Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Gənc zabitlər “Sərhədçi andı”nı qəbul etdilər

11 İyul 2018
 

DSX-nin Akademiyasının məzunlarının təntənəli buraxılış mərasimi keçirilib

 

2018-ci ildə yaradılmasının 11-ci ildönümünü qeyd edən Dövlət Sərhəd Xidmətinin Akademiyası böyük inkişaf yolu keçərək qabaqcıl hərbi təhsil müəssisəsi səviyyəsinə yüksəlmişdir.

Bu müddət ərzində DSX-nin Akademiyasında Azərbaycan dövlətçiliyinə sədaqətli, peşəkar sərhədçi zabitlərin hazırlanması, hərbi qulluqçuların döyüş hazırlığının təkmilləşdirilməsi, dövlət sərhədinin mühafizəsi və hərb sahəsində elmi tədqiqatların aparılması üçün mükəmməl elmi-pedaqoji potensial və ən yüksək standartlara cavab verən maddi-texniki baza formalaşdırılmışdır.

İyul ayının 10-da Dövlət Sərhəd Xidməti Akademiyasının məzunlarının təntənəli buraxılış mərasimi keçirilmişdir. Ənənəvi olaraq möhtəşəm Dövlət Bayrağı meydanında təşkil olunmuş mərasimdə Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti, Bakı qarnizonu hərbi hissələrinin hərbi qulluqçuları, gənc zabitlərin valideynləri və ailə üzvləri iştirak etmişlər.

Mərasimdə çıxış edən Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev gənc zabitləri təbrik etmiş, onlara xidmətdə uğurlar arzulamış, tövsiyə və tapşırıqlarını vermiş, Azərbaycanın hər bir sərhədçisi kimi onların da dövlətçilik ənənələrinə daim sadiq olacaqlarına, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ali Baş Komandanlığı altında dövlət sərhədlərinin etibarlı mühafizəsi naminə əzmlə xidmət edəcəklərinə, Azərbaycan sərhədçisi adını daima uca tutacaqlarına inamını ifadə etmişdir.

General-polkovnik Elçin Quliyev Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təkcə 2018-ci il ərzində 2 dəfə Dövlət Sərhəd Xidmətinin hərbi hissə və bölmələrinə səfərlərinin, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın DSX-nin Xüsusi Məktəbinin yeni korpusunun açılış mərasimində iştirakının Dövlət Sərhəd Xidmətinə göstərilən ali diqqətin təcəssümü olduğunu xüsusi vurğulamışdır.

Azərbaycan Sərhəd Mühafizəsinə göstərilən bu qayğı sayəsində əldə olunmuş xidməti nailiyyətlərdən danışan general-polkovnik Elçin Quliyev Dövlət bayrağımızın qısa müddətdə işğaldan azad olunacaq şəhər və kəndlərimizdə dalğalanacağını, Heydər Əliyev dövlətçiliyinin əsgəri olan Azərbaycan sərhədçilərinin Ali Baş Komandanın bütün əmr və göstərişlərini ən yüksək səviyyədə icra etməyə hər an hazır olduğunu bildirmişdir.

Akademiyanı bitirən leytenantlara diplomlar təqdim olunmuş, gənc zabitlər “Sərhədçi andı”nı qəbul etmişlər. Tədbirin sonunda zabitlər və kursantlar təntənəli marşla tribunanın önündən keçmişlər.

Mərasimdən sonra gənc zabitlər ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etmişlər.

 

“Azərbaycan”