Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Məktəblilərin qış tətili maraqlı keçib

01 Fevral 2018
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumtəhsil məktəblərinin şagirdləri üçün qış tətili günlərində çoxsaylı maarifləndirici tədbir və ekskursiyalar təşkil olunub.

BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, tətil günlərində məktəblilər “YARAT” Müasir İncəsənət Mərkəzinə ekskursiya ediblər. Ekskursiyalar zamanı yaradıcı oyunlar keçirilib, təlimçilər tərəfindən şagirdlərə daş üzərində boya ilə rəsm çəkmək öyrədilib. Həmçinin məktəblilər üçün ustad dərsləri keçirilib, onların tanınmış şəxslərlə görüşləri təşkil edilib.

Tətil günlərində məktəblilər üçün Xalq Təhsili Muzeyinə də ekskursiyalar təşkil olunub. Şagirdlər muzeydə qabaqcıl təhsil müəssisələri və müəllimlər barədə məlumatlandırılıblar. Onlar burada tədris prosesini əks etdirən fotoşəkillər, nadir dərs vəsaitləri və ləvazimatlar, müxtəlif illərə məxsus dərslik və proqramlar, əl işləri, albomlar, maketlər və digər eksponatlarla tanış olublar. Bununla yanaşı, tətil günlərində valideynlərin təşəbbüsü ilə məktəblilərin digər tarixi məkanlara və mədəniyyət mərkəzlərinə də ekskursiyaları təşkil edilib.

BŞTİ-nin tabeliyində fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzləri də tətil günlərində fəaliyyətlərini davam etdirib. Bu müəssisələrdə məktəblilərin maraq, meyil və bacarıqlarının, intellektual səviyyə və yaradıcılıq qabiliyyətinin inkişafı üçün əlverişli şərait yaradılıb.

Qeyd edək ki, tətil günlərində maarifləndirici tədbir və ekskursiyaların təşkil olunmasında əsas məqsəd şagirdlərin bilik və bacarıqlarını artırmaq, həmçinin onların arasında Azərbaycan təhsilinin nailiyyətlərlə zəngin inkişaf tarixini təbliğ etməkdən ibarətdir.