YAP-ın qərarı xalqımızın arzusunun ifadəsidir

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

YAP-ın qərarı xalqımızın arzusunun ifadəsidir

13 Fevral 2018
İqbal MƏMMƏDOV,

Milli Məclisin deputatı:

- Dövlətlərin və xalqların taleyində, dünyadakı yerinin müəyyənləşdirilməsində dahi siyasətçilərin, müdrik dövlət başçılarının rolu danılmazdır. Son 15 ildə Azərbaycanın yüksəlişi, Cənubi Qafqazın liderinə, dünya birliyində isə nüfuzlu və söz sahibi olan dövlətə çevrilməsi bu həqiqətin bariz təsdiqidir. 
Bu dövrdə Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin dinamik inkişafı, sürətli tərəqqisi, həyata keçirilən əzəmətli layihələr, hərtərəfli yenilənməsi, modernləşməsi, doğma vətənimizi dünyaya yeni formada təqdim etməyə imkan yaradan müsbət dəyişikliklər ilk növbədə ölkə rəhbərinin siyasi iradəsinin, qətiyyətinin və müdrikliyinin göstəricisidir. Bəli, ulu öndər Heydər Əliyev yolunun davamı başqa cür ola da bilməzdi. 
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə aparılan uğurlu islahatlar, əldə olunan nəticələr xalqın daha xoş sabaha olan inamını qat-qat artırdı, Heydər Əliyev siyasi kursunun layiqincə davam etdirildiyinə, memarı olduğu müstəqil Azərbaycanın etibarlı əllərdə olduğuna möhkəm əminlik yaratdı. Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davamını aydın görən xalqımız bu siyasəti yüksək dəyərləndirdi və Prezidentin ətrafında daha da sıx birləşməklə Azərbaycanın dünyanın inkişaf etmiş ölkələri sırasında layiqli yerini tutmasına nail olmağı ulu öndərin ruhu qarşısında mənəvi borcu saydı. Beləliklə, Heydər Əliyevin layiqli davamçısı kimi 2003-cü ildən sonra həyata keçirdiyi uğurlu siyasətlə Azərbaycanı inkişaf yoluna çıxaran cənab İlham Əliyevin 2008-ci və 2013-cü illərin seçkilərində də layiqli qələbə qazanaraq Azərbaycan Prezidenti seçilməsi xalqımızın mütləq əksəriyyətinin seçkilərdə reallaşan arzusu kimi tarixiləşdi.
Qarşıdan növbəti prezident seçkiləri gəlir. Prezident İlham Əliyevin sərəncamı ilə aprelin 11-də seçkilər keçiriləcək. Cənubi Qafqazın ən böyük siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyası fevralın 8-də keçirdiyi VI qurultayında partiyanın sədri, Prezident İlham Əliyevin seçkilərdə namizədliyinin irəli sürülməsi barədə qərar qəbul etdi. Seçkilərə hələ iki aya yaxın müddət qalsa da YAP-ın prezidentliyə namizədinin müəyyən edilməsi ilə bağlı qərarının cəmiyyət tərəfindən böyük razılıqla qarşılanması indidən seçkinin nəticələri barədə xoş ovqatla düşünməyə əsas verir. Çünki prezident seçkilərində cənab İlham Əliyevin namizədliyinin irəli sürülməsi barədə Yeni Azərbaycan Partiyasının VI qurultayının qərarı bütün xalqımızın arzusunun ifadəsidir.
Ötən 15 illik inkişaf və tərəqqi dövrünün statistikası real həyat həqiqətlərində - sosial problemlərin davamlı həllində, işsizliyin, yoxsulluğun aradan qaldırılmasında, regionların davamlı tərəqqisində, nəhəng infrastruktur və enerji layihələrinin reallaşdırılmasında, cəmiyyətdə işgüzar fəallığın artmasında, mənəvi-psixoloji ovqatın yüksəlməsində özünü göstərir. Zaman etibarilə o qədər də böyük olmayan müddətdə ölkə iqtisadiyyatının 3 dəfə, dövlət büdcəsinin isə 20 dəfədən çox artımı, yoxsulluğun minimuma enməsi, insanların real pul gəlirlərinin dəfələrlə yüksəlməsi dinamik inkişafın real mənzərəsini bir daha nümayiş etdirir. Bu nailiyyətlər dövlət başçısının bölgələrə səfərləri zamanı vəziyyətin təhlili əsasında iqtisadiyyatın inkişafı üçün prioritet istiqamətləri müəyyənləşdirməsinin, tarazlı və davamlı regional tərəqqini təmin edən fundamental dövlət proqramlarının hazırlanmasına dair fərman və sərəncamlarının, eləcə də onların həyata keçirilməsi istiqamətindəki əzmkar zəhmətinin bəhrəsidir.
Azərbaycan xalqının mütləq əksəriyyətinin seçkiqabağı ovqatı bütünlüklə cənab İlham Əliyevin namizədliyinin dəstəklənməsi üzərində köklənib. İlham Əliyevin şəxsində xalqımız Azərbaycanın müasir gücünün və qüdrətinin həlledici ifadəsini görməkdədir. Xalq İlham Əliyevi müasir inkişafın arxitektoru sayır. 
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə aparılan uğurlu islahatlar, əldə olunan nəticələr xalqın daha xoş sabaha olan inamını qat-qat artırıb. Ona görə də növbəti seçkidə cənab İlham Əliyevin ətrafında sıx birləşməyi qarşıya məqsəd qoyan xalqımız bunu həm də ulu öndərin ruhu qarşısında mənəvi borc sayır.