27 Aprel 2024 08:20
227
SİYASƏT
A- A+

"Delimitasiya və demarkasiya sülhün başlanğıcıdır"

 

Hayastanda sərhədlərin müəyyənləşdirilməsini xilas formulu kimi görürlər

 

İkinci Qarabağ müharibəsinin qalibi və məğlubu arasında aparılan sülh danışıqları, götürülmüş öhdəliklərin yerinə yetirilməsi istiqamətində sərhədlərin delimitasiya və demarkasiya proseslərinə start verilməsi görülən işlərin başlanğıcı hesab edilə bilər.
Ümumiyyətlə, praktikada belə olub ki, əvvəlcə delimitasiya işləri aparılıb, xəritələr üzərində sərhədlər müəyyənləşdirilib və bundan sonra tərəflər arasında müqavilə imzalanıb. Sonradan yerlərdə sərhəd dirəkləri basdırılaraq demarkasiya prosesinə keçilib. Artıq Azərbaycanla Hayastan arasında sərhəd dirəklərinin basdırılmasına başlanılıb. 
Bu, Hayastan cəmiyyətində təəccüb yaradıb, İrəvanda böyük reaksiyaya səbəb olub. Erməni mediasının, sosial şəbəkə istifadəçilərinin statusları, şərhləri və mövqelərindən görünür ki, onlar ölkələrinin xilas formulunu Azərbaycanla münasibətləri normallaşdırmaqda, sülh müqaviləsinin imzalanmasında görürlər.
"4rd.am" nəşri yazır ki, Azərbaycanla Hayastan arasında sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesi çərçivəsində ilk sərhəd dirəyi quraşdırılıb. İki ölkənin ekspert qruplarının işi davam edir. Bu artıq o deməkdir ki, delimitasiya üzrə konkret anlaşmalar icra olunur, ilk dirəyin quraşdırılması artıq demarkasiya anlamına gəlir. Yəni Azərbaycanla sülh müqaviləsinin imzalanması Hayastan üçün böyük şansdır: "Bu proseslər erməni xalqının dirçəliş günüdür. Bütün bunlar sülh sazişi üçün yolun başlanğıcıdır. Sülh sazişi Hayastana qarşıdakı illərdə böyük iqtisadi dividendlər qazandıracaq. Son 10 ilə nəzər yetirdikdə baş verən proseslər regionda Azərbaycanın mövqelərini daha güclü hala gətirdiyi halda, Ermənistanla münasibətdə tamam əks vəziyyət müşahidə olunurdu. Hər halda demarkasiyadan sonra qəbul edilən qərarlar  Ermənistanın xilası olacaq".
Erməni siyasi ekspert Karen Tevosyan qeyd edir ki, delimitasiya və demarkasiyadan sonra sülh müqaviləsinin çox yaxın perspektivdə gerçəkləşməsi mümkün ola bilər. Sülh sazişi Hayastanın sanki dünyaya yenidən gəlməsi olacaq. Onun fikrincə, müharibədəki məğlubiyyət fonunda sülh müqaviləsi imzalanmasa, Hayastanın regional geosiyasi proseslərdən izolyasiya edilməsi daha kəskin xarakter alacaq. Tevosyan diqqəti buna yönəldir ki, bütün bu proseslər Hayastanın sosial-iqtisadi cəhətdən daha böyük problemlər yaşaması fonunda baş verir: "Regional, qlobal layihələrdən kənarda qalmağımız da prosesə birbaşa təsir edir. Hayastan qlobal kommunikasiya layihələrindən kənarda qalmaqla son 30 ildə özünə qəsd edib. Ölkəmiz coğrafi baxımdan qlobal kommunikasiyaların tərkib hissəsi ola bildiyi halda, bu şansı itirib. Sülh müqaviləsindən sonra Hayastan qazanan tərəf olacaq".
Sülh təşəbbüsləri ilə tanınan, Hayastanda kəndlərin qaytarılması və delimitasiya prosesinin uğurla getməsinə etiraz edənlərləri ifşa edən erməni fəal, bloqçu İşxan Verdyan deyib ki,  Paşinyan üçün onlar milçək kimidirlər - hay-küy salırlar, amma heç bir təhlükə yaratmırlar: "Görünən odur ki, Paşinyan qonşuları ilə münasibətlərin normallaşdırılması kursunu inamla davam etdirir və heç nə ona mane ola bilməz. Anklavları tam geri qaytarmaq üçün (digər 4 kənd) qarşılıqlı protokol lazımdır. Anklavların dövlətlərin ərazilərinin əsas hissəsi ilə birbaşa əlaqəsi yoxdur, ona görə də bu mərhələdə onlardan istifadə çətin ola bilər. Bir ölkənin vətəndaşlarının digər ölkəyə qarşılıqlı giriş şərtləri isə aydın deyil. Bu səbəbdən mənə elə gəlir ki, anklavların qaytarılmasının əsas şərtləri sülh müqaviləsi və qarşılıqlı etimaddır".
Verdyan hesab edir ki, sərhədlər tam müəyyənləşməsə belə, sülh müqaviləsi imzalana bilər. Delimitasiya və demarkasiya prosesinin uzun vaxt tələb etdiyinə diqqət çəkən bloqçu, yaxın vaxtlarda sülhün olacağına inanır: "Azərbaycan və Gürcüstan arasında sərhədlərin müəyyən olunmamış hissələri olsa da, onlar dinc və gözəl şəkildə yaşamaqla nümunə göstərirlər. Bu nöqteyi-nəzərdən sülh müqaviləsinin imzalanmasına heç nə maneə olmur. Ancaq biz görürük ki, Ermənistanda dövlət sərhədinin hər delimitasiyasına görə nə qədər hay-küy yaranır və natamam sərhədlərlə sülh müqaviləsi imzalansa, bu hay-küy artmaqda davam edəcək və başqa sahələrdə artıq əldə edilmiş razılaşmalara maneə olacaq. Öz xalqımı tanıyaraq deyirəm, mənə elə gəlir ki, ermənilər son möhürü vurmazdan əvvəl öz sərhədlərini tam müəyyən etmək istəyəcəklər. Lakin hadisələrin dinamikası elədir ki, bəlkə də sərhədin dəqiqləşdirilməmiş hissələri baş nazir Paşinyanın sülh sazişi imzalamasına maneə olmayacaq. Bu, onun xalqla necə danışacağından asılıdır".
Vazgen Tohanyan adlı istifadəçi "X" hesabında "Dirəklər quraşdırıldı" paylaşımını edərək yazıb: "Heç bir tərəfin iştirakı olmadan artıq ilk addımlar atılıbdı. İlham Əliyevi bu mövzuda biz də dəstəkləyirik. Sülh müqaviləsinin imzalanmasını çox böyük səbirsizliklə gözləyirik. Bizə başqa ölkənin torpağı lazım deyil. Sülhlə ağ günə çıxa bilərik. Lənətə gəlsin, revanşistlər". 
Daha bir Ermənistan vətəndaşı İvan Mnasakanyan isə "X"də belə bir status paylaşıb: "Nikol Paşinyana məsləhət görərdim ki, İlham Əliyevin verdiyi bəyanatlara diqqətlə qulaq assın. Müharibədəki səhvlərini təkrar etməsin. Xilasımız sülh müqaviləsidir. Paşinyan özü də etiraf etdi ki, Artsax (red.Qarabağ) Azərbaycanın olub". 
Feysbuk sosial şəbəkə istifadəçisi, ixtisasca iqtisadçı olduğunu qeyd edən Levon Qasparyan yazır ki, illərdir dediyimiz gerçəkləşir. Nəhayət, yolumuz açılır, işıqlı günlərə çıxa bilərik: "Demarkasiya və ilk dirəklər qoşuldu, sərhədlər müəyyənləşir. Qarabağ problemi Ermənistanı 30 ildən çox bütün layihələrdən təcrid etdi. 30 ildə itirdiklərimizin hesabatını kim verəcək? Sarkisyan, Koçaryan, çıxın xalqa hesabat verin! Görəcəksiniz, delimitasiya və demarkasiya sülhün başlanğıcı, Hayastanın xilası olacaq". 
"Tik-tok" istifadəçisi Henrix Qriqoryan isə videopaylaşımında deyir ki, müharibədən sonra yaranan iqtisadi böhran Hayastanda insanları acınaqlı vəziyyətlə üz-üzə qoyub: "Evlərini satanlar, hətta intihar edənlər də olub. Paşinyan, bir vətənini sevən erməni kimi sizə müraciət edirəm ki, sülh müqaviləsinin imzalanmasını bu dəfə uzatmayın. Öz torpağımız bizə bəsdir. Xalqın taleyini əvvəlki hökumət maraqlandırmadı. İlham Əliyevin bu xüsusda atdığı addımlara "hə" deməkdən başqa çarəniz yoxdu".
Beləliklə, ermənilər anlayırlar ki, İrəvanın təcrid vəziyyətdə qalaraq inkişaf etməsi mümkünsüzdür və ötən zaman bunu çox aydın göstərib. Bütün baş verənlərə baxmayaraq, Azərbaycan istənilən halda sülh müqaviləsinin imzalanmasına nail olacaq. Bu, kimsənin müqavimət göstərə bilməyəcəyi qarşısıalınmaz prosesdir.

Elçin CƏFƏROV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video