Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“ASAN xidmət”: 21 milyonuncu müraciət Xaçmazda qeydə alınıb

17 Aprel 2018
Aprelin 17-də “ASAN xidmət”ə 21 milyonuncu müraciət qeydə alınıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu müraciəti Şahvar Yusufov Xaçmaz şəhərində səyyar “ASAN xidmət”ə edib.

Şahvar Yusufov Xaçmaz Dəmiryol Stansiyasında fəaliyyət göstərən səyyar “ASAN qatar”da Ədliyyə Nazirliyinin notariat xidmətindən faydalanıb.

Xudat şəhər sakini 21 milyonuncu müraciətin sahibi kimi təşəkkürnamə və xüsusi hədiyyələrlə mükafatlandırılıb. O, vətəndaş məmnunluğu üçün yaradılan şəraitə görə “ASAN xidmət”ə təşəkkürünü bildirib.

Dövlət Agentliyinin informasiya təminatı şöbəsinin əməkdaşı Mehdi Məmmədov bildirib ki, hazırda 13 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan beşi Bakı şəhərində, digərləri isə Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba və Mingəçevirdədir. Bununla yanaşı, regionlarda 10 səyyar “ASAN xidmət” avtobusu və səyyar “ASAN qatar” vasitəsilə vətəndaşlara xidmətlər göstərilir.

Qeyd edək ki, səyyar “ASAN qatar” mayın 10-dək 25 gün müddətində Xaçmaz Dəmiryol Stansiyasında fəaliyyət göstərəcək. Xaçmazla yanaşı Quba, Qusar və Şabran rayonlarının sakinləri də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin xidmətlərindən yararlanmaq imkanı qazanıblar.