ABŞ-də səfərdə olan Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Yeni Amerikalılar üçün Tədqiqat İnstitutunun (RINA) təsisçisi və İdarə Heyətinin rəhbəri Sem Kliger, Qafqaz Yəhudiləri Mədəniyyət Mərkəzinin rəhbəri Yakov Abramov, Nyu-York Ştat Assambleyasının üzvləri Mixail Novaxov və Alek Bruk Krasnı ilə görüşüb.
Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, Sem Kligerlə görüşdə Azərbaycan-ABŞ münasibətlərinin inkişafında diasporun rolu, RINA ilə Azərbaycan diasporu arasında təcrübə mübadiləsinin genişləndirilməsi, gənclər və liderlik proqramlarının həyata keçirilməsi, eləcə də icmalararası dialoqun gücləndirilməsi məsələləri müzakirə olunub. Sem Kligerə Azərbaycan diasporuna və Azərbaycan-ABŞ tərəfdaşlığının inkişafına verdiyi töhfələrə görə təşəkkürnamə təqdim edilib.
Yakov Abramovla görüşdə Qafqaz Yəhudiləri Mədəniyyət Mərkəzinin Azərbaycan və Qafqaz yəhudilərinin tarixi-mədəni irsinin qorunması və tanıdılması istiqamətində fəaliyyəti yüksək qiymətləndirilib. Azərbaycanın multikulturalizm və tolerantlıq ənənələri, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri və Cənubi Qafqazda davamlı sülh təşəbbüsləri barədə fikir mübadiləsi aparılıb. TRIPP layihəsinin tezliklə həyata keçirilməsi ilə bağlı Azərbaycan və ABŞ prezidentlərinin müzakirələrinə də diqqət çəkilib.
Nyu-York Ştat Assambleyasının üzvləri ilə görüşlərdə Azərbaycan icmasının şəhərin ictimai, mədəni və iqtisadi həyatında iştirakı və iki tərəf arasında əlaqələrin inkişafında diasporun rolu müzakirə olunub. Tərəflər mədəniyyət, təhsil, gənclər və icmalararası dialoq sahələrində əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını bildiriblər.
Nyu-York Ştat Assambleyasının üzvü Mixail Novaxov 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə Nyu-York Ştat Assambleyasında qəbul edilmiş bəyannaməni Fuad Muradova təqdim edib. Bəyannamədə Azərbaycanın müstəqillik yolu, tolerantlıq ənənələri və ABŞ-də yaşayan azərbaycanlıların, o cümlədən dağ yəhudilərinin ictimai fəallığı qeyd olunub.
Görüşlərdə diasporun azərbaycanlıların yerli cəmiyyətlərə inteqrasiyası, ölkəmizin tarixi-mədəni irsinin, multikulturalizm və tolerantlıq dəyərlərinin, həmçinin sülh və əməkdaşlıq gündəliyinin beynəlxalq ictimaiyyətə çatdırılmasında rolu vurğulanıb.