Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Qobustan rayonunda 350-dən çox uşaq ödənişsiz səyyar tibbi müayinə aksiyasından yararlanıb

14 Mart 2018
Baharın gəlişi və Novruz bayramı münasibətilə Azərbaycan Uşaq Fondu, “Sağlam Ailə Tibb Mərkəzi” və PROAKTİV şirkətinin birgə təşkilatçılığı ilə Qobustan rayonunda “Novruz sevinci” adlı ödənişsiz səyyar tibbi müayinə aksiyası keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aksiyada tibbi xidmətdən keçmək istəyən 350-dən çox uşaq “Sağlam Ailə Tibb Mərkəzi”nin təqdim etdiyi terapevt, dermatoloq, pediatr, oftalmoloq, USM, EKQ və qanda şəkərin təyini müayinələrindən faydalanıblar.

Səyyar tibbi müayinənin əsas məqsədlərindən danışan PROAKTİV şirkətinin direktoru Şahanə Sarı bildirib ki, aksiyada başlıca məqsəd əhali arasında profilaktik müayinə mədəniyyətini, sağlam həyat tərzini təbliğ etmək, habelə dövlət siyasətinin, xüsusən Heydər Əliyev Fondunun xeyirxah missiyasının davamı olaraq aztəminatlı və ehtiyacı olan vətəndaşlar üçün pulsuz müayinələrin həyata keçirilməsini təşkil etmək, əhalinin bayram sevincinə sevinc qatmaqdır.

Azərbaycan Uşaq Fondunun sədri Aqil Məhərrəmov rayonda keçirilən xeyirxah aksiyada iştirak edib.