Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Nəzarətçi-müəllimlərin şəxsi anket məlumatları dəqiqləşdirilib

26 Yanvar 2018
Zal nəzarətçisi kimi imtahanlara cəlb olunması nəzərdə tutulan müəllimlər üçün treninqlər davam etdirilir.

Dövlət İmtahan Mərkəzindən (DİM) AZƏRTAC-a bildiriblər ki, Bakının Binəqədi, Səbail, Nərimanov, Nəsimi, Qaradağ rayonları, həmçinin Sumqayıt, Gəncə, Naxçıvan, Babək, Culfa, Ordubad, Sədərək, Şərur, Şahbuz, Kəngərli, Şirvan, Xaçmaz, Göyçay, Bərdə, Mingəçevir, Qax, Oğuz, Qəbələ, Balakən, Hacıqabul, Neftçala, Salyan, Sabirabad, Quba, Qusar, Xızı, Siyəzən, Şabran, Lerik, Yardımlı, Biləsuvar, Cəlilabad, Kürdəmir, Ucar, Qobustan, Şamaxı, İsmayıllı, Ağdaş, Ağsu, Zərdab, Ağdam, Yevlax, Tərtər, Beyləqan, Füzuli, Ağcabədi, Zaqatala, Daşkəsən, Göygöl, Goranboy, Şəmkir, Samux, Gədəbəy, Tovuz, Ağstafa, Qazax şəhər və rayonları üzrə zal nəzarətçisi kimi imtahanlara cəlb olunması nəzərdə tutulan müəllimlər üçün bu il yanvarın 17-dən 25-dək qrafikə uyğun olaraq seminar-məşğələlər keçirilib.

DİM-in mərkəzi aparatının və regional bölmələrinin əməkdaşları tərəfindən aparılan seminarlara 61 rayon üzrə 2901 nəzarətçi-müəllim cəlb edilib. Müxtəlif səbəblərdən seminarlarda iştirak edə bilməyən 239 nəzarətçi-müəllim növbəti rayonlar üzrə keçiriləcək seminar-məşğələlərə dəvət olunub.

İmtahan prosedurlarının daha səmərəli izahını təmin etmək üçün məşğələlər 20-25 nəfərlik qruplarla keçirilib.

Nəzarətçilərin imtahan prosesi ilə əyani surətdə tanış olması məqsədilə imtahan texnologiyasına aid film nümayiş etdirilib, imtahanın gedişi ilə bağlı qaydalar izah olunub, rast gəlinən hallar və onların həlli yolları sorğu-suallar vasitəsilə interaktiv şəkildə təhlil edilib və nəzarətçi-müəllimlərin şəxsi anket məlumatları dəqiqləşdirilib.

Seminar iştirakçıları DİM tərəfindən keçiriləcək sınaq imtahanlarına cəlb olunacaqlar. Bu da onların seminarlarda əldə etdikləri nəzəri biliklərin təcrübədə tətbiqinə kömək göstərəcək. Sınaq imtahanlarında nəzarətçi kimi özünü doğruldan müəllimlər test imtahanlarına cəlb olunacaqlar.