Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Xalqın dəyişməz seçimi

14 Fevral 2018
 

Aprelin 11-də ölkəmizdə keçiriləcək prezident seçkiləri siyasi gündəmin müzakirə mövzusu olaraq qalır. Yeni Azərbaycan Partiyasının VI qurultayının cənab İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi ilə bağlı tarixi qərarı hazırda cəmiyyətimizdə ən geniş müzakirə olunan məsələdir.

Milli Məclisdə Yeni Azərbaycan Partiyasını təmsil edən deputatlar da hesab edirlər ki, Azərbaycan xalqının alternativsiz lideri olan cənab İlham Əliyevə rəqib ola biləcək siyasi qüvvə yoxdur.

 

Millətə və dövlətə sədaqətli xidmət missiyası

 

Ziyafət ƏSGƏROV,
Milli Məclis Sədrinin birinci müavini,
YAP Siyasi Şurasının üzvü:

- Dövlət başçısi İlham Əliyev səlahiyyətlərindən istifadə edərək aprel ayının 11-də prezident seçkilərinin keçirilməsi ilə bağlı sərəncam imzalamaqla ölkə Konstitusiyasına, seçki qanunvericiliyinin tələblərinə tam uyğun şəkildə addım atdı. Seçkilərin daha erkən tarixə təyin edilməsi ölkədə aparılan genişmiqyaslı islahatların yaratdığı hüquqi, siyasi və digər tələblərlə bağlıdır və dövlətin qarşısında duran mühüm məsələlərin həlli, siyasi-iqtisadi resursların yeni dövr üçün daha mütəşəkkil şəkildə səfərbər edilməsi baxımından vacibdir.
Cənubi Qafqazın ən böyük siyasi qüvvəsi, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan, üzvlərinin sayı yeddi yüz mini ötən Yeni Azərbaycan Partiyasının VI qurultayında isə partiyanın sədri, öz fəaliyyəti ilə son 15 ildə Azərbaycanı dinamik inkişaf yoluna çıxaran və güclü dövlətə çevirən cənab İlham Əliyevin namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edildi. Azərbaycan dövlətinin inkişafına, xalqın xoşbəxt gələcəyinə, yaşayış tərzinin gündən-günə yaxşılaşmasına xidmət edən, bütün enerjisi və gücünü ölkəmizin parlaq gələcəyinə həsr edən bir insana bu etimadın göstərilməsi təqdirəlayiqdir və bu, hər bir vətəndaş üçün gözlənilən idi.
Prezident İlham Əliyevin son 15 ildə əldə etdiyi böyük siyasi nailiyyətlər onun siyasi liderlik üçün zəruri keyfiyyətlərə malik olduğunu bir daha təsdiqləyir. Müstəqil Azərbaycanın məhz cənab İlham Əliyevin rəhbərliyi altında ciddi uğurlara imza atması, sürətli iqtisadı inkişaf tempi ilə dünyada lider mövqelərə yüksəlməsi də dövlət idarəçiliyinin uzun illər ərzində formalaşmış, təcrübədən uğurla çıxmış təkmil mexanizmlər əsasında həyata keçirilməsi nəticəsində mümkün olmuşdur. Ümummilli liderin ciddi elmi təməllərə söykənən inkişaf strategiyasını inamla davam etdirən cənab İlham Əliyev qısa müddətdə Azərbaycanı Cənubi Qafqaz regionunun ən sürətlə inkişaf edən qüdrətli dövlətinə çevirmişdir.
Azərbaycanda bütün sosial-iqtisadi məsələlər uğurla öz həllini tapır. Ölkəmizdə təhlükəsizlik tədbirləri yüksək səviyyədədir. İnsan hüquq və azadlıqları, o cümlədən siyasi azadlıqlar, söz və mətbuat azadlığı təmin edilmişdir. 2016-cı ildə keçirilən Konstitusiya islahatları, Vitse-prezident institutunun yaradılması həyata keçirilən islahatların dərinləşməsi, dövlət idarəçiliyinin təkmilləşməsi, insan hüquq və azadlıqlarının qorunması üçün daha geniş bazanın yaradılması və səmərəliliyin təmin olunması istiqamətində ən uğurlu addımlardan sayılmalıdır.
Bu gün ölkəmizin suverenliyini, inkişafını möhkəmləndirən və ona beynəlxalq arenada nüfuz qazandıran ən mühüm və səmərəli amillərdən biri də multikulturalizm və tolerantlıqdır. Xalqların etnik-mədəni, dini dəyərlərini qoruyaraq, əslində, beynəlxalq miqyasda insan haqlarının qorunmasının çox mühüm və fərqli nümunəsini dünyaya göstərmiş olan Azərbaycan bu siyasəti torpaqlarının 20 faizi işğal altında olduğu bir dövrdə həyata keçirir. Sözsüz ki, beynəlxalq aləmdə baş verən proseslərin gərginləşdiyi, dünya birliyini narahat edən müharibə və münaqişələr, hərbi toqquşmalar, beynəlxalq terrorçuluq və nəticə olaraq insanların öz evlərini tərk etmək məcburiyyətində qaldığı bir dövrdə ölkələrin öz sabitliyini qoruyaraq beynəlxalq arenada nüfuz qazanması olduqca çətin bir prosesdir. Azərbaycan isə bu çətin missiyanın öhdəsindən layiqincə gələn və hətta dünyaya yeni model nümayiş etdirən bir ölkəyə çevrilməyi bacarmışdır. Azərbaycanın beynəlxalq müstəvidə qazandığı nailiyyətləri sırasına 2011-ci ildə Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi də əlavə olundu. Azərbaycan həm də kosmos ölkələri sırasındadır ki, bu uğura da hər bir dövlət nail ola bilməyib. Öz xarici siyasətində milli maraqlar və beynəlxalq hüquq normaları ilə yanaşı, sülh, sabitlik, inkişaf, qarşılıqlı faydalı əməkdaşlıq kimi meyarları əsas götürən Azərbaycan beynəlxalq münasibətlər sisteminə yeni və daha mütərəqqi dəyərlər təqdim etməkdədir. Cənubi Qafqazın təhlükəsizlik qarantı olan Azərbaycan beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi çıxış edir. Evsahibliyi etdiyimiz bir sıra nüfuzlu konfranslar bir daha Azərbaycanın xarici siyasətinin uğurlu inkişaf potensialını ortaya qoydu. Bu tədbirlərin arasında Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Dünya Dini Liderlərinin Sammiti, müvafiq olaraq keçirilmiş dörd Beynəlxalq Humanitar Forum, Birləşmiş Millətlər Təşkilatı Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu yer alır. Məhz öz liderinin yüksək iradəsi, əzmi, qətiyyəti, idarəçilik keyfiyyətləri sayəsində Azərbaycan bu dövrdə dinamik inkişaf yolu keçmiş, bir sıra taleyüklü məsələlərin həllinə nail olmuşdur.
Əlbəttə ki, cənab Prezidentin həyata keçirdiyi siyasətin uğurlarını xalqımız görür və qiymətləndirir. Ona görə də, ümumxalq partiyası olan YAP özünün VI qurultayında cənab İlham Əliyevin prezidentliyə namizədliyini rəsmi şəkildə irəli sürməklə, əslində, xalqın mövqeyini ifadə etdi. Cənab İlham Əliyevin qurultayda çıxışı zamanı nümayiş etdirdiyi qətiyyətli mövqe bizə gələcəkdə gözlənilə bilən siyasi və iqtisadi burulğanları dəf etməyə imkan verəcək. Cənab İlham Əliyev hər addımında milli maraq və mənafeləri üstün tutur, ölkə vətəndaşlarının arzu və istəklərini gerçəkləşdirmək üçün əzmkarlıqla çalışır. Azərbaycan Prezidentinin fəaliyyətinin əsas qayəsi də xalqa və dövlətə sədaqətli, layiqli xidmət prinsipi üzərində qurulmuşdur. Əminliklə demək olar ki, cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqını uğurlu gələcəyə aparan bu siyasət növbəti illərdə də davam etdiriləcək, böyük nailiyyətlərə imza atılacaq, müstəqil dövlətimizin beynəlxalq aləmdə nüfuzu daha da artacaq və qarşıda duran bütün problemlər həll olunacaq.

 

Azərbaycanda İlham Əliyevin alternativi yoxdur

 

Eldar İBRAHİMOV,
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri,
YAP-ın İdarə Heyətinin üzvü:

- Yeni Azərbaycan Partiyasının VI qurultayında təkcə partiya üzvlərinin deyil, bütün xalqın istəyi reallaşdı. Çünki Azərbaycan xalqının öz Prezidentinə güvəni, böyük sevgisi var. Ona görə ki, ölkəmizdə sabitik, sülh, əmin-amanlıq, eləcə də inkişaf məhz cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində əldə olunub.
Azərbaycanın gündən-günə inkişaf etməsi göz qarşısındadır. Artıq bütün dünyanın diqqəti ölkəmizin artan inkişafındadır. Bunun nəticəsidir ki, ölkəmizə maraq yüksəlib və Azərbaycan bir sıra mühüm layihələrin əsas iştirakçısına çevrilib.
Bu gün neqativ amillər dünya iqtisadiyyatına öz təsirini göstərir. Lakin Prezident İlham Əliyevin tam müstəqil siyasəti nəticəsində bütün neqativ halların qarşısı peşəkarlıqla alınır və iqtisadiyyatımız davamlı inkişaf edir.
Azərbaycan Prezidenti ölkəmizin inkişafı istiqamətində bütün sahələrə diqqət yetirir. Görülən işlərin nəticəsidir ki, yüzlərlə məktəblər tikilib, təmir olunub, xəstəxanalar müasir standartlara uyğun olaraq avadanlıqlarla təchiz olunub, körpülər salınıb, ölkəmizin infrastrukturu tamamilə yenilənib.
2004-cü ildən bu günə qədər Azərbaycan bölgələrinin inkişafı tarixi nailiyyətdir. Azərbaycan bölgələrində lazım olan bütün infrastruktur layihələri icra edilib və biz hazırda sürətli inkişaf dövrünü yaşayırıq. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının qəbulu və qarşıya qoyulan vəzifələrin uğurlu icrası sayəsində respublikamızın bütün bölgələrinin siması tamamilə dəyişib, kənd yolları asfatlaşdırılıb, rayonların ucqar kəndləri belə qazlaşdırılıb, yaşayış məntəqələri içməli su ilə təmin olunub, rabitə sistemi yüksək səviyyədə qurulub və demək olar ki, şəhərlə kənd arasındakı fərq aradan qaldırılıb. Regionlarda ən müasir tələblərə cavab verən yeni iş yerlərinin açılması, qeyri-neft sektorunun inkişafı, daha çox valyuta gətirən strateji əhəmiyyətli kənd təsərrüfatı məhsullarının istehsalının artırılması üçün bütün imkanlardan istifadə edilməsi əhalinin məşğulluğunu daha da artırıb.
Bütün görülən işləri, həyata keçirilən daxili və xarici siyasəti nəzərə alıb deyə bilərik ki, bu gün Azərbaycanda İlham Əliyevə alternativ yoxdur. Xalqın qərarı belədir: İlham Əliyev yenidən Prezident olmalı, ölkəmizi daha da inkişaf etdirməlidir.

 

Xalq davamlı tərəqqiyə, yüksələn rifaha səs verəcək

 

Rafiq MƏMMƏDHƏSƏNOV,
Milli Məclisin deputatı, YAP Siyasi Şurasının üzvü,
professor:

- İki aydan sonra müasir Azərbaycanın siyasi həyatında mühüm tarixi hadisə yaşanacaq. Aprel ayının 11-də müstəqillik dövrünün 8-ci prezident seçkisində xalq seçimə gedərək özünə yeni lider seçəcək və seçkilərin qalibi növbəti yeddi il müddətində dövlətə, xalqa ləyaqətli xidmət missiyasını yerinə yetirəcək.
Artıq Azərbaycanın siyasi arenasının flaqmanı olan Yeni Azərbaycan Partiyası öz namizədini müəyyənləşdirib. Yeddi yüz mindən artıq insanı öz ətrafında səfərbər edən partiyamızın VI qurultayında növbəti dəfə cənab İlham Əliyevin prezidentliyə namizədliyi irəli sürülüb.
Öncə onu vurğulamaq yerinə düşər ki, Yeni Azərbaycan Partiyası insanları ulu öndər Heydər Əliyevin idealları ətrafında birləşdirən partiyadır. Ona görə xalqımız böyük səs çoxluğu ilə seçdiyi Prezidentin, cənab İlham Əliyevin ətrafında sıx birləşib. Azərbaycanın ən ağır problemlərini çiyinlərində daşıyan, azərbaycançılıq məfkurəsinə və milli inkişaf konsepsiyasına sədaqət ruhunda fəaliyyət göstərən YAP hər zaman üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlib. Gələcəyə ümidlərin tükəndiyi bir vaxtda Yeni Azərbaycan Partiyası ölkəmizin müqəddəratının tənəzzüldən tərəqqiyə doğru dəyişməsinə aparan yolun başlanğıcını qoyub. Dünənin, bu günün və gələcəyin partiyası adını şərəflə doğruldaraq və bu məsuliyyəti dərindən dərk edərək Azərbaycanın siyasi sisteminin normal dayaqlar üzərində inkişaf etməsinə güclü əsaslar yaratmaqla bu tarixi missiyanı şərəflə daşıyıb.
Əlbəttə ki, belə bir təşkilatın prezident seçkiləri ilə bağlı qəbul etdiyi qərar təkcə partiya üzvlərinin deyil, həm də Azərbaycan xalqının mütləq əksəriyyətinin qərarı idi. Çünki 15 il öncə - 2003-cü ildə ilk dəfə prezident seçilərkən “Mən hər bər azərbaycanlının Prezidenti olacağam”, - deyən cənab İlham Əliyev nəinki verdiyi bütün vədləri yerinə yetirdi, hətta Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirdi. Azərbaycan Prezidenti son 14 il ərzində müstəqil siyasətinə tam sadiqlik nümayiş etdirərək dövlət və xalq qarşısında öz missiyasını ləyaqətlə yerinə yetirdi. Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində yaranan xalq-iqtidar birliyi daha da dərinləşdi. İnkişaf etməkdə olan ölkələr sırasına yüksələn Azərbaycanda başlanan yeni inkişaf dövrü, dərin və sürətli islahatlar mərhələsi mühüm uğurları şərtləndirdi.
Ötən müddətdə Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın qüdrətli dövlətə çevrilməsi yolunda son dərəcə vacib amil olan ictimai-siyasi sabitlik qorunub saxlanıldı, iqtisadi inkişafa, vətəndaş sülhünə və həmrəyliyinə, qanunun aliliyinə xidmət edən mükəmməl konsepsiyanın həyata keçirilməsində yeni mərhələnin əsası qoyuldu. Ölkədə demokratik, hüquqi dövlət quruculuğu istiqamətində davamlı siyasətin yeridilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsinin təşkili, dövlətçilik ənənələrinin zənginləşdirilməsi, ölkəmizin dinamik iqtisadi inkişaf magistralına çıxması, onun beynəlxalq nüfuzunun sürətlə artması məhz cənab İlham Əliyevin şəxsi liderlik keyfiyyətləri sayəsində mümkün olub.
Son 14 il müddətində ölkənin həm xarici, həm də daxili siyasətində böyük nailiyyətlər əldə olunub. Məhz İlham Əliyevin uğurlu diplomatiyası nəticəsində Azərbaycan 2012-ci ildə Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Azərbaycan xarici investisiyaların cəlb olunmasında, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında çox böyük nəticələr əldə edib.
Əlbəttə ki, cənab Prezidentin həyata keçirdiyi siyasətin uğurlarını xalqımız görür və yüksək qiymətləndirir. Ona görə də, ümumxalq partiyası olan YAP özünün VI qurultayında cənab İlham Əliyevin prezidentliyə namizədliyini rəsmi şəkildə irəli sürməklə xalqın mövqeyini ifadə etdi. Əminəm ki, aprelin 11-də azad və demokratik prezident seçkiləri nəticəsində növbəti dəfə cənab İlham Əliyevin parlaq qələbəsini qeyd edəcəyik. Xalq yenidən İlham Əliyevə səs verməklə Azərbaycanın növbəti 7 il ərzində sosial-iqtisadi inkişafına səs vermiş olacaq.

Rəşad BAXŞƏLİYEV,
“Azərbaycan”