Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Mir Cəlal Paşayev ədəbiyyatşünas alim kimi elmimizə dəyərli töhfələr verib

01 May 2018
 

Mayın 1-də Bakı Dövlət Universitetində (BDU) görkəmli yazıçı, ədəbiyyatşünas alim və pedaqoq Mir Cəlal Paşayevin 110 illiyinə həsr olunan respublika elmi-praktik konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə ölkənin tanınmış dövlət və elm xadimləri, universitetin müəllim və tələbələri iştirak ediblər.

Konfransın plenar iclasında BDU-nun rektoru, akademik Abel Məhərrəmov Mir Cəlal Paşayevin zəngin irsindən, Azərbaycan elminin, təhsilinin inkişafında və yüksəkixtisaslı kadrların hazırlanmasında mühüm xidmətlərindən, o cümlədən nəcib insani keyfiyyətlərindən danışıb. Bildirilib ki, XX əsrin ədəbi-elmi fikrinin korifeylərindən sayılan Mir Cəlal Paşayev çağdaş Azərbaycan tarixində ədəbiyyatşünas-nəzəriyyəçi alim kimi müstəsna və özünəməxsus yer tutub. Mir Cəlal müəllim 1936-cı ildən ömrünün sonunadək BDU-da pedaqoji fəaliyyətlə məşğul olub.

Təhsil naziri Ceyhun Bayramov Mir Cəlal Paşayevin ölkəmizdə ədəbiyyatın, elmin, xüsusilə təhsilin inkişafındakı müstəsna xidmətlərindən danışıb. Nazir ölkəmizin hər yerində ədibin 110 illiyinə həsr olunan yubiley mərasimlərinin təntənə ilə qeyd edilməsini böyük sənətkarın yaradıcılığına, onun ədəbi irsinə göstərilən diqqət və qayğının təzahürü kimi dəyərləndirib.

Sonra filologiya fakültəsinin dekanı, dosent Elçin Məmmədov “Mir Cəlal Paşayevin həyatı və yaradıcılığı” mövzusunda məruzə ilə çıxış edib, görkəmli alimin keşməkeşli ömür yolundan söz açıb. Məruzədə Mir Cəlal Paşayevin yazıçı kimi Azərbaycan ədəbiyyatı tarixindəki əvəzolunmaz mövqeyindən və ədəbiyyatşünas alim kimi elmimizə verdiyi dəyərli töhfələrdən bəhs edilib.

Çıxış edənlər Mir Cəlal yaradıcılığının özəlliklərindən, onun alim və müəllim kimi şəxsi keyfiyyətlərindən danışıb, yazıçı ilə bağlı xatirələrini bölüşüblər.

Tədbirdə Mir Cəlal Paşayevin həyat və yaradıcılığına həsr edilən film nümayiş olunub.