Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Səfir Kerol Krofts: Azərbaycan Britaniya üçün əhəmiyyətli tərəfdaşdır

13 Mart 2018
Azərbaycan Britaniya üçün əhəmiyyətli tərəfdaşdır. İki ölkə arasında yaxşı əlaqələr mövcuddur. Birləşmiş Krallıq artıq uzun illərdir ki, Azərbaycanda ən böyük xarici investordur.

AZƏRTAC xəbər verir ki, bu sözləri Böyük Britaniyanın Azərbaycandakı səfiri Kerol Krofts öz iqamətgahında Novruz bayramı münasibətilə keçirilən tədbirdə deyib.

Səfir Novruz bayramını baharın gəlişi, təbiətin oyanışı kimi səciyyələndirib.

Ötən il “Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsinin 2050-ci ilə qədər uzadıldığını xatırladan diplomat bildirib ki, bu, əsrin ortalarına qədər BP-nin Azərbaycanda fəaliyyət göstərməsi deməkdir. Bu, eyni zamanda, Xəzər dənizində yeni investisiya imkanları, iş yerləri və inkişaf deməkdir. Azərbaycanda Britaniyanın beş yüzə yaxın şirkəti, dörd minə yaxın vətəndaşı fəaliyyət göstərir. Biz Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsinə də kömək göstərməyə çalışırıq. Azərbaycanın hazırda nəqliyyat dəhlizi və qovşağı kimi çox mühüm mövqeyi var. Biz bundan regionun təhlükəsizliyi və inkişafı üçün faydalanmaq istəyirik.

Tədbirdə milli adət-ənənələrə uyğun olaraq masalara xonça və səmənilər düzülüb, bayram süfrəsi açılıb.