətbuatında müzakirə olunmaqdadır. Bakı nailiyyəti çoxtərəfliliyin təntənəsi kimi dəyərləndirilir. 200-ə yaxın ölkədən 76 min qeydiyyatdan keçmiş iştirakçının, 80 dövlət və hökumət başçısının tədbirə qatılması Azərbaycanın beynəlxalq nüfuzunun təqdimatı idi. Bu reallıq daim etiraf olunur ki, zəfərimiz, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunması digər sahələr kimi, xarici siyasətdə də mühüm uğurlara geniş imkanlar açdı. Azərbaycanın müxtəlif dövlətlərlə ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrinin coğrafiyası daha da genişləndi.
Dövlət başçısı İlham Əliyevin sərəncamı ilə hər bir ilin müəyyən bir sahə, yaxud əlamətdar tarixlə əlaqələndirilməsi il ərzində mühüm uğurlara stimul verir. Bu baxımdan 2025-ci il ölkə Prezidentinin sərəncamı ilə Azərbaycanda "Konstitusiya və Suverenlik İli" elan edildi. Sənəddə də qeyd olunduğu kimi, bu gün Azərbaycan xalqımızın milli maraqlarını rəhbər tutaraq, yeni reallıqlar şəraitində müstəqil siyasətini daha cəsarətlə, prinsipiallıqla davam etdirir, Konstitusiyanın tələblərinə, öz suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir. Konstitusiyamızın bəyan etdiyi niyyətlərdən biri kimi ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğunu, 2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünü nəzərə alaraq imzalanan bu sərəncam Azərbaycanın hüquqi, demokratik, sivil dövlət olaraq atdığı addımların, qazandığı təcrübənin təbliğində əhəmiyyətli rol oynayacaq.
Qısa təhlil belə bir ümumiləşdirməyə əsas verir ki, Azərbaycanın hərtərəfli inkişafı üçün möhkəm təməl mövcuddur. Ümummilli Lider Heydər Əliyevin düşünülmüş və gələcəyə xidmət edən siyasəti, cənab İlham Əliyevin son 21 ildə bu xətti uğurla davam etdirməsi müasir müstəqil, qalib, yeni Azərbaycanı daha da gücləndirir, onun beynəlxalq nüfuzunu artırır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, dünya xəritəsində nisbətən yeni olan Azərbaycanın öz milli maraqlarını müdafiə edən və bütün dünyada yaxşı əlaqələr quran ölkə kimi nümunəsi onu göstərir ki, cəmiyyətdə sabitlik, birlik varsa, öz maraqlarınızı müdafiə edə bilərsiniz.
Bu gün tarixi Zəfərimizin, suverenliyimizin yaratdığı reallıqları yaşayırıq. Bu reallıqlardan biri tarixi Zəfərimizdən dərhal sonra Azərbaycanın regionda dayanıqlı sülhə, təhlükəsizliyə nail olmaq üçün Ermənistana sülh müqaviləsinin imzalanmasını təklif etməsidir. O zamandan 4 ildən çox vaxt keçməsinə baxmayaraq, Ermənistan hələ də havadarlarının göstərişinə uyğun olaraq addımlar atmaqla sülh müqaviləsinin imzalanması prosesinin uzanmasına səbəb olur. Dövlət başçısı İlham Əliyevin ötən il andiçmə mərasimində qeyd etdiyi kimi, biz öz məsələmizi həll etmişik. Ermənistanla sülh müqaviləsinin imzalanmasının da təşəbbüskarı biz olmuşuq. Beş məlum prinsipin də müəllifi biz olmuşuq. Sülh müqaviləsinin mətnini də biz yazmışıq, Ermənistan tərəfinə göndərmişik. İndi Ermənistan beynəlxalq hüququn normalarına riayət etmək istəyirsə, bu müqavilə imzalanacaq. İstəmirsə, yenə də bizə qarşı əsassız iddialar irəli sürüləcəksə, bu müqavilə imzalanmayacaq, ancaq Azərbaycan üçün heç nə dəyişməyəcək.
Onu da qeyd edək ki, ötən ilin qürurverici, əlamətdar hadisələrindən biri Qazax rayonunun 4 kəndinin işğaldan azad edilməsi oldu. Bu mühüm hadisə Azərbaycanın növbəti diplomatik uğuru idi. Tarixi Zəfərimiz, suverenliyimizin tam bərpa edilməsi zəfərlərimizin davamlılığını təmin edir. Azərbaycan hər zaman ədalətin və beynəlxalq hüququn yanındadır. Bu prinsiplər qarşıya qoyulan hər bir hədəfə zamanında nail olmağa stimul verir. Artıq ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa edilib. Azad edilmiş bütün torpaqlarımızda Azərbaycan bayrağı dalğalanır. Qarabağımız və Şərqi Zəngəzurumuz dirçəlir, cənnətməkana çevrilir. Böyük qayıdış proqramının uğurlu icrası nəticəsində soydaşlarımız mərhələ-mərhələ doğma yurdlarına qayıdırlar. Növbəti missiya Qərbi Azərbaycana qayıdışdır. Xalqımız tam əmindir ki, dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev tezliklə bu müjdəni də çatdıracaq: Biz Qərbi Azərbaycana qayıtdıq.
Vüqar RƏHİMZADƏ,
Milli Məclisin deputatı