27 Aprel 2024 08:15
280
SİYASƏT
A- A+

ABŞ-ni insan haqları yox, öz məkrli maraqları düşündürür

 

ABŞ dünyanın supergüclərindəndir. Hərbi gücə, tükənməz iqtisadi potensiala malikdir. Milli valyutası dünya ticarətində ölçü vahidi olmaqla əsas ödəniş vasitəsidir. Lakin hər bir gücə qadir bu superdövlətdə bircə şey çatışmır: haqq və ədalət. ABŞ-nin ədalət tərəzisi səhv çəkir. Dünyaya arbitrlıq etmək istəyən ABŞ özünə sərf edəni edir və bununla da haqqın gözünə haram qatır.
Bu gün dünyanın hansı yerində silahlar partlayıb günahsız insanlar ölürsə, orada birmənalı olaraq ABŞ-nin əli var. Ya öldürən ABŞ əsgəridir, ya da insanlar ABŞ istehsalı olan silahlarla öldürülür. Bunların heç biri olmadıqda isə mütləq münaqişə tərəflərindən birini, özü də haqsız olanı, təcavüzkarı ABŞ fitvalayıb günahsızın üstünə saldırıb...
Atalar doğru deyiblər: "Başına gələn, başmaqçı olar". 30 ildir ki, bu ölkənin ikili standartlarından əziyyət çəkirik. Bu illərdə nələr görmədik ki? Təcavüzə məruz qalan da, torpaqları işğalda qalan da, bir milyon vətəndaşı doğma yurdundan didərgin düşən də, ABŞ Senatının bədnam 907-ci qanunu ilə qadağa ilə üzləşən də Azərbaycan oldu. Bu illərdə bu ölkə bizə yalnız açıq mətinlə "Torpaqlarınızı Ermənistana verin" demədi, qalan nə pislik varsa, etməyə çalışdı. 
44 günlük Vətən müharibəsi zamanı "ədalət carçısı", "dünyada sülhün təminatçısı" ABŞ-nin tutduğu mövqeyi, ölkəmizə qarşı nə etmək istədiyini gördük. Görünən budur ki, bu ölkə heç də etdiklərinə "bəs" demək niyyətində deyil. Gücü var, yalnız dayanacaq yeri yoxdur...  
ABŞ Dövlət Departamenti 2023-cü il üzrə insan haqlarına dair hesabatı açıqlayıb. Bəllidir ki, bu ölkəni qəti surətdə insan haqları maraqlandırmır. ABŞ-nin strateji hədəfləri və bu hədəfləri həyata keçirmək üçün özünəməxsus təzyiq üsulları mövcuddur. Dövlət  Departamentinin açıqladığı 2023-cü ilə aid hesabatı da birmənalı olaraq real vəziyyətdən çox təzyiq vasitəsi üçün düşünülüb. 
Bir baxın, əgər ABŞ-ni gerçəkdən insan haqları düşündürsəydi, 2-ci, 3-cü dərəcəli  diplomatların sosial mediada yayılan neqativ məlumatlar əsasında, peşəkar təhlil aparmadan, həqiqətdən uzaq, təsdiqini tapmayan şayiə və dedi-qodulara əsaslanan hesabat yox, təsdiqlənmiş, real məlumatlara əsaslanan ciddi bir sənəd hazırlayardı. ABŞ Departamenti ədalətdən dəm vurursa, hesabatında öz ölkəsində məhbuslara qarşı pis rəftardan, ifadə və media azadlıqlarının sərt məhdudlaşdırılmasından və sairədən bəhs edəydi. Bu bir həqiqətdir ki, bütün iddialar Azərbaycanı günahlandırmaq, ölkəmizə təzyiq etmək üçün hasabatı hazırlayan diplomatların uydurduqları və yaxud sifarişlə hazırladıqları böhtandır. 
Əsas məsələ təbii ki, yenə erməni faktorudur və qərəzdir. Azərbaycanın apardığı müstəqil siyasəti həzm etməmək mərəzidir. Hesabatda sentyabrın 19-20-də Azərbaycanın Qarabağda keçirdiyi hərbi əməliyyatdan bəhs edilir. Xüsusi olaraq  vurğulanır ki, bunun nəticəsində, demək olar, bütün erməni əhalisi bölgəni tərk edib. Amma bu, lokal tədbirlər idi və separatçıları ərazilərimizdən təmizləmək məqsədinə xidmət edirdi. Yəni bu tədbirlər mülki əhaliyə qarşı yönəlməmişdir.
ABŞ-nin bu mövqeyi artıq məsələyə ikili standartla yanaşma yox, birmənalı olaraq riyakarlıqdır.  30 il ərzində ermənilər güllə altında Qarabağdan çıxmağa məcbur qalan, yaxınlarını, ailə üzvlərini itirən Azərbaycan vətəndaşları ABŞ-nin yadına düşmədiyi halda bu gün hayların hüquqlarından danışırlar.
Hər gün işğaldan azad olunmuş ərazilərdə kütləvi məzarlıqlar aşkarlanır. İnsanlar məhkəməsiz, işgəncə ilə Ermənistan ordusunun əsgərləri tərəfindən təhqir olunaraq, qətlə yetirilərək kütləvi surətdə torpağa gömülüb. Ermənistan bu gün də kütləvi məzarlıqların yeri haqqında məlumatları, minalanmış sahələrin düzgün xəritələrini vermir. ABŞ bütün bunları görməzdən gəlir və yaxud gördüyü, bildiyi halda susmağa üstünlük verir.
Göründüyü kimi, ABŞ-ni narahat edən məsələ "insan haqları" yox, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini təmin etməsidir. Ölkəmiz torpaqlarını azad etməklə  Cənubi Qafqaz uğrunda mübarizə aparan dövlətlərin Qafqaza girmə xəyallarını puç edib. Elə bunun nəticəsidir ki, ABŞ Departamenti, Cənubi Qafqazda gözü olan dövlətlərin yedək təşkilatları, AŞPA, Aİ və qeyriləri Azərbaycana, o cümlədən qardaş  Türkiyəyə qarşı intensiv surətdə qarayaxma kampaniyaları aparırlar. 
Görəsən, bu hesabatı "müzakirə" edən konqresmenlərdən, hesabatı hazırlayan naşı, təcrübəsiz diplomatlardan Amerikada oturub dünyanın müxtəlif yerlərində olan vəziyyəti necə təhlil etdiklərin soruşublarmı? Yoxsa, ABŞ Dövlət Departamentində oturanlar üçün dürüstlük, həqiqət tamamilə mənasını itirib, ittiham etmək üçün ortalıqda fakt yox, boş söz olsa da kifayətdir. Belə olmasaydı, ermənilərin hüquqlarından danışan amerikalılar bu gün Qəzza hadisələri barədə susmazdılar...
Dünya bu gün insan haqlarından gen-bol danışan, hesabatlar hazırlayan ABŞ-ni demokratiya adı altında İraqda, Əfqanıstanda insanları necə "ovladığı"nı görüb, necə qanlı cinayətlər törətdiyini bilir. ABŞ-nin dörd ildə İraqda törətdiyi statistikaya nəzər salanda dəhşətə gəlməmək mümkün deyil. 2003-2007-ci illərdə 1,2 milyondan çox iraqlı  günahsız  yerə  öldürülüb. Bu illərdə 3,7 milyon iraqlı öz ölkəsini məcburi şəkildə tərk etməyə məcbur olub. Ailə üzvlərindən ən azı birini itirən iraqlıların sayı isə nə az, nə çox -  8-12 milyon civarındadır.
Sadaladıqlarımız deməyə imkan verir ki, bu gün insan haqlarından danışmağa ən az haqqı olan ölkə ABŞ-dir. Bəlkə ABŞ Dövlət Departamentində oturub insan haqlarını müzakirə edənlərin yaddaşlarında problem var? Yoxsa onlar ABŞ-nin Vyetnamda, Yaponiyada, İraqda, Suriyada, Yəməndə və adını qeyd etmədiyimiz digər ölkələrdə insanları necə amansızcasına məhv etdiklərini unudublar? 

Elşən QƏNİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video