Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Biz düzgün yoldayıq, düzgün siyasət aparırıq

01 Fevral 2018
 

Regionların sosial-iqtisadi inkişafı sahəsində qazanılan uğurlar da bunu sübut edir

 

Məlum həqiqətdir ki, Azərbaycanda iqtisadiyyatın əsas ağırlığı neft sənayesinin üzərinə düşür. Bu, ötən əsrin əvvəllərindən davam edən bir prosesdir. İndinin özündə də iqtisadiyyatımızı dirçəltmək üçün neft sənayesindən istifadə edirik. Məhz bu imkandan istifadə hərtərəfli inkişafımızı təmin etmək üçün əlimizdən tutur. O cümlədən, regionlarımızın inkişafında həmin vəsaitin rolu əvəzsiz olmuşdur.
Bu baxımdan İlham Əliyevin prezidentliyinin ilk dövründə imzaladığı sənədlər sırasında regional inkişaf üzrə dövlət proqramının olması təsadüfi deyildi. Çünki ölkənin tarazlı inkişafına nail olmaq üçün ilk növbədə, regionların sosial-iqtisadi cəhətdən dirçəlməsinə ehtiyac vardı. Təsadüfi deyil ki, 2004-cü ildən bugünədək iki regional inkişaf dövlət proqramı uğurla icra olunmuşdur. Üçüncü Dövlət Proqramının icrası isə davam edir.
Yanvarın 29-da Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda geniş nitq söyləyən dövlət başçısı son 14 il ərzində bu istiqamətdə görülən işləri və əldə olunan nailiyyətləri qeyd edərək qarşıda duran vəzifələri müəyyənləşdirmişdir. Prezident ölkəmizin qazandığı uğurların beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirildiyini vurğulamışdır: “Beynəlxalq qurumlar Azərbaycandakı islahatları yüksək qiymətləndirirlər. Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, beynəlxalq reytinq agentlikləri bizdə aparılan islahatları yüksək qiymətləndirirlər. Davos Dünya İqtisadi Forumu rəqabətqabiliyyətliliyinə görə Azərbaycanı 35-ci yerə layiq görüb. Dünya miqyasında 35-ci yeri tutmaq, MDB məkanında isə birinci olmaq çox böyük nəticədir. İnklüziv inkişaf indeksinə görə, Azərbaycan inkişafda olan ölkələr arasında üçüncü yerdədir. Bu siyahıda cəmi 80-ə yaxın ölkə var. Onu da qeyd etməliyəm ki, biz MDB məkanında bu göstəriciyə görə birinci yerdəyik”.
Sözsüz ki, bu uğurların əldə edilməsi davamlı surətdə həyata keçirilən iqtisadi islahatların nəticəsidir. Məhz həmin islahatlar nəticəsində Azərbaycanın hərtərəfli inkişafı mümkün olmuşdur. Götürək regionları. Əvvəllər bölgələrdə işsizlik hökm sürürdü, kəndlilər maliyyə və texnika çatışmazlığına görə pay torpaqlarından istifadə edə bilmirdi. Odur ki, onlara bu sahədə dəstək göstərilməsi vacib idi. Həyata keçirilən islahatlar, o cümlədən kəndliyə verilən hərtərəfli dəstək kənd təsərrüfatının dirçəlməsinə imkan verdi. Heç kimə sirr deyil ki, müstəqilliyimizin bərpasından sonrakı ilk illərdə biz bir çox kənd təsərrüfatı məhsullarını idxal edirdik. Yerli məhsullar demək olar yox idi. İndi isə vəziyyət tamamilə dəyişib. İstehlak bazarında yerli mallar daha çoxdur. Üstəlik, bir çox məhsulları ixrac da edirik.
Konfransda istər Prezidentin nitqində, istərsə də çıxışlarda vurğulandı ki, ölkədə sahibkarlığın inkişafına böyük dövlət dəstəyi var. Dövlət sahibkarlara güzəştli kreditlər verməklə və əvəzsiz digər güzəştlər etməklə bu sahənin inkişafına nail olub. Onu da qeyd edək ki, bu gün güzəştli kreditlərin 80 faizi regionlara verilir və çox hissəsini kənd təsərrüfatı sahəsində çalışan fermerlər alır. Bundan əlavə, fermerlərə istifadə etdikləri yanacaq və sürtkü yağlarına, gübrələrə görə subsidiyalar verilir. Əvvəllər belə güzəştlər taxılçılıqda idisə, indi kənd təsərrüfatının bütün sahələrini əhatə edir. Üstəlik, istehsal olunan məhsulların ixracına da dövlət tərəfindən əlavə vəsait verilir. Məqsəd ixracı təşviq etməkdir.
Konfransda bildirildi ki, Azərbaycanda yüksək məhsuldarlığa nail olmaq üçün iri fermer təsərrüfatlarının yaradılması diqqət mərkəzindədir. Hazırda ölkə üzrə kənd təsərrüfatının müxtəlif sahələrini əhatə edən 38 iri fermer təsərrüfatı fəaliyyət göstərir. Eyni zamanda, aqrar sektor üçün daha müasir olan aqroparkların yaradılması istiqamətində konkret işlər görülür. Artıq 28 rayonda 43 aqroparkın yaradılmasına qərar verilib. Yüksək texnika və texnologiyalardan istifadə, mükəmməl maliyyə və emal bazası aqroparklarda məhsuldarlığın yüksək olmasına imkan verir.
Aqrar sektorda məhsul istehsalının artması onun ixracının da genişlənməsinə imkan yaradır. Belə ki, keçən il ölkəmiz rekord həddə pomidor ixrac edərək 151 milyon dollar valyuta əldə edib. Buna görə də istixanaların ərazisini genişləndirərək 400 hektara çatdırılması planlaşdırılır.
Valyuta gətirən kənd təsərrüfatında ikinci sahə fındıqçılıqdır. 2016-2017-ci illərdə 30 min hektara yaxın fındıq bağları salınıb. Hazırda ümumi fındıq bağlarının sahəsi 67 min hektardır. Məqsəd onun 80 min hektara çatdırılmasıdır. Xatırladaq ki, keçən il Azərbaycandan 114 milyon dollarlıq fındıq ixrac edilib.
Tütünçülükdə də uğurlu nailiyyətlər var. Ölkə üzrə 2016-cı ildə 3 min 500, 2017-ci ildə 5 min 200 ton quru tütün tədarük edilib. Bir il ərzində bu sahədə istehsalın həcmi 1,5 dəfə artıb. Ölkədə zeytunçuluğun inkişafı, badam bağlarının salınmasına da diqqət və qayğı artacaq. Bu barədə Prezident sahibkarlara, eləcə də dövlət qurumlarına tövsiyə və tapşırıq verdi. Bundan əlavə, cari ildə ənənəvi sahələrdən olan qoz bağlarının salınmasına başlanılacaq. Qarşıdakı illərdə 10 minə yaxın hektarda qoz bağının salınması nəzərdə tutulub. Qeyd edək ki, istər daxili, istərsə də dünya bazarında bu məhsula tələbat böyükdür. Buna görə də onun satılmasında problem olmayacaq.
Bir sözlə, konfransda səslənən fikirlərdən də məlum oldu ki, qeyri-neft sektorunun inkişafında regionlara geniş stavka olunur. Bölgələrdə texnoparklar və sənaye məhəllələri salınır, müxtəlif emal və sənaye müəssisələri yaradılır. Bunlarla yanaşı, bölgələrdə ən böyük çəkiyə malik olan sahə kənd təsərrüfatının inkişafı da unudulmur. Çünki aqrar sektor insanların məşğulluğunun təmin edilməsində, eləcə də məhsul istehsalında böyük potensiala malikdir. Bölgələrdə fəaliyyət göstərən müəssisələrin istifadə etdiyi xammalın çox hissəsi də kənd təsərrüfatına aiddir. Ən başlıcası isə kənd təsərrüfatının inkişafı ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsində və məhsul ixracında önəmli rol oynayır. Konfransdan çıxan nəticələrdən biri də elə budur.

Rüstəm KAMAL,
“Azərbaycan”