14 Aprel 2026 09:45
160
Mədəniyyət
A- A+
Aktyorluq üçün doğulmuşdu

Aktyorluq üçün doğulmuşdu


Onu Azərbaycan teatrsevərləri Sidqi Ruhulla kimi tanıyır. Əgər aktyorluq sənətini seçməsəydi, ömrünü Ruhulla Axundov kimi yaşayacaqdı... 

140 il öncə - 1886-cı il aprelin 9-da Bakı qəzasının Buzovna kəndində dünyaya gəlib. Atası Molla Fətulla Axundov müəllimlik edirdi. Onun elmə, poeziyaya böyük marağı Ruhullanın dünyagörüşünün formalaşmasında müstəsna rol oynayıb. Uşaqlıq çağlarından atasının vurğunluqla oxuduğu klassik Azərbaycan poeziya nümunələri onun yaddaşına həkk olunub. Molla Fətulla çox böyük həvəslə həmin şeirləri oğluna izah etməkdən yorulmayıb.

İllər sonra Ruhulla aktyor, rejissor olub. Ancaq atasının ona seçdiyi sənət başqa idi. Tacir olmalıydı. Molla Fətulla bunun üçün 1903-cü ildə Ruhullanı Bakıda tacir dükanına şagird verib. Ancaq özü oğlunun qəlbində, düşüncələrində elə bir işıq yandırmışdı ki, Ruhulla onun ziyasından uzaqlaşa bilməyib. Odur ki, ticarət işlərinə zərrəcə həvəs göstərməyib. Dükana vaxtlı-vaxtında getməyib, ona ticarətçi olmağı öyrədən tacirin sözlərinə qulaq asmayıb. Kənd müəllimindən ibtidai təhsil almış Ruhulla daha çox oxumaq, öyrənmək istəyib. Bu istək onu başqa bir mühitə çəkib. Ruhulla savadlı gənclərlə yoldaşlıq edib. Dövrün maarifçi və inqilabi ovqatı həmin gəncləri də öz təsirinə salmışdı.

1904-cü ildə atası vəfat edib. Dostları Ruhullaya atasından qalmış ev əşyalarını satmağı, topladığı pulla təhsil almaq üçün Moskvaya getməyi məsləhət görüblər. Onların dediyi kimi edib. Amma Moskvada təhsilini başa vurmaq arzusu ürəyində qalıb. Qohumlarından umduğu maddi köməyi ala bilməyib. Ruhulla təhsilini yarımçıq qoyaraq Moskvadan Bakıya qayıtmalı olub. 

Atası kimi qohumları da onun tacir olmasını istəyiblər. Ruhullanı inandırmağa çalışıblar ki, ticarətlə məşğul olsa, maddi cəhətdən çətinliyi olmayacaq, rahat gün-güzəran keçirəcək. Ancaq Bakının inqilab havası bu azad ruhlu gənci daha çox cəlb edib. Ruhulla da 1905-1906-cı illərdə keçirilən tətillərdə iştirak edib. 

O, nə arzuladığı təhsili ala bilib, nə də qohumlarının tövsiyəsinə əməl edib tacir olub. 1906-cı ildə istedadlı aktyor Hüseyn Ərəblinski ilə tanışlığı Ruhulla Axundovun həyatında yeni bir səhifə açıb. İlk dəfə "Vəziri xani Lənkəran" tamaşasında Teymur ağa rolunda gördüyü aktyorun ifasına duyduğu heyranlığı qəlbini heç zaman tərk etməyib. Sonralar bu barədə yazıb: "Mən hələ teatr nədir, aktyor nəyə deyərlər bilməzdim. Birinci dəfə məni yoldaşlarımdan biri "Tağıyev teatrı"na apardı. Həmin axşam Mirzə Fətəli Axundovun "Vəzirixani-Sərab" əsəri oynanılacaq idi. Teatrın balkonunda oturub tamaşanın başlanmasını gözləyirdik. Zəng vuruldu. İşıqlar söndü. Birdən divarın bir tərəfi yuxarı qalxış məni təəccübə saldı. Aktyorlardan bir neçəsi oynadıqdan sonra yenə divar aşağı endi. İkinci pərdə başlandı. Bir nəfər oğlan səhnəyə gəldi. Həmin oğlanın oynamağı başqalarından seçilirdi. Bu oğlan Teymur Ağanın rolunu oynayırdı. Onun cəld hərəkətləri, çevikliyi, danışığı məni özünə cəlb etdi. Pərdə endikdən sonra mən yanımdakı yoldaşımdan həmin oğlanın niyə o birilərindən yaxşı oynadığını soruşdum. Yoldaşım "o oğlan əsl artistdir" deyə məni başa saldı, "artist" sözü məndə bir maraq oyatdı. Çünki mən hələ kiçik vaxtımda Buzovna kəndində olarkən şəbih çıxaran şair Saqib mənə: "Sən artistsən" demişdi və mənim də xəyalımdan keçdi ki, "Görəsən, mən də elə artist olarammı?"

O, XX yüzilliyin əvvəlində - teatr aləminə Azərbaycanda aktyorluq sənətini seçənlərin qınandığı, təhdid və təzyiqlərlə üzləşdikləri bir zamanda qədəm qoyub. Belə çətin vaxtlarda teatr səhnəsində qadın rollarını ifa etmək də çox zaman kişi aktyorların öhdəsinə düşürdü. Ruhullanın da ilk rolu Balaxanı dram dərnəyində Hüseyn Ərəblinskinin quruluşunda səhnələşdirilən Nəcəf bəy Vəzirovun "Adı var, özü yox" komediyasında Telli rolu olub. Qeyd edək ki, tamaşanın keçirildiyi tarix bəzi mənbələrdə 1908-ci il dekabr ayının 21-i, bəzilərində isə 1906-cı il yazılıb. Tamaşada dövrün tanınmış aktyorlarından - Əhməd Qəmərlinski, Yusif Ağayev, Xəlil Hüseynov, Yunis Nərimanov, Rza bəy Məlikov və başqaları çıxış ediblər.

Bir müddət Bakının müxtəlif rayonlarında, arabir şəhərdə göstərilən tamaşalarda iştirak edib. Elə ilk, kiçik rolları ilə istedadlı aktyor olduğunu göstərib. Səhnə fəaliyyətinə böyük həvəslə davam edib. O illər teatr sənətinə gələn gənc aktyorların əksəriyyəti üçün Hüseyn Ərəblinski böyük məktəb idi. Ona oxşamaq, Ərəblinski kimi böyük sənətkar olmaq istəyirdilər. Ruhulla Axundov da bir müddət "Sidqi Axundov", "S.Axundov", "A.Sidqi", sonralar "Sidqi Ərəbli", "Ərəbli", "Ruhulla Ərəbli", "Ərəbski" kimi adlarla çıxış edib. Azərbaycanda və Tiflisdə, Volqaboyu şəhərlərdə tanınandan sonra Sidqi Ruhulla kimi çıxış etməyə başlayıb.

1909-cu il aprelin 3-də Hüseyn Ərəblinskinin quruluşunda Bakıda "Dənizçilər klubu"nda nümayiş edilən "Müsibəti Fəxrəddin" faciəsində oynadığı Rüstəm bəy Sidqi Ruhullanın ən uğurlu rollarından olub. Tamaşadan sonra Əbdürrəhim bəy Haqverdiyev, Nəcəf bəy Vəzirov, Həsən bəy Zərdabi və başqalarının təbrikini böyük həyacanla, qürurla dinləyib. Sonralar o, "Bəxtsiz cavan"da Musa, "Nadir şah"da Təhmas, "Yəhudilər"də Berezin, "Zorən təbib"də Qətran bəy, "Nadir şah"da Nadir şah, "Müsibəti Fəxrəddin"də Fəxrəddin  və başqa rolları uğurla ifa edib.

Sidqi Ruhulla yalnız öz məmləkətində deyil, digər yerlərdə də aktyor kimi tanınıb. Moskva, Sankt-Peterburq, Təbriz, Tehran, Rəşt, Qəzvin, İsfahan, Şiraz, Səmərqənd, Buxara, Aşqabad, Xarkov, Kiyev, Tiflis, Krasnovodsk, Dərbənd, Mahaçqala, Vladiqafqaz, Qroznı, Ufa, Sərab, Ərdəbil, Ənzəli, Kazan, Batumi, Odessa, Rostov, Suxumi, Yalta, Sevastopol, Soçi və başqa şəhərlərdə çıxışları alqışlarla qarşılanıb.

İstedadı kinorejissorların da diqqətindən tamamilə kənarda qalmayıb. Ancaq ona bir neçə filmdə kiçik və ikinci dərəcəli rollar yaratmaq müyəssər olub. Sidqi Ruhulla "Bismillah", "Gilan qızı", "Hacı Qara", "Qızıl kol", "Kəndlilər", "Fətəli xan" filmlərində çəkilib.

Böyük sənətkar müxtəlif illərdə Azərbaycan SSR-in Əməkdar artisti, Azərbaycan SSR-in Xalq artisti, SSRİ Xalq artisti fəxri adlarına, "Stalin" mükafatına, "Lenin" və iki dəfə "Qırmızı əmək bayrağı" ordenlərinə, "Əmək igidliyinə görə" və "Qafqazın müdafiəsinə görə" medallarına layiq görülüb.

Sidqi Ruhulla 1959-cu il mayın 5-də dünyasını dəyişib. Mayın 6-da Akademik Milli Dram Teatrında sənətkarla vida mərasimi təşkil olunub. Böyük aktyor Fəxri xiyabanda dəfn edilib.

O, keçdiyi çətin və keşməkeşli yola baxmayaraq, Azərbaycan teatrının formalaşmasında və inkişafında mühüm rol oynayıb. Uzun illər teatr sənətinə, səhnəyə sədaqətlə xidmət etmiş sənətkarlardan biri kimi yadda qalıb. Yaratdığı bir-birindən maraqlı, fərqli rollarla tamaşaçıların rəğbətini qazanmış aktyor bu gün də zəngin sənət irsi ilə xatırlanır, ehtiramla yad edilir.


Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xəzər dənizində növbəti zəlzələ olub – YENİLƏNİB

11:14
14 Aprel

Azərbaycandan Ermənistana dizel yanacağı və gübrədaşıyan növbəti qatar yola salınıb

11:10
14 Aprel

Orta Dəhlizlə konteyner daşımalarının həcmində 34 faizlik artım

11:02
14 Aprel

Azərbaycanda qadın sahibkarların payı 3 faizdən 23 faizə yüksəlib  

10:53
14 Aprel

Akademik Zərifə Əliyevanın oftalmologiyanın inkişafına verdiyi töhfələr hər zaman öz aktuallığını saxlayır  

10:50
14 Aprel

Dünya bazarında qızıl 16 dollar bahalaşıb

10:49
14 Aprel

Dünya birjalarında neft ucuzlaşıb

10:39
14 Aprel

Nazir Məcnun Məmmədovun Zəngilanda keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişdirilib

10:33
14 Aprel

Bahar Muradova: Qadın sahibkarların regional inkişaf proseslərində iştirakı əhəmiyyətlidir  

10:31
14 Aprel

Akademik Zərifə Əliyeva həyatını elmə və xeyirxahlığa həsr etmişdi

10:25
14 Aprel

Azərbaycan nefti 125 dollardan baha satılır

10:06
14 Aprel

Bakıda AQEM məkanında qadınların rolunun gücləndirilməsinə həsr olunmuş beynəlxalq konfrans keçirilir  

10:05
14 Aprel

Süni intellekt 800-ə yaxın peşəni təhdid edir

09:50
14 Aprel

Vens: İranda məqsədlərimizə çatdığımız bir mərhələdəyik

09:46
14 Aprel

Aktyorluq üçün doğulmuşdu

09:45
14 Aprel

Ümumdünya Səhiyyə Təşkilatı COVID-19-un yeni “Cicada” ştamını izləyir

09:44
14 Aprel

Ən nəzakətli ölkələrin reytinqi açıqlanıb: Yaponiya liderdir  

09:42
14 Aprel

Kiçik səhnədən böyük sənətə

09:40
14 Aprel

Müəllimlər müəllimi

09:35
14 Aprel

Xəzərdə baş verən zəlzələ təhlükəli deyil

09:30
14 Aprel

Yeni həyat bəxş edənlər

09:25
14 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!