Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

AzeDer: Azərbaycan adına çalışmaqdan qürur duyuruq

27 Sentyabr 2013
 

Cari ayın 21-də İstanbulda Heydər Əliyev prospektində yerləşən Tarabya mehmanxanasında 500 nəfərin iştirakı ilə Azərbaycan Təhsil, Mədəniyyət və Yardımlaşma Təşkilatının, (AzeDer-in) açılış mərasimi keçirilib. Mərasimi giriş sözü ilə açan AzeDer sədri Rəşad Abdullayev qonaqları salamlayaraq yaranan təşkilat və onun gələcək layihələri haqqında məlumat verib. O qeyd edib ki, yeni yaranmasına baxmayaraq bir çox layihəyə start verən AzeDer-in açılış mərasiminin də məhz ümummilli lider Heydər Əliyevin adını daşıyan prospektdə keçirilməsi də həm xoş, həm də yerinədüşən bir təsadüfdür. Çünki Azərbaycan gəncliyi hansı milli-mənəvi dəyərlərə söykəndiyini yaxşı bilir.

Azərbaycan Prezidenti İlham Əliyevin insan kapitalının inkişafı strategiyasına öz dəstəklərini vermək üçün AzeDer may ayından etibarən müxtəlif layihələr həyata keçirməyə başlayıb. İlk növbədə Türkiyədə təhsil almaqda olan gənclərin dünyanın ən öndə gələn qurumları, şirkətləri və təşkilatlarında təcrübə qazanmasının təmin edilməsi üçün danışıqlara başlayıb. May ayında isə 4 azərbaycanlı gəncin Avropanın ən üst siyasi qurumu olan Avropa Parlamentində təcrübə proqramı keçməsi təmin olunub.  Gənclər 3 ay ərzində Avropa Parlamentində təcrübə proqramı keçərək Avropa Parlamenti vəkilləri, müxtəlif ölkə nazirləri və digər yüksək vəzifəli şəxsləri ilə təmasda ola bilmişlər. Qeyd etmək istərdik ki, hətta Avropa Parlamentinin Prezidenti Martin Schulz da bu gəncləri parlament binasında görərək təəccübünü və heyranlığını dilə gətirib. Onu da demək lazımdır ki, bu layihə sadəcə bir başlanğıcdır.

Gələn ay Türkiyədə təhsil alan 3 azərbaycanlı gənc Amerika Birləşmiş Ştatlarının Konqresində təcrübə proqramı keçəcək. Gənclər yalnız siyasi qurumlarla deyil, eyni zamanda, mühəndislik, tibb və iqtisadiyyat sahələrində də dünyanın ən öndə gedən şirkətlərində təcrübə proqramlarında iştirak edəcəklər. Bunun üçün hazırda dünyanın aparıcı şirkətləri ilə danışıqlar aparılmaqdadır.  Bu tipli layihələr qara qızılın ağ qızıla çevirilməsi strategiyasına verilən bir dəstəkdir. Gənclərimiz bu tipli qurumlarda təcrübə proqramlarında iştirak edərək yalnız öz şəxsi karyera inkişafları ilə kifayətlənmir, eyni zamanda həmin qurumlarda Azərbaycanın təbliğinə geniş yer ayırır, erməni təcavüzkarları tərəfindən işğal edilən torpaqlarımızın azad olunması istiqamətində xarici ölkə rəsmilərini məlumatlandırmaq üçün əllərindən gələni əsirgəmirlər.

AzeDer, eyni zamanda, dünyanın hər yerində təhsil almaqda və yaşamaqda olan azərbaycanlı gənclərin Vətənə qayıdaraq fayda verə bilməsi naminə yeni bir internet layihəsinə də start verib. "Profesyonalların Şəbəkəsi" adlandırılan bu layihə dünyanın müxtəlif univesitetlərində təhsil alan azərbaycanlı gəncləri Vətənimizdə istər dövlət, istərsə də özəl sektor nümayəndələri ilə bir araya gətirir. Hər bir gənc tərəfindən qurulan şəxsi səhifə ehtiyac yarandığı halda şirkət və qurumların onunla əlaqəyə girməsini,  www.pronetcv.com ünvanında fəaliyyət göstərən bu platforma istedadlı və bacarıqlı azərbaycanlı gənclərin həm dövlət, həm də özəl sektor nümayəndələri ilə virtual görüşlərini təmin edəcəkdir. Həmin sayt vasitəsilə, eyni zamanda, innovativ layihələr həyata keçirən gənclərin dünyanın müxtəlif təhsil ocaqlarında olan azərbaycanlı gənclər tərəfindən dəstək ala bilməsi də təmin olunacaqdır.

Bununla yanaşı, "Profesyonalların Şəbəkəsi" layihəsi gənclərin dərc etdirdiyi elmi məqalələri, araşdırmaları, təqdimatları hər kəslə paylaşa bilməsi üçün də bir platforma rolunu oynayacaq və beləliklə, yüksək səviyyəli bir məlumat bazasının formalaşmasına imkan verəcəkdir. Bu tipli qlobal layihələrə başlamaqla yanaşı, AzeDer Türkiyədə təhsil almaqda olan 7000-dən çox azərbaycanlı gənc üçün də lokal olaraq müxtəlif fəaliyyətlər həyata keçirir, gənclərin bilik və bacarıqlarını artırması üçün Türkiyənin ən öndə gedən, xarici dilləri, informasiya texnologiyaları tədris edən mərkəzləri, idman qurumları ilə danışıqlar aparır, müqavilələr imzalayaraq üzvlərinə xüsusi endirimlərlə xidmət göstərilməsini təmin edir, bu cür endirimlər haqqında mütəmadi olaraq üzvlərinə saytda məlumat verir. Türkiyədə təhsil almaqda olan azərbaycanlı tələbələrin qarşılaşdığı problemləri həll etmək üçün AzeDer dövlət qurumları ilə əlaqələrini möhkəmləndirir. Az bir vaxtda İstanbul təhsil və İstanbul gənclər və idman şöbələri ilə görüşlər təşkil olunub, qarşıya çıxan problemlərin həlli istiqamətində müştərək addımların atılması və eyni zamanda, azərbaycanlı tələbələrin sosial fəaliyyətlərinin daha da artırılması müzakirə edilib. Bu  qurumlara bağlı olan bütün idman mərkəzləri, teatr və musiqi salonları AzeDer üzvlərinin istifadəsinə verilib. AzeDer bu tipli fəaliyyətləri ilə Türkiyədə təhsil almaqda olan azərbaycanlı tələbələrin də rəğbətini qazana bilib. AzeDer rəhbərliyinin Türkiyənin ayrı-ayrı şəhərlərində təhsil alan gənclərimizlə görüşməsini hamı rəğbətlə qarşılayır. Belə görüşlərdə tələbələrin yeni təklifləri diqqətlə dinlənilir, onların həyata keçirilməsi üçün addımlar atılır.

Yeni qurulmasına baxmayaraq, milli maraqlarımızın qorunması istiqamətində müəyyən addımlar atan AzeDer fəaliyyətlərini daha da genişləndirməyi nəzərdə tutur. Ümid edirik ki, azərbaycanlı gənclərin gücünü məhz Azərbaycanın gələcəyinə investisiya etməyi, töhfə verərək qazanmağı və paylaşaraq öyrənməyi bir vəzifə kimi qarşıya qoyan AzeDer gələcək illərdə daha vacib, daha  önəmli layihələrə imza atacaqdır.

 

Bəxtiyar QARACA,

"Azərbaycan"