Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Dövlət Sosial Müdafiə Fondunda keçirilən müşavirədə vətəndaş məmnunluğuna nail olmaq vəzifə kimi qarşıya qoyulub

15 May 2018
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunda sosial sığorta daxilolmaları və əhaliyə xidmətlər sahəsində mövcud vəziyyətin müzakirəsi və bu sahələrdə qarşıda duran vəzifələrin müəyyən olunması məqsədilə müşavirə keçirib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Fondun rayon (şəhər) şöbələrinin rəhbərlərinin iştirakı ilə keçirilən müşavirədə nazir Prezident İlham Əliyevin əmək və sosial müdafiə sahəsi ilə bağlı tapşırıqların nazirliyin fəaliyyəti üçün yol xəritəsi olduğunu bildirib və həmin tapşırıqların xüsusilə əhaliyə xidmət sahələrində şəffaflığın və sosial ədalət prinsipinin tam təmin edilməsini nəzərdə tutduğunu qeyd edib. Nazirliyin, o cümlədən Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun fəaliyyətinin əsas xətti də məhz bu prinsipə söykənməlidir. Əhaliyə xidmətlər narazılıq yaradan hallardan, həmçinin süründürməçilikdən uzaq, tam şəffaf müstəvidə, ədalətli yanaşmalar üzərində, vətəndaş məmnunluğu doğura biləcək səviyyədə qurulmalıdır.

Fondun fəaliyyətinin nəticələrinin qənaətbəxş olmadığını qeyd edən nazir diqqətə çatdırıb ki, sosial təminat növlərinin təyinatı ilə əlaqədar müraciət edən vətəndaşlara həssaslıqla yanaşılmalıdır. Onlara qanunla nəzərdə tutulan təminat növlərinin təyin edilməsi zamanı süründürməçiliyə yol verilməməlidir. Ölkəmizdə vətəndaş məmnunluğuna səbəb olan “ASAN xidmət” modeli mövcuddur və Fondun yerli orqanları bu müasir və mədəni xidmət təcrübəsindən istifadə edə bilər. Vətəndaşlarla kobud münasibətə yol verilməsi halları aradan qaldırılmalı, ehtiyac yarananda vətəndaşlara qanunvericiliyin tələbləri barədə sadə, aydın və dolğun izahatlar verilməlidir.

Sosial sığorta daxilolmaları ilə bağlı proqnozun icrasının Fondun fəaliyyətinin əsas məqsədlərindən olduğunu qeyd edən nazir deyib ki, bu sahədə də çatışmazlıqlar var. Fond həmin istiqamətdə fəaliyyətini gücləndirməli, eyni zamanda, proqnozların düzgün, reallığa əsaslanan şəkildə tərtib edilməsini vacib şərt kimi diqqətdə saxlamalıdır. Debitor borcların yaranması hallarına yol verilməməli, sosial sığorta ödəyicilərinə münasibətdə subyektiv, qeyri-bərabər yanaşmaya son qoyulmalı, bütün səylər qanunla ödənilməli olan sosial sığorta vəsaitlərinin ödənilməsinə yönəldilməlidir.

Nazir, eyni zamanda, fərdi sahibkarların, torpaq mülkiyyətçilərinin çox az qisminin sosial sığorta sistemində iştirak etdiyini və onların da həmin sistemə cəlb olunması sahəsində işlərin, habelə bu məqsədlə stimullaşdırıcı tədbirlərin gücləndirilməsinin zəruri olduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, ölkəmizdə pensiyaçıların sayının getdikcə artmasına uyğun olaraq, sosial sığorta haqları üzrə yığım səviyyəsi də getdikcə yüksəlməlidir. Ümumilikdə, Fondun fəaliyyət sahələrində, ilk növbədə, inzibatçılığın gücləndirilməsi təmin olunmalıdır ki, bu da sistemli islahatlar üçün zəmin formalaşdırılması baxımından vacib amildir.

Nazir pensiya təyinatı ilə bağlı məmur-vətəndaş təmaslarının minimuma endirilməsi üçün pensiya təyinatı sisteminin tam avtomatlaşdırılması barədə tapşırıq verib.

Hazırda ünvanlı dövlət sosial yardımı sistemində təkmilləşdirmə işlərinin aparıldığını qeyd edən nazir bildirib ki, aktiv əmək bazarı proqramları vasitəsilə aztəminatlı ailələrin yoxsulluqdan çıxışına və kiçik biznesə sahib olmasına imkan yaradılması da əsas fəaliyyət istiqamətlərindən biridir. Bu mənada özünüməşğulluq proqramına cəlb edilənlərin ən azı 50 faizi ünvanlı dövlət sosial yardımı alan ailələrin əmək qabiliyyətli üzvlərindən ibarət olmalıdır.

Sosial müavinətlər sahəsində müəyyən unifikasiya tədbirlərinin aparılmasının məqsədəuyğun ola biləcəyini diqqətə çatdıran nazir bildirib ki, hazırda nazirlik 2,5 milyona qədər əhaliyə xidmət göstərir. Onlara göstərilən xidmətlərin vəziyyəti ictimai rəyə də əhəmiyyətli təsir edir. Bu baxımdan, əhaliyə xidmət səviyyəsinin daim şəffaf və sosial ədalət prinsipi üzərində təşkili, onlara mədəni xidmətin göstərilməsi nazirliyin hər bir yerli qurumunun fəaliyyətində əsas istiqamət olmalıdır. Ümumilikdə, bu qurumlar “Sosial ev” modeli kimi fəaliyyət göstərməlidirlər.

Müşavirədə nazir Fondun fəaliyyət sahələrində mövcud problem və çatışmazlıqların aradan qaldırılması, idarəetmənin müasir və səmərəli təşkili, sosial sığorta daxilolmalarında əhəmiyyətli artımların təmin edilməsi, əhaliyə xidmətlərin tam şəffaflaşdırılması və bu sahədə vətəndaş məmnunluğuna nail olunması məqsədilə islahatlar proqramının hazırlanması barədə tapşırıq verib. Bildirilib ki, Fondun fəaliyyətində qısa müddətdə ciddi dönüşə nail olunmalı, sosial sığorta sistemi təkmil iş mexanizmlərinə əsaslanmalı, sosial təminat növləri üzrə əhaliyə xidmətlərdə şəffaflıq və sosial ədalət tam təmin edilməlidir.

Nazir Dövlət Sosial Müdafiə Fondunda olarkən qəbul otağına müraciət edən vətəndaşlarla görüşüb, onların müraciətlərini dinləyib. Müraciətlərlə bağlı vətəndaşlara aidiyyəti üzrə qanunvericilik izah olunub, ayrı-ayrı müraciətlərdə qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun şəkildə və qısa müddətdə həll olunması barədə tapşırıqlar verilib.