Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Elmi konfrans: Heydər Əliyev və Azərbaycanda intellektual potensialın inkişaf dinamikası

01 May 2018
Səbail Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatı və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycanda intellektual potensialın inkişaf dinamikası” mövzusunda respublika elmi konfransı keçirilib. Tədbirdə dövlət qurumlarının nümayəndələri, Milli Məclisin deputatları, elm və təhsil sahələrinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin universitetdəki abidəsi önünə gül dəstələri düzüblər.

AZƏRTAC xəbər verir ki, konfransda Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi 30 ildə gördüyü işlər və əldə olunan nailiyyətlərdən danışıb. E.Əzizov deyib: “Bəşər tarixində çox az insan var ki, onların həyat və fəaliyyətləri bütün millətin və xalqın, dövlətin taleyini həll etmiş olsun. Onlardan biri sözsüz ki, dahi rəhbər Heydər Əliyevdir. Ulu Öndərin Azərbaycan qarşısında ən böyük xidmətlərindən biri müstəqil dövlətimizin yaradılmasıdır. Bu gün birmənalı şəkildə demək olar ki, ümummilli lider Heydər Əliyev olmasaydı, müasir Azərbaycan dövləti də olmazdı”.

E.Əzizov vurğulayıb ki, Ulu Öndərin ölməz ideyalarını, siyasi kursunu davam etdirən Prezident İlham Əliyev Azərbaycanın gələcək inkişaf və tərəqqisinə təminat verir. Məhz Prezident İlham Əliyevin yüksək intellekti sayəsində bu gün Azərbaycan sürətlə inkişaf edir və müstəqilliyini qoruyub saxlayır.

YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı, professor Şəmsəddin Hacıyev, ADPU-nun rektoru, professor Cəfər Cəfərov Ulu Öndərin ölkəmizin müstəqilliyi, iqtisadi tərəqqisi və inkişafı istiqamətində gördüyü işlər, ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyevin inkişaf etdirdiyi siyasətin uğurları və gələcək perspektivləri barədə danışıblar. Çıxışçılar qeyd ediblər ki, Azərbaycan son illər möhtəşəm beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi edir. Ölkəmiz tolerantlıq və multikulturalizm baxımından bütün dünya üçün layiqli örnəkdir. Ulu Öndərin müdrik siyasi kursu, strateji dövlətçilik xətti müstəqil dövlətimizin bugünkü böyük uğur və nailiyyətlərinin əsas təminatçısıdır.

Konfransda ADPU-nun elm və innovasiyalar üzrə prorektoru, professor Asəf Zamanovun “Heydər Əliyev və Azərbaycanda elmi potensialın inkişafı”, ibtidai təhsil fakültəsinin dekanı, professor Fərrux Rüstəmovun “Heydər Əliyev və Azərbaycanda milli-pedaqoji fikir tarixinin tədqiqi” mövzularında məruzələri dinlənilib.

Sonra konfransın bölmə iclasında məruzələr dinlənilib, müzakirələr aparılıb. Universitetin müəllimləri ümummilli lider Heydər Əliyevin dövlət quruculuğu, iqtisadiyyatın, elm, təhsil və mədəniyyətin, həmçinin idmanın inkişafındakı rolu ilə bağlı çıxış ediblər.

Sonda konfrans iştirakçıları adından bəyanat qəbul olunub.