Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı
10 Oktyabr 2014
 

№ 319             Bakı şəhəri, 1oktyabr 2014-cü il

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 7 noyabr tarixli 174 nömrəli qərarı ilə təsdiq edilmiş "Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər"də  dəyişiklik edilməsi haqqında

 

"Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 iyul tarixli 228 nömrəli Fərmanının 2.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının  Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 7 noyabr tarixli 174 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002,  № 11, maddə 676; 2004, № 2, maddə 115; 2005, № 9, maddə 860, № 12, maddə 1234; 2006, № 2, maddələr 204, 205, № 9, maddə 822, № 12, maddə 1159; 2007, № 8, maddələr 849, 857, № 10, maddə 1025; 2008, № 1, maddə 37, № 10, maddə 928, № 12, maddələr 1110, 1114; 2009, № 1, maddələr 22, 32, № 2, maddə 156, № 4, maddə 279, № 8, maddə 670, № 9, maddələr 739, 754, № 12, maddə 1078; 2010, № 3, maddə 264; 2011, № 1, maddə 63; 2012, № 9, maddə 931; 2013, № 2, maddə 203, № 6, maddə 735) ilə təsdiq edilmiş "Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər"ə aşağıdakı məzmunda 50-ci hissə əlavə edilsin:

"50. Bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin istehsalına, idxalına, satışına və saxlanılmasına xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər:

50.1. istehsalı:

50.1.1. ərizəçinin mülkiyyətində və ya qanuni istifadəsində olan istehsal sahələrinin, müasir texnoloji və texniki avadanlıqların və xüsusi nəqliyyat vasitələrinin olması barədə sənədlərin surəti;

50.1.2. lisenziyalaşdırılması nəzərdə tutulan fəaliyyət növünün predmeti olan malların keyfiyyətinin standartlara və normalara uyğunluğunu yoxlamaq üçün ərizəçiyə məxsus akkreditasiyadan keçmiş laboratoriyanın mövcudluğu barədə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən verilmiş akkreditasiya attestatının və ya həmin tələblərə cavab verən laboratoriya ilə bağlanılmış müqavilənin surəti;

50.1.3. lisenziyalaşdırılması nəzərdə tutulan fəaliyyət növünün predmeti olan malların saxlanılması üçün sahənin (anbarın) fitosanitar vəziyyəti barədə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəyi;

50.1.4. istehsal zamanı yaranan toksiki istehsalat tullantılarının utilizasiyası və zərərsizləşdirilməsinə xüsusi razılığa (lisenziyaya) malik şəxslərlə bağlanılmış müqavilənin surəti;    

50.1.5. lisenziyalaşdırılması nəzərdə tutulan fəaliyyət növünü həyata keçirmək üçün həmin sahədə ən azı iki il iş təcrübəsi, ali və ya orta ixtisas təhsili (kimyaçı-texnoloq, aqronom) olan əmək müqaviləsi bağlanılmış işçilər barədə məlumat (təsdiqedici sənədlərin surətləri əlavə edilməklə);

50.1.6. işçilərin xüsusi geyim, müvafiq cihaz və avadanlıqla təchiz olunması barədə məlumat;

50.2. idxalı:

50.2.1. lisenziyalaşdırılması nəzərdə tutulan fəaliyyət növünün predmeti olan malların satışadək müvəqqəti saxlanılması üçün anbarın (sahənin) ərizəçinin mülkiyyətində və ya qanuni istifadəsində olmasını təsdiq edən sənədin surəti;

50.2.2. saxlanılması üçün sahənin (anbarın) fitosanitar vəziyyəti barədə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəyi;

50.3. satışı:

50.3.1. malların satışının həyata keçirildiyi ünvanlar barədə məlumat;

50.3.2. satış mərkəzlərinin (yerlərinin) ərizəçinin mülkiyyətində və ya qanuni istifadəsində olmasını təsdiq edən sənədin surəti;

50.3.3. satış mərkəzlərinin (yerlərinin) fitosanitar vəziyyəti barədə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəyi;

50.3.4. satış zamanı yaranan toksiki tullantıların zərərsizləşdirilməsi ilə bağlı toksiki istehsalat tullantılarının utilizasiyası və zərərsizləşdirilməsinə xüsusi razılığa (lisenziyaya) malik şəxslərlə bağlanılmış müqavilənin surəti;

50.3.5. lisenziyalaşdırılan fəaliyyət növünün predmeti olan malların bilavasitə satışını həyata keçirən şəxslərin bu sahədə ən azı iki il iş təcrübəsinə və aqronomluq, bitki mühafizəsi, kimyaçı-texnoloq ixtisaslarından biri üzrə ali və ya orta ixtisas təhsilinə malik olduqlarını, yaxud əlavə təhsil almalarını təsdiq edən sənədlərin surəti;

50.4. saxlanılması:

50.4.1.  bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin saxlanılması  üçün anbarın ərizəçinin mülkiyyətində və ya qanuni istifadəsində olması barədə məlumatlar (təsdiqedici sənədlər əlavə edilməklə);

50.4.2. anbarın  yerləşdiyi ərazinin, onun əhatə etdiyi sahənin (yerin) planlarının və anbarın çertyojunun surətləri;

50.4.3. anbara daxil olmağa icazə verilmiş işçilərin siyahısı və onlarla bağlanılmış əmək müqavilələrinin surəti;

50.4.4. anbarın fitosanitar vəziyyəti barədə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəyi;

50.4.5. bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin daşınması üçün ərizəçinin xüsusi nəqliyyat vasitələrinin olması barədə məlumat (təsdiqedici sənədlər əlavə edilməklə);

50.4.6. bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrin saxlanılması ilə bilavasitə məşğul olan işçilərin aqronomluq, bitki mühafizəsi və kimyaçı-texnoloq ixtisaslarından biri üzrə ali və ya orta ixtisas təhsilinin olmasını, yaxud əlavə təhsil almalarını təsdiq edən sənədlərin surəti;

50.4.7. toksiki istehsalat tullantılarının utilizasiyası və zərərsizləşdirilməsinə  xüsusi razılığa (lisenziyaya) malik şəxslərlə bağlanılmış müqavilənin surəti.".

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri