Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Ehtiyacı olan heç kəs qayğıdan kənarda qalmayıb

12 Yanvar 2018
Ötən il sosial xidmət sahəsində bir sıra uğurlar əldə edilib. Ehtiyacı olanlar üçün müasir tələblərə uyğun sosial sığınacaqlar fəaliyyətə başlayıb, penitensiar müəssisələrdə cəza çəkməkdən azad olunmuş şəxslər üçün sosial reabilitasiya mərkəzi yaradılıb, 1080 nəfərə tam dövlət təminatında olmaqla sosial müəssisələrdə, 11 min nəfərə isə evlərində sosial xidmət göstərilib.

AZƏRTAC xəbər verir ki, bu barədə ölkə Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı çıxışında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov məlumat verib.

Nazir iclasdakı çıxışında onu da qeyd edib ki, 7 min 700 nəfər əlilliyi olan şəxs sanatoriya-kurort müalicəsinə və istirahət mərkəzlərinə göndərilib, 29 qeyri-hökumət təşkilatı ilə birlikdə icra edilən 61 layihə üzrə 4100 nəfər çətin həyat şəraitində olan uşaq sosial müdafiə tədbirlərinə cəlb olunub.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılmış dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün “Məzun evi” sosial müəssisəsinə bu kateqoriyadan olan 209 nəfər yerləşdirilib və onlar üçün həmin müəssisədə xalça və tikiş sexləri yaradılaraq iş yerləri açılıb.