Üç əcnəbinin saxta elektron vizalarla Azərbaycana gəlmək cəhdinin qarşısı alınıb

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Üç əcnəbinin saxta elektron vizalarla Azərbaycana gəlmək cəhdinin qarşısı alınıb

17 May 2018
Dövlət Sərhəd Xidməti (DSX) sərhəd təhlükəsizliyinin təmin olunması sahəsində tədbirləri uğurla davam etdirir.

DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, mayın 15-də Xidmət əməkdaşlarının sayıqlığı və peşəkarlığı sayəsində üç xarici vətəndaşın saxta elektron vizalarla Azərbaycan Respublikası ərazisinə gəlmək cəhdinin qarşısı alınıb.

“ŞarjaBakı” reysinin rəsmiləşdirilməsi zamanı üç nəfər Nepal vətəndaşı tərəfindən sərhəd nəzarətinə təqdim etdikləri elektron vizaların başqa dövlətlərin vətəndaşlarına aid olmaları müəyyənləşdirilib.

Sərhəd nəzarəti zamanı təqdim olunmuş sənədlərə laboratoriya şəraitində dərinləşdirilmiş baxış keçirilərkən Nepal vətəndaşı 1952-ci il təvəllüdlü Ali Bakhsi Ghodrollahın təqdim etdiyi elektron vizanın İran İsam Respublikası vətəndaşı Şahi Ram Bahadurun adına, Nepal vətəndaşı 1993-cü il təvəllüdlü Khand Satrughmanın təqdim etdiyi elektron vizanın Çexiya vətəndaşı Mozek Ondrejin adına, Nepal vətəndaşı 1991-ci il təvəllüdlü Thapa Sunanın təqdim etdiyi elektron vizanın isə Böyük Britaniya vətəndaşı Şah Qasım Alinin adına verilməsi aşkarlanıb.

Araşdırma zamanı həmin şəxslərin Azərbaycan ərazisindən tranzit kimi istifadə etməklə Avropaya qanunsuz miqrasiya etmək niyyətində olduqlarını göstərən hallar aşkarlanıb. Nepal vətəndaşlarının Azərbaycan Respublikasının elektron vizasını öz ölkələrində turizm agentliyindən 100 ABŞ dolları ödəməklə əldə etmələri, Bakıya turizm məqsədilə səfər etdiklərini bildirdikləri halda geriyə aviabiletlərinin olmaması, şəhərdə qalmaq üçün yer sifariş etməmələri müəyyənləşdirilib.

Saxlanılmış əcnəbilər barəsində müvafiq əməliyyat-istintaq tədbirləri həyata keçirilir.