Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Pakistan mətbuatı: Azərbaycanda prezident seçkiləri demokratik və şəffaf keçib

17 Aprel 2018
Pakistanın nüfuzlu Associated Press of Pakistan (APP) agentliyində və “Daily Times” qəzetində “Azərbaycanda seçkilər: Prezident İlham Əliyev rəsmi şəkildə qalib elan olundu” və “İlham Əliyev səslərin 86,03 faizini toplayaraq növbəti müddətə Prezident seçildi” sərlövhəli məqalələr dərc olunub.

Yazılarda aprelin 11-də Azərbaycanda keçirilmiş prezident seçkiləri barədə ətraflı məlumat verilir. Mərkəzi Seçki Komissiyasının seçkilərin nəticələri ilə bağlı rəsmi protokolu və digər sənədləri ölkənin Konstitusiya Məhkəməsinə göndərdiyi diqqətə çatdırılır.

Associated Press of Pakistan agentliyinin Bakıya ezam olunmuş müxbirinin müxtəlif seçki məntəqələrində vətəndaşların sıraya düzülərək səs vermək üçün öz növbələrini gözlədiyinin şahidi olduğu vurğulanır. Bildirilir ki, səs verməyə gələn seçicilər APP-nin müxbirinə hazırkı dövlət başçısının apardığı siyasətdən razı olduqlarını və ölkənin onun rəhbərliyi altında davamlı şəkildə inkişaf etdiyini bildiriblər. Azərbaycanlıların əksəriyyəti İlham Əliyevin siyasətindən razıdır, çünki o, ölkəni inkişaf etdirir, Azərbaycana külli miqdarda xarici sərmayə cəlb etməyi bacarıb.

Məqalələrdə Azərbaycanda seçkilərə hazırlıqla bağlı görülən işlər barədə ətraflı məlumat verilir. Seçkilərin demokratik, şəffaf və ölkənin seçki qanunvericiliyinə uyğun şəkildə keçirildiyi diqqətə çatdırılır.

 

AZƏRTAC