23 İyul 2026 08:40
156
CƏMİYYƏT
A- A+
Ağ günlərin şəhəri - Ağdam 

Ağ günlərin şəhəri - Ağdam 


23 iyul artıq Azərbaycanın sarsılmaz iradəsinin, qələbəsinin və Böyük qayıdışın parlaq səhifəsidir


Bu gün qəlbimizdə misli görünməmiş bir iftixar hissi ilə baxışlarımızı Qarabağın ürəyinə dikib bütün dünyaya fəxrlə bəyan edirik ki, düşmənin 30 il boyu xarabazarlığa çevirdiyi, "ruhlar şəhəri" adlandırılan viranə yurdun yerində indi zəfərimizin, milli qürurumuzun və yenilməz iradəmizin abidəsi - yepyeni bir Ağdam ucalır. 

Bir vaxtlar xalqımızın sinəsində göynəyən bir dağ olan bu müqəddəs torpaq, indi Böyük qayıdışın və dirçəlişin canlı rəmzinə çevrilib. Ötən il martın 27-də Prezident İlham Əliyevin Ağdamın Sarıcalı kəndində sakinlərlə görüşərək "elə bir şəhər quracağıq ki, bütün dünya bizə həsəd aparacaq" kəlamını bəyan etməsi, eləcə də dekabrın 24-də öz doğum günündə Ağdama köçən ilk sakinlərə evlərinin açarlarını böyük qürur hissi ilə təqdim etməsi bu gün yaşadığımız sonsuz iftixar hissinin ən bariz təzahürüdür.


Birqərinəlik həsrət bitib


Ağdamlıların doğma ocaqlarına qayıdışı milli yaddaşımıza həkk olunan ən kövrək və qürurverici məqamlardandır. Cəmi bir neçə il ərzində xalqımızın böyük həvəs və sevgi ilə əl-ələ verərək ərsəyə gətirdiyi bu möcüzə sübut edir ki, biz təkcə şəhərlərimizi bərpa etmirik, biz tariximizi, qürurumuzu və gələcəyimizi təzədən inşa edirik. Lakin Ağdamın bu şanlı zəfər yüksəkliyinə və ağ günlərə hansı çətinliklərdən, necə bir dəhşətli tarixi sınaqdan keçərək gəldiyini xatırlamaq da hər birimizin mənəvi borcudur.

Biz bu günün təntənəsinə bir zamanlar "Qafqazın Xirosiması"na çevrilmiş, yerlə yeksan edilərək "ruhlar şəhəri" adlandırılmış bir xarabazarlığın içindən keçərək çatdıq. Birinci Qarabağ müharibəsində minlərlə şəhid verən, düşmən tərəfindən yalnız hərbi məqsədlər üçün uçuq divarları saxlanılan Cümə məscidindən başqa tək bir salamat binası belə qalmayan Ağdam başdan-başa mina tarlasına çevrilmişdi. Məzarlıqları yerlə-yeksan edilən, hər əmlakı talan olunan bu şəhərdə düşmən xalqımızın qayıdış ümidini öldürmək istəyirdi. 23 iyul uzun illər boyunca yaddaşlarımıza işğalın və həsrətin acı tarixi kimi həkk olunmuşdu...

1993-cü ilin iyulunda Ağdamın işğalı ilə insanların taleyi bir anın içində alt-üst edildi. İsti yay günündə doğma ev-eşiyindən, ata-baba ocağından yalnız əynindəki paltarla çıxmaq məcburiyyətində qalan ağdamlılar üçün uzun və ağrılı bir köçkünlük həyatı başladı. Bir vaxtlar zənginliyi, bərəkəti və qonaqsevərliyi ilə seçilən Ağdamın sakinləri öz torpağında, öz elində məcburi köçkünə çevrildilər.

Köçkünlüyün ilk illəri sözün əsl mənasında yaşamaq uğrunda mübarizə idi. Doğma yurdlarından didərgin düşən ağdamlılar ölkənin müxtəlif bölgələrində - çadır şəhərciklərində, qaranlıq vaqonlarda, istismara yararsız yataqxanalarda və yarımçıq tikililərdə məskunlaşmalı oldular. Yayda bürkülü və tozlu, qışda isə soyuq və palçıqlı çadırlarda keçən günlər ağdamlıların dözümünü sınağa çəkirdi. Lakin məcburi köçkünlük dövrünün ən ağır yükü maddi çətinliklərdən daha çox ruhi və mənəvi acılar idi. Hər bir ağdamlı ailəsi Birinci Qarabağ müharibəsində verdiyimiz minlərlə şəhidin kədərini qəlbində daşıyır, eyni zamanda işğalda qalan, təhqir olunan məzarlıqlarının, dağıdılan ocaqlarının həsrətini çəkirdi. Ağdam Cümə məscidinin minarəsindən ucalan azan səsini, İmarət kompleksinin ruhunu, bağ-bağçaların ətrini yalnız xatirələrdə yaşatmaq məcburiyyətində qalmaq bu məğrur elin insanları üçün ən böyük mənəvi işgəncə idi. Yeni doğulan uşaqlar Ağdamı yalnız valideynlərinin kövrək hekayələrindən tanıya bilirdilər.

Bütün bu dözülməz sınaqlara, itkilərə və çətinliklərə baxmayaraq, ağdamlılar öz bükülməz ruhlarını, zəhmətkeşliklərini itirmədilər. Dövlətin qayğısı və xalqımızın həmrəyliyi ilə çadır şəhərcikləri ləğv edildi, köçkünlər üçün yeni qəsəbələr salındı, ağdamlıların da məişət şəraiti yaxşılaşdırıldı. Amma onların qəlbində bir gün doğma Ağdama başıuca və məğrur şəkildə qayıdacaqları ümidi sönmədi. 

Və bu tükənməz ümid bütün məcburi köçkünlər kimi, ağdamlıları da Zəfər zirvəsinə yetirdi.  


Qarabağın ilk təməl daşı Ağdamda qoyuldu


2020-ci ilin Şuşa Zəfərindən sonra Kəlbəcər və Laçınla bərabər, bir güllə atılmadan, bir itki verilmədən azad edilən Ağdam cəmi bir neçə il ərzində yenidən doğuldu, quruculuğun, dirçəlişin ünvanına çevrildi. Vətən müharibəsinin üzərindən heç bir il keçməmiş, 2021-ci il mayın 28-də - Müstəqillik Günündə qurucu lider İlham Əliyev tərəfindən Qarabağın ilk təməl daşının Ağdamda qoyulması dərin rəmzi məna daşıyırdı. Bu şəhərin bünövrəsinin qoyulması ilə həm də torpaqlarımıza göz dikən düşmənə və onun havadarlarına Azərbaycan xalqının qüdrəti, əzmkarlığı nümayiş etdirilirdi. 

Həmin gün 140 illik tarixə malik 1 saylı məktəbin, Bərdə-Ağdam avtomobil yolunun, Ağdam Sənaye Parkının, "İmarət" kompleksinin və 125 hektarlıq meşə sahəsinin təməli qoyulmaqla başlayan quruculuq salnaməsi bu gün öz böyük bəhrəsini verir. 

2022-ci il oktyabrın 4-də Xıdırlı, Kəngərli və Sarıcalı kəndlərinin təməllərinin atılması ilə Ağdamda daha bir möhtəşəm mərhələ başladı. İndi Ağdam Bakı, Sumqayıt və Gəncədən sonra ölkəmizin dördüncü böyük sənaye mərkəzinə çevrilir. Bərdə-Ağdam avtomobil yolunun, Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin istifadəyə verilməsi, Xaçınçay su anbarının yenidən qurulması və digər çoxsaylı mühüm layihələr regiona yeni həyat nəfəsi gətirib.

Ruhumuzu təzələyən Ağdam Cümə məscidinin, Qiyaslı məscidinin və "İmarət" kompleksinin bərpası tarixi-mədəni irsimizin yenidən dirçəldildiyinin göstəricisidir. 

Bu gün Ağdam təkcə yenidən tikilən binalardan, çəkilən asfalt yollardan ibarət deyil. O, hər bir azərbaycanlının qürur mənbəyi, milli birliyimizin və sarsılmaz iradəmizin canlı təcəssümüdür. Otuz il boyunca sinəmizdə gəzdirdiyimiz bitməyən ağrı-acı indi yerini başıucalıq, minnətdarlıq və sonsuz sevincə verib. Onilliklərin həsrətindən sonra doğma ocaqlarına dönən ağdamlıların gözlərindəki işıq, uşaqların gülüşü bu torpaqlara həyatın birdəfəlik və əbədi olaraq qayıtdığını müjdələyir.

Tarix bir daha sübut etdi ki, ədaləti, torpağı və qüruru uğrunda bir yumruq kimi birləşməyi bacaran xalqı heç bir işğal, heç bir vandalizm sarsıda bilməz. Bu gün Ağdamda İlahi ədalətin təntənəsi olan möhtəşəm quruculuq işləri göstərir ki, 23 iyul artıq matəm yox, Azərbaycanın sarsılmaz iradəsinin, zəfərinin və Böyük qayıdışın ən parlaq səhifəsidir. "Qafqazın Xirosiması"ndan dünyanın həsəd aparacağı quruculuq zirvəsinə ucalan Ağdamın ağ günləri mübarək olsun! 


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Günəşdən gələn təhlükə

10:20
23 İyul

Ölkələrin tarif siyasəti qlobal inflyasiyanı sürətləndirirmi?

10:15
23 İyul

3 ildir küçəmizdə kanalizasiya sistemi normal işləmir

10:10
23 İyul

Azərbaycan paraüzgüçülüyünün parlayan ulduzua

10:05
23 İyul

Müalicə də var, istirahət də

10:00
23 İyul

Əraziyə baxış keçirilmiş, Nazirlər Kabinetinə məktub göndərilmişdir

09:57
23 İyul

Müasir parklar yay tətili günlərində uşaqların sevimli əyləncə məkanıdır

09:55
23 İyul

Kəndə dönmək vaxtıdır

09:50
23 İyul

Qazaxın sərhəd kəndi olan Cəfərlinin sosial problemləri həll edilir

09:45
23 İyul

Həm kövrəldim, həm də qürur hissi keçirdim

09:40
23 İyul

Şeir bayramı - Vaqif Poeziya Günləri 

09:35
23 İyul

Qusar Dövlət Ləzgi Dram Teatrı tətilə çıxdı

09:30
23 İyul

"Göylərə baş çəkir Göyəzən dağı"

09:25
23 İyul

"Ələkbər əmi"nin həyat səhnəsindəki sonuncu rolu

09:20
23 İyul

Neftçalada sudan səmərəli istifadə məsələləri müzakirə olunub

09:17
23 İyul

Xocalının qədim Seyidbəyli kəndi yeni həyata qayıdır

09:15
23 İyul

Naftalanın sağlamlıq mərkəzlərinin qapıları şəhid ailələrinin üzvlərinə və qazilərə daim açıqdır

09:10
23 İyul

Şəmkirdə kənd təsərrüfatının inkişafına dair iş planı hazırlanır

09:05
23 İyul

Hacıqabul Sənaye Parkında avtomobil istehsalı artır

09:00
23 İyul

Qazaxda biçin başa çatmaq üzrədir

08:55
23 İyul

Məhsuldarlıq ötən ildəkindən çoxdur

08:53
23 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!