Qədim zamanlardan başlayaraq bu gün də fəal şəkildə davam etməkdə olan zəngin ozan-aşıq sənətində yazın, baharın, Novruzun tərənnümü mühüm rol oynayır. Aşıqlar ya bütövlükdə şeirini yaza, bahara həsr edir, ya da ayrı-ayrı şeirlərinin bəndlərində, misralarında ilin təbiəti canlandıran, yeniləşdirən fəslini xatırladır. Sırf baharın - Novruzun təsvir-tərənnümünə həsr olunan şeirlər "Novruznamə" adlanır. El şairlərimizin və aşıqlarımızın əsərlərində bu mövzu daha çox öz əksini tapıb.
XVI əsrin qüdrətli sənətkarı Qurbaninin, ustadnamələr və təcnislər müəllifi Xəstə Qasımın, şeirlərində "Qul", "Şikəstə", "Bikəs" təxəllüsü ilə daha çox tanınan Abbas Tufarqanlının, Qaracaoğlanın, el şairi Yəhya bəy Dilqəmin əsərlərində yaz, bahar mövzusu xüsusi yer tutur. Dilqəmin əsərlərində dövrdən, zəmanədən, vəfasızlıqdan şikayət motivi üstünlük təşkil edir. "Dilqəmi" saz havası onun adına bağlıdır. Şairin nikbin ruhlu şeirləri də çoxdur. Bunu baharın tərənnümünə həsr olunmuş "Dağlar" rədifli qoşmasından da görmək olar:
Zinəti nərgizlərdən, tər bənövşədən,
Al yaşıl geyinib şad olan dağlar.
Ruhu təzələyir gülab suları,
Dəhanlarda şirin dad olan dağlar.
Qərənfil, şəqayiq, lalə təzə-tər.
Baharın gülləri onu al bəzər.
Qara gəlsin süsən, sünbül sərbəsər,
Bülbülü güllərdən yad olan dağlar.
Bundan başqa, Aşıq Alının gəraylı və qoşmalarında, şəmkirli Aşıq Hüseynin, Aşıq Musanın Novruza, baharın gəlişinə həsr olunmuş xeyli seçmə əsərləri vardır. Azərbaycan aşıq-şeir sənətinin zirvəsini fəth etmiş ustad sənətkar Aşıq Ələsgərin əsərləri arasında bu mövzu ilə bağlı örnəklər qədərincədir:
Könlüm qaranquş tək uçub qoynuna,
Gəzir hər yamacı, hər yanı, yaylaq!
Ruhum təzələnir, məst olur ürək,
Görəndə bu çağı, bu halı, yaylaq!
Kəkötü, qırxbuğum, qaymaqçiçəyi,
Bənövşə, qantəpər, qızlar örpəyi,
Qoyun mələşməsi, çoban tütəyi,
Çəkir uzaqlara xəyalı, yaylaq!
Aşıq Musanın "Kəklik" rədifli şeiri də el arasında xüsusilə sevilir:
Baharın gülşən çağında,
Nə oxursan, sona kəklik.
Oxudun, gəldin xoşuma,
Yaşayasan sən, a kəklik.
Kəklik məskən salıb daşa,
Sürmə çəkib gözə, qaşa,
Bu dövranın getməz başa,
Ovçu gəldi, sin, a kəklik.
Təbiətin nadir ətirli çiçəyi bənövşə çox şairin ilham mənbəyi olmuşdur. Aşıq Şəmşir də bu boynu bükük çiçəyi öz şeirinin mövzusuna çevirmişdir:
Bahar çatıb bəzəyirmi dağları,
Açılırmı sizin yerdə bənövşə?
Qımışırmı dodaqları nərgizin,
Təzə-tərmi güneylərdə bənövşə?
Aşıq Qurbanidən qalıb nişana,
Torpaqdı bizə də, ona da ana,
Boynunu pərişan əyməsin yana,
Salmasın qəlbini dərdə bənövşə.
Aşıq Şakir 1922-ci ildə Ağsu rayonunun Xəlilli kəndində anadan olmuşdur. Hələ məktəb illərində el sənətinə maraq göstərmişdir. Orta məktəbi bitirdikdən sonra iki il Göyçayda Aşıq Mürsələ şəyirdlik etmiş, özü ustad aşıq kimi formalaşmışdır. El şənliklərində məlahətli səsi ilə sevilən Aşıq Şakir həyatın nəbzini duyan, ona söz qoşan sənətkar olmuşdur. Onun şeirləri arasında bahar təravətli nümunələr daha çoxdur:
Bahar gülür, günəş gülür, el gülür,
Nazlı dilbər, dövran gülür, sən də gül.
Çəmən gülür, çiçək gülür, çöl gülür,
Lalə, nərgiz, reyhan gülür, sən də gül.
Ötür azadlığın xoş təranəsi;
Hər budaq üstündə bir quşun səsi
Baxdıqca insanın gəlir həvəsi
Cüyür, maral, ceyran gülür, sən də gül.
Gülşəndə şövq ilə ötür bülbüllər.
Çəməndə gül dərir türfə gözəllər,
Toy-bayram keçirir obalar, ellər.
Qoca gülür, cavan gülür, sən də gül.
Aşıq poeziyası və aşıq sənəti Azərbaycan xalqının bədii təfəkkürünün parlaq və zəngin sahəsidir. Ədəbiyyat və incəsənət xəzinəmizin qiymətli incilərindən olan bu sənət mahiyyəti etibarilə həmişə xalq həyatı, onun mübarizəsi və mənəviyyatı ilə bağlı olmuşdur.
İradə ƏLİYEVA,
"Azərbaycan"