Gəncədə terror aktlarının dini şüarlar altında törədilməsi İslam dininə qarşı ən böyük cinayətdir

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Gəncədə terror aktlarının dini şüarlar altında törədilməsi İslam dininə qarşı ən böyük cinayətdir

17 İyul 2018
İyulun 17-də Gəncə “İmamzadə” dini kompleksində 10 iyul hadisələri zamanı həlak olan polis zabitlərinin anım mərasimi keçirilib. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təşkilatçılığı ilə keçirilən tədbirdə QMİ-nin sədri Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı, Gəncə Şəhər İcra Hakimiyyətinin əməkdaşları, QMİ-nin bölgələr üzrə səlahiyyətli nümayəndələri, din xadimləri, dini icmaların üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, İmamzadə ziyarətgahında iyulun 10-da Gəncədə baş verən hadisələr zamanı şəhid olmuş polis zabitləri İlqar Balakişiyevin və Səməd Abbasovun ruhuna ehsan verilib, namaz qılınıb, müqəddəs Qurani-Kərimdən ayələr oxunub.

Anım tədbirində 2016-cı ildə Gəncə “İmamzadə” dini kompleksinin yenidənqurmadan sonra Prezident İlham Əliyev ilə birgə açılışında iştirak etdiyini xatırladan Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə deyib ki, tədbirin keçirilməsində məqsəd iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və bir nəfər polis əməkdaşına qarşı törədilmiş sui-qəsd, bir həftə sonra isə iyulun 10-da şəhərin mərkəzində bir qrup dini radikal şəxsin təxribat törətməyə cəhd göstərdiyi zaman həmin iğtişaşların qarşısını alarkən iki nəfər yüksək rütbəli polis zabitinin faciəli şəkildə şəhid edilməsi ilə bağlıdır.

Şeyxülislam Allahşükür Paşazadə bildirib ki, baş vermiş hadisələr dövlət məmuruna və ictimai asayişi qoruyan əməkdaşlara qarşı düşünülmüş terror aktıdır. “Bu gün Azərbaycanın siyasi, iqtisadi nailiyyətlərini, eləcə də yürütdüyü daxili və xarici siyasəti qəbul etmək istəməyən qüvvələr mövcuddur. Xüsusən də Azərbaycanda düşmən qüvvələrə, ermənilərə, onların xüsusi xidmət orqanlarına işləyənlərin bu təxribatda rolu var”, – deyə Hacı Allahşükür Paşazadə qeyd edib.

Erməni katolikosu Qaraginlə görüşərkən aralarında getmiş dialoqu xatırladan Qafqazın şeyxi deyib: “Mən ondan soruşdum ki, nə üçün sizin qüvvələr Azərbaycana qarşı bu qədər təxribatlar törədirlər? Cavab verdi ki, siz çox inkişaf edirsiniz, varlı dövlətsiniz və mən də sizə qarşı təxribat aparıram. Beləliklə, Qaragin mənimlə olan qısa dialoqunda etiraf etdi ki, onlar Azərbaycana qarşı daim təxribat planları hazırlayırlar”.

Allahşükür Paşazadə bildirib ki, iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısına və onun mühafizəçisi, polis serjantına açılan atəş həm də Azərbaycan dövlətçiliyinə qarşı açılmış atəşdir. Ona görə də ölkənin bütün dindarları məlum hadisəni qətiyyətlə pislədilər. İyulun 10-da isə şəhərin mərkəzində baş vermiş təxribatda özlərinin xidməti vəzifəsini yerinə yetirərkən iki yüksəkrütbəli polis əməkdaşının şəhid olması onu göstərir ki, baş vermiş bütün hadisələr əvvəlcədən düşünülmüş, məqsədyönlü şəkildə aparılan siyasətdir və Azərbaycanda iğtişaşların yaradılması ölkəmizin rifahını istəməyən qüvvələr tərəfindən həyata keçirilib.

Sovet hakimiyyəti dövründə respublikamızda cəmi 17 məscidin olduğunu deyən QMİ-nin sədri qeyd edib ki, hazırda ölkəmizdə 2 minə yaxın məscid fəaliyyət göstərir. 2017-ci ilin Prezident İlham Əliyev tərəfindən ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsi, Bakıda İslam Həmrəyliyi Oyunlarının keçirilməsi, çoxsaylı beynəlxalq tədbirlərin təşkili, İlahiyyat İnstitutunun təsis edilməsi, bu ildən isə mədrəsələrin fəaliyyətə başlaması dövlət-din münasibətlərinin, dini, milli mənəvi dəyərlərimizə verilən qiymətin yüksək səviyyədə olduğunu göstərir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxışında bildirib ki, həm iyulun 3-də, həm də iyulun 10-da Gəncədə baş vermiş cinayət hadisələri Prezident İlham Əliyev tərəfindən nəzarətə götürülüb və respublikanın hüquq-mühafizə orqanlarında terror hadisəsi ilə əlaqədar təxirəsalınmaz tədbirlər həyata keçirilib. Terror hadisəsini törədənlərin bir qrupunun həbs edildiyini, qanlı cinayəti törədənin məhv edildiyini və istintaq işinin davam etdiyini deyən Mübariz Qurbanlı diqqətə çatdırıb ki, bu ssenarini hazırlayanların əsas məqsədi həmin cinayətlər vasitəsilə Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaq, Gəncəbasar bölgəsində öz cinayətlərini daha böyük əraziyə yaymağa cəhd göstərmək və ölkəmizin müstəqilliyinə zərbə vurmaq olub. Lakin həmin ssenarini həyata keçirmək istəyənlər, eyni zamanda, onun icraçıları tam iflasa uğradılar. Prezident İlham Əliyev baş vermiş hadisələrlə əlaqədar hüquq-mühafizə orqanlarının rəhbərləri ilə keçirdiyi müşavirədə baş vermiş hadisənin tam siyasi-hüquqi qiymətini verib.

Azərbaycandakı dövlət-din modelindən danışan DQİDK-nın sədri qeyd edib ki, bu modelin əsas müddəaları və prinsipləri Ulu Öndərin müəllifi olduğu və 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq maddələrində öz əksini tapıb. Konstitusiyada əks olunub ki, Azərbaycan hüquqi, dünyəvi, demokratik ölkədir. Lakin bununla yanaşı, Azərbaycan dövləti islami dəyərlərə və İslam dininin inkişafına, bu sahədə dini kadrların hazırlanmasına çox böyük diqqət və qayğı göstərir.

“Azərbaycan xalqının 96 faizi İslam dininə etiqad edir Bununla yanaşı, ölkəmiz çoxkonfessiyalı və çoxmillətli ölkədir. Bizim ölkəmizdə bütün dinlərə və millətlərə eyni cür hörmət və ehtiramla yanaşılır. Buna görə də Azərbaycanın tolerant və multikultural dəyərləri həm İslam ölkələri, həm də bütün dünya tərəfindən nümunə olaraq öyrənilməkdədir. Bu gün Azərbaycanda bütün məzhəblər arasında münasibətlərin yüksək səviyyədə olması, vəhdət namazlarının qılınması, məscidlərdə möminlərin öz ibadətlərini sərbəst şəkildə yerinə yetirməsi üçün hərtərəfli şərait yaradılıb və bütün bu tədbirlər onu göstərir ki, ölkəmizdə dini sahədə böyük bir sabitlik var”, - deyə M.Qurbanlı qeyd edib.

DQİDK-nın sədri əlavə edib ki, tarixən Azərbaycanda dinlər, məzhəblər və təriqətlər arasında heç zaman qarşıdurma olmayıb: “Ona görə də biz imkan verməməliyik ki, Azərbaycanda hər hansı qüvvə dini istiqamətdə təxribatlar törədərək dövlət müstəqilliyimizə, eyni zamanda, dini sahədəki inkişafımıza təhlükə yaratsınlar. Buna görə imam və axundların məscidlərdəki dini moizələri daha çox islami dəyərlərin qorunmasına, təbliğinə yönəlməli, dini mövzuda ədəbiyyatların, yeni-yeni əsərlərin yazılması, yayılması, bu mövzuda media resurslarında kütləvi təbliğat və təşviqat işlərinin aparılmasına geniş yer verilməlidir”.

Sonra QMİ sədrinin birinci müavini, müfti Salman Musayev, QMİ sədrinin müavini, Bakı İslam Universitetinin rektoru Sabir Həsənli, ilahiyyatçı – din xadimi Hacı Şahin, AMEA Gəncə Bölməsinin akademik-katibi Fuad Əliyev, ilahiyyatçı - din xadimi, İçərişəhər “Cümə” məscidinin axundu Hacı Surxay Məmmədli, şəhid polis zabitlərinin qohumları, eləcə də QMİ sədrinin Qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı Tahir Abbasov çıxış ediblər. Çıxışlarda bildirilib ki, son günlər Gəncədə baş verən hadisələr, törədilən cinayətkar əməllər İslam dinindən uzaqdır. Yalnız müəyyən qruplar var ki, din pərdəsi altında öz təxribatçı əməllərini həyata keçirməyə çalışırlar. Bu qanlı terror aktları cəmiyyətdə gərginlik yaratmaq və cəmiyyətimizi qorxutmaq məqsədilə törədilib. Dini şüarlar altında törədilən bu terror aktları, özlüyündə, İslam dininə qarşı ən böyük cinayətdir. Çünki İslam sülh, mərhəmət dinidir.

Qeyd olunub ki, bu qruplar ölkəmizdə sabitliyi pozmağa, onun inkişafını əngəlləməyə yönəlmiş addımları ilə Azərbaycan dövlətinə zərbə vurmaq niyyətində idilər. Lakin Azərbaycan polisi bu cinayətkar əməllərin qarşısını qətiyyətlə aldı, ölkədə sabitliyin pozulmasına imkan vermədi. Təəssüf ki, iğtişaşların qarşısının alınması zamanı iki polisimiz də şəhid oldu.

Diqqətə çatdırılıb ki, Azərbaycanın hər bir yerində olduğu kimi, Gəncə dindarları da daim dövlətimizdən qayğı görüb, şəhərdəki məscidlər, dini məbədlər yenidən qurularaq dindarların istifadəsinə verilib. Ümumiyyətlə, Azərbaycan dövləti və Azərbaycan xalqı öz milli, dini dəyərlərini daim qoruyur. Azərbaycan İslam mədəniyyətini dünyada ən çox təbliğ edən ölkələrdən biridir. Azərbaycan dövlətinin xətti və dəstəyi ilə dövlət vəsaiti hesabına tarixi-dini abidələrimiz tam bərpa olunub, yenidən qurulub, yeni məscidlər tikilib. Bu cinayəti dinimizə bağlamaq istəyənlər dinimizə qarşı ən böyük cinayət törədiblər. Cinayətkarlar və onların arxasında dayananlar heç vaxt öz məkrli arzularına çata bilməyəcəklər.

Anım tədbirinin iştirakçılarına Qafqaz Müsəlmanları İdarəsinin Gəncə hadisələri ilə bağlı yaydığı bəyanat paylanılıb.

Xatırladaq ki, iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısına qarşı terror aktı törədilib, bir həftə sonra, iyulun 10-da saat 20 radələrində 150-200 nəfərdən ibarət bir qrup radikal ünsür şəhər icra hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi kobud şəkildə pozmağa cəhd göstərib. Xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının xəbərdarlığına məhəl qoymayan qanunazidd hərəkətlərin iştirakçıları özləri ilə gətirdikləri küt və kəsici-deşici alətlərlə asayiş keşikçilərinə müqavimət göstəriblər. Polis əməkdaşlarının həyata keçirdikləri qətiyyətli tədbirlərlə onların hüquqazidd əməllərinin qarşısı alınıb.

Qanunsuz hərəkətlərin qarşısı alınarkən xidməti vəzifələrini yerinə yetirən polis zabitləri İlqar Balakişiyev və Səməd Abbasov radikal ünsürlərin kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində şəhid olublar.