Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Ağstafada şəhidlərin xatirəsinə daha bir abidə ucaldılıb

11 İyul 2018
 

Adil Tatarov Ağstafa rayonunun Qıraq Kəsəmən kəndində dünyaya göz açmışdı. Naxçıvan Muxtar Respublikasında hərbi xidmətdə olarkən tez-tez ailəsinə yazdığı məktublarda  Naxçıvanın füsunkar təbiətindən, onu erməni təxribatlarından qorumaq üçün əsgər yoldaşları ilə ayıq-sayıq dayandıqlarından bəhs edərdi. Lakin günlərin birində ermənilərin növbəti təxribatının qarşısını alarkən Adil düşmən gülləsindən yayına bilmədi... Ölümündən sonra “Şücaətə görə” və “Vətən uğrunda” medalları ilə təltif edildi.

Başqa bir faktı da qeyd edək ki, Dağlıq Qarabağ müharibəsi başlayandan Ağstafa rayonu 170-ə yaxın şəhid verib. Rayonda həmin şəhidlərin hər birinə ehtiramla yanaşılır. Onların adlarının əbədiləşdirilməsi istiqamətində işlər görülür. Bu günlərdə Ağstafanın daha bir kəndində, Qıraq Kəsəməndə şəhidlərin xatirəsinə ucaldılmış abidənin açılışı oldu. Rayon ictimaiyyəti nümayəndələrinin, el ağsaqqallarının və Müdafiə Nazirliyi əməkdaşlarının iştirakı ilə keçirilən açılış mərasimində abidə önünə əklil və gül dəstələri qoyuldu. Sonra Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Naxçıvan Muxtar Respublikası ərazisində düşmən tərəfin növbəti təxribatının qarşısını alarkən şəhid olmuş Adil Tatarovun ailə üzvlərinə başsağlığı verdi. Adilin ölkə rəhbərinin sərəncamı və müdafiə nazirinin əmri ilə təltif olunmasını dövlət qayğısının nəticəsi kimi dəyərləndirdi, müasir ordu quruculuğunda qazanılan uğurlardan, aprel döyüşlərində, eləcə də ordumuzun Naxçıvan qələbəsindən söhbət açdı.

Müdafiə Nazirliyinin əməkdaşı Abdulla Qurbani Adil Tatarovun düşmən təxribatının qarşısını alarkən göstərdiyi igidlikdən danışdı.

Şəhidin atası Əli Tatarov oğlunun əziz xatirəsinə göstərilən böyük ehtirama görə ailə üzvləri adından minnətdarlığını bildirdi.

 

Sabir ƏLİYEV,

“Azərbaycan”