Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Ağsaqqallar Şurasının iclasında prezident seçkilərində İlham Əliyevin namizədliyinin dəstəklənməsi ilə bağlı müraciət qəbul olunub

14 Fevral 2018
Fevralın 14-də Azərbaycan Ağsaqqallar Şurasının iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda çıxış edən Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov aprelin 11-də ölkəmizdə keçiriləcək prezident seçkilərində dövlətimizin başçısı İlham Əliyevin namizədliyinin Şura tərəfindən dəstəkləndiyini söyləyib. O deyib ki, ulu öndər Heydər Əliyevin siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan sürətlə inkişaf edir, ölkədə sabitlik mövcuddur. İlham Əliyev hələ uzun müddət bu uğurlu siyasəti davam etdirəcək. Azərbaycanın dünya arenasında nüfuzunun daha da artması üçün qətiyyətli, iradəli, praqmatik dövlət xadimi lazımdır və İlham Əliyev də məhz belə şəxsiyyətdir. Azərbaycan Ağsaqqallar Şurası xalqımızı prezident seçkilərində dövlətimizin başçısı İlham Əliyevi dəstəkləməyə çağırır. Ağsaqqallar ölkədə bütün sahələrdə gedən iqtisadi, siyasi islahatları, beynəlxalq əlaqələrlə bağlı prosesləri izləyir və bu nəticəyə gəlirlər ki, tutduğumuz yol düzgün yoldur. İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir ki, bu gün Azərbaycan dünyada nümunəvi ölkə kimi tanınır.

Milli Məclisin səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib ki, bu gün hər bir azərbaycanlı İlham Əliyevin namizədliyini dəstəkləməlidir. Məhz ümummilli lider Heydər Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində Azərbaycan 1990-cı illərin əvvəlində yaranmış ağır böhrandan çıxa bildi. Azərbaycanı düşünən, sevən hər bir insan bilir ki, bu gün Prezident İlham Əliyevin apardığı siyasət Heydər Əliyev siyasətinin davamıdır. Əgər istəyiriksə ki, övladlarımız, nəvələrimiz firavan, sabit bir ölkədə yaşasınlar biz ağsaqqallar İlham Əliyevin namizədliyini dəstəkləməliyik. İlham Əliyevin gördüyü işlər göz qabağındadır. Ona görə də prezident seçkilərində İlham Əliyevin alternativi yoxdur. Biz İlham Əliyevə səs verməklə Azərbaycanın firavanlığına, sabitliyinə səs verəcəyik.

Tədbirdə digər çıxış edənlər deyiblər ki, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasi kursun hazırda Prezident İlham Əliyev tərəfindən davam və inkişaf etdirilməsi nəticəsində Azərbaycanın çox böyük uğurlara imza atması ölkəmizin dünya birliyində mövqelərinin yüksəlməsini təmin edib. Bu gün Azərbaycan qüdrətli dövlətlər sırasında öz yerini tutub.

İclasda aprelin 11-də keçiriləcək prezident seçkilərində İlham Əliyevin namizədliyinin dəstəklənməsi ilə bağlı müraciət qəbul olunub.

Müraciətdə bildirilir ki, müasir dövrdə dünyanın bir çox ölkələrinin üzləşdiyi iqtisadi, siyasi böhranlara baxmayaraq, respublikamız öz sabit və dinamik inkişaf dövrünü yaşayır. Beynəlxalq miqyasda böyük nüfuza malik bir ölkə kimi tanınan Azərbaycanda qarşıya qoyulan bütün vəzifələr və infrastruktur layihələri uğurla icra edilir, əhalinin sosial rifah halının daha da yaxşılaşdırılması istiqamətində mühüm islahatlar aparılır. Bu gün Azərbaycanda heç də bütün ölkələrdə mövcud olmayan ictimai-siyasi sabitlik və inkişaf hökm sürür ki, bunun da əsasında ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlət strategiyasının İlham Əliyev tərəfindən müasir dövrün reallıqlarına və tələblərinə uyğun şəkildə uğurla və qətiyyətlə davam etdirilməsi, həmçinin müdrikliklə və uzaqgörənliklə reallaşdırılan daxili və xarici siyasət kursu dayanır.

Müraciətdə qeyd edilir ki, Azərbaycan Ağsaqqallar Şurasının üzvləri dövlətimizin başçısının rəhbərliyi ilə aparılan nəhəng quruculuq işlərində daim yaxından iştirak edir, zəngin həyat təcrübələrindən, bilik və bacarıqlarından istifadə etməklə ictimai həyatın müxtəlif sahələrinin inkişafına öz töhfələrini verirlər. Ağsaqqallar əhalinin bütün təbəqələrinin Prezident İlham Əliyevin ətrafında sıx birləşməsi, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması sahəsində öz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirirlər.

Vurğulanır ki, bu gün Prezident İlham Əliyevin uzaqgörən və uğurlu siyasəti nəticəsində Azərbaycan inkişaf etməkdə olan ölkələr arasında qabaqcıl yerlərdən birini tutur. Beynəlxalq səviyyədə reallaşdırılan enerji və nəqliyyat layihələrində, həmçinin regionda sülhün və təhlükəsizliyin təmin edilməsində ölkəmiz həlledici rol oynayır. Belə bir şəraitdə Azərbaycana İlham Əliyev kimi parlaq düşüncəli, uzaqgörən, qətiyyətli, iradəli və müdrik bir şəxsiyyətin rəhbərlik etməsi çox vacibdir. Bu səbəbdən də Azərbaycan ağsaqqalları ölkəmizin gələcək inkişafı və xalqımızın rifahı naminə Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin davam etdirilməsini zəruri hesab edir, Yeni Azərbaycan Partiyasının qurultayında onun yenidən ölkə prezidentliyinə namizədliyinin irəli sürülməsini alqışlayırlar. Azərbaycan Ağsaqqallar Şurasının üzvləri qarşıdan gələn prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləyirlər.