27 Aprel 2024 08:05
252
SİYASƏT
A- A+

Sülhə doğru daha bir addım atılıb

 

Artıq delimitasiya prosesi başlayıb

 

Dünyanın bir sıra ölkələrində münaqişələrin davam etdiyi, həlli yollarının tapılmadığı, hələ də müharibə ocaqlarının söndürülməsinin müşkül göründüyü bir zamanda Azərbaycanın sülhə, sabitliyə doğru atdığı addımlar, həyata keçirdiyi tədbirlər təqdirəlayiqdir. Bu baxımdan, son illər ölkəmizdə baş verən hadisələr, ard-arda qazanılan qələbələr yalnız respublikamızın deyil, bütövlükdə Cənubi Qafqazın bu günü, sabahı üçün olduqca əhəmiyyətlidir.
XX əsrin axırıncı onilliyində Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgələrini münaqişə ocağına çevirən, işğala məruz qoyan, həmin ərazilərin yerli sakinləri olan azərbaycanlıların başlarına gətirilən müsibətlərin səbəbkarı Ermənistan idi. Uzun illər işğalçılıq siyasətini davam etdirmək üçün Ermənistan hökumətinin rəhbərləri hər vasitəyə əl atdılar. İşğalçı, təcavüzkar ölkənin rəhbərləri sözləri keçən, ərki çatan bir sıra güclü dövlətlərdən, beynəlxalq təşkilatlardan yardımlar diləndilər, aldıqları hərbi avadanlıqlardan, silah-sursatdan Azərbaycanın, azərbaycanlıların əleyhinə istifadə etdilər.
Dünyaya "demokratiya" dərsi keçən, lakin özləri demokratiyadan uzaq olan ermənipərəst ABŞ, Qərb dövlətləri və onların yedəklərindəki bir sıra beynəlxalq təşkilatların çirkin niyyətli, məkrli olduqlarını, Azərbaycanla Ermənistan arasında münaqişəyə son qoyulmasına, sülhün yaranmasına vasitəçilik etmək adı ilə yalnız vaxt qazanmağa, Qarabağda, Şərqi Zəngəzurda erməni işğalının davam etməsinə çalışdıqlarını zaman göstərdi. Beləliklə, onlar vaxtın uzanmasına, Azərbaycanın işğal faktları ilə barışmasına cəhd edirdilər.
Müharibə istəməyən, münaqişənin sülh yolu ilə başa çatmasına, ərazilərini savaşsız, qansız-qadasız işğaldan azad etməyə səy göstərən Azərbaycan dövləti və xalqı isə bir məsələdə də hər zaman eyni mövqedən çıxış edir, daha heç vaxt ermənilərə torpaq verməyəcəyini bildirirdi. Dövlətimizin başçısı, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyev qətiyyətlə bəyan edirdi ki, biz Azərbaycan ərazisində ikinci erməni dövləti yaradılmasına imkan verməyəcəyik.
Aprelin 23-də "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumda dövlətimizin başçısı İlham Əliyevin vurğuladığı kimi, biz 28 il gözlədik və ondan sonra suverenliyimizi güc yolu ilə bərpa etdik: "Biz bunu haqlı olduğumuz və edə bildiyimiz üçün etdik. Bizim üçün bu, ölüm-dirim məsələsi idi. Biz o zaman əmin deyildik ki, kimlər Ermənistan tərəfindən çıxış edəcək. Fərqli variantlar ola bilərdi. Onların heç biri bizim üçün xoş deyildi. Amma o zaman biz bu barədə düşünmürdük, ya suveren ləyaqətimizi bərpa etməli, ya da hamımız ölməli idik. Bizim yanaşmamız belə idi. Gözlədik, güc topladıq, beynəlxalq arenada işlədik. Biz mövqeyimizi sübuta yetirməyə və təcavüzün qurbanı olduğumuzu izah etməyə çalışırdıq, lakin bu, heç bir nəticə vermədi. Bəli, beynəlxalq qurumlar qətnamələr, qərarlar qəbul etdilər, amma bunlar icra olunmadı, icra mexanizmi yox idi. Beləliklə, biz bunu güc yolu ilə icra etdik. Dediyim kimi, biz sülhü müharibə ilə gətirdik".
2020-ci ilin payızında Ermənistan silahlı qüvvələrinin növbəti təxribatı nəticəsində başlayan, qırx dörd gün davam edən və Azərbaycan Ordusunun qələbəsi ilə başa çatan İkinci Qarabağ müharibəsində, 2023-cü ilin sentyabrında aparılan lokal xarakterli antiterror əməliyyatları zamanı qazandığımız qələbələr tarixi ədalətin bərpa olunması idi. Digər tərəfdən, artıq qəhrəman Azərbaycan Ordusunun hünəri ilə separatizmin kökü birdəfəlik kəsilən Qarabağda sülhün əldə olunmasına tarixi fürsət yarandı. 
Bu gün Cənubi Qafqazda davamlı sülhün, sabitliyin yaranması real görünür. "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumda Prezident İlham Əliyevin tədbir iştirakçılarının suallarını cavablandırarkən dediyi kimi, Azərbaycanın İkinci Qarabağ müharibəsində zəfər çalması və ardınca suverenliyini tam bərpa etməsi regionda dayanıqlı sülhə də birbaşa rəvac verib. 
Sülh prosesinin təşəbbüskarı Azərbaycandır. Rəsmi Bakı İkinci Qarabağ müharibəsindən dərhal sonra Ermənistana beş baza prinsipi əsasında təkmil sülh modeli təklif etdi və bu istiqamətdə əməli işlər həyata keçirdi. Ancaq  rəsmi İrəvan reallıqlarla tamamilə təzad təşkil edən istəkləri, Azərbaycan ərazilərinə iddia etmək kimi boş xülyaları ilə sülh razılaşmasının imzalanmasına əngəllər yaratdı. Ermənistan sazişinə qondarma "Dağlıq Qarabağ" məsələsini daxil etmək cəhdi də həmin əngəllərdən biri oldu. "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumda Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu, bizim üçün tamamilə qəbuledilməz idi, çünki dırnaqarası "Dağlıq Qarabağ" Azərbaycanın Qarabağ regionu olub və olacaq, bu, Azərbaycanın daxili məsələsidir. Dövlətimizin başçısı vurğuladı ki, bu, irəliləyişə nail ola bilməməyimizin başlıca səbəbi idi.
Rəsmi səviyyədə Qarabağın Azərbaycan ərazisi olduğunu etiraf edən Ermənistanın sülhə imza atmaqdan boyun qaçırmasında arxalandığı, sığındığı xarici himayədarlarının da "rolu" danılmaz oldu. Ermənipərəst Qərb dairələri Cənubi Qafqazda daimi münaqişə ocağının olmasında maraqlıdır. Ermənistana siyasi, hərbi dəstək vermələrində də bu xəbis niyyətlərinin başlıca rol oynadığı şübhəsizdir.
Yaranmış reallıq isə rəsmi İrəvanın sülhdən başqa çıxış yolunun olmadığını göstərir. Özü də bu reallıq, əslində, Ermənistanın xeyrinədir. Düşdüyü labirintdən Ermənistan yalnız sülh yoluna çıxmaqla qurtula bilər. Bunu indi ermənilər də etiraf edir.
Artıq delimitasiya istiqamətində ilk addım atılıb. Bu, 4 qeyri-anklav kəndin qaytarılması ilə bağlı iki ölkə arasında əldə edilmiş razılıqdan sonra başladı. Delimitasiya prosesində tərəflər 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanacaqlar. 
Proses davam edir. Qeyd edək ki, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin növbəti görüşünün Qazaxıstanda baş tutması planlaşdırılır. Artıq rəsmi Bakı bununla bağlı öz razılığını bildirib.

Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video