Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Nadir patologiya - mavi dəri sindromu

15 Dekabr 2017
Mavi dəri sindromu-dəri rənginin dəyişilməsi ilə müşahidə olunan, olduqca nadir rast gəlinən patologiyadır. Bu sindromdan əziyyət çəkənlərin dəriləri göy və ya bənövşəyi rəngdə olur.

AZƏRTAC xəbər verir ki, əsasən irsi xarakter daşıyan bu xəstəlik bəzən fizioloji pozuntular nəticəsində də meydana çıxa bilər.

Sindromun yeganə özünü büruzə vermə şəkli dərinin qeyri-adi rəng almasıdır. Dəridə yaranan problemdən əlavə sindromdan əziyyət çəkənlərdə sağlamlıqla əlaqəli heç bir pozuntu müşahidə edilmir. Bunu çoxillik statistika əsasında demək mümkündür.

Genetik xüsusiyyətindən başqa sindromun yaranma səbəbləri müxtəlif ola bilər: uzunmüddətli dərman və ya narkotik qəbulu, piylənmə, bədxassəli törəmələr, ikinci dərəcəli şəkərli diabet.

Sindromun anadangəlmə formasında yenidoğulmuşda ola biləcək yanaşı patologiyaların müəyyənləşdirilməsi üçün müayinə edilməsi mütləqdir.

Problemin müalicəsində yeganə hədəf metabolizm pozuntularının normallaşdırılmasıdır. Problemin həlli üçün həkimlər əsasən həyat tərzinin dəyişdirilməsi istiqamətində bir sıra məsləhətlər verirlər: fiziki aktivliyin artırılması, bədən çəkisinin azaldılması, kalorili qidaların məhdudlaşdırılması.

Səhiyyədə sindromun spesifik genetik pozuntular səbəbindən deyil, ətraf mühitin mənfi təsiri nəticəsində meydana çıxan hemoqlobin transformasiyası səbəbindən yaranması faktı da mövcuddur. Bundan əlavə bədənin boyun və qolaltı hissələrində əmələ gələn piqment ləkələrinin orqanizmin insulin dayanaqlığı səbəbindən də ola biləcəyi məlumdur.

Uşaqlarda bu sindrom əsasən steatohepatit səbəbindən meydana çıxır. Bir çox hallarda müayinələr zamanı ciyərdə böyümə görülür ki, bu da piy yığını səbəbindən baş verir. Belə olduqda ciyərin ölçüləri böyüyür və səthi yumşalır.

Son zamanlar aparılan tədqiqatlarda müxtəlif yaş qrupuna aid kişilərdə bu sindromun ümumi və sərbəst testesteronun səviyyəsinin aşağı düşməsi ilə əlaqəli olduğu aşkarlanıb. Bunun nəticəsində cinsiyyət steroidlərini birləşdirən qlobulin səviyyəsinin yüksəlməsi müşahidə edilib.

Orta yaşlı kişiləri müayinə edən alimlər onu da bildiriblər ki, ümumi və sərbəst testesteronun səviyyəsinin aşağı olması yarana biləcək metabolik sindromun və ya şəkərli diabetin ilkin əlaməti də ola bilər.