10 May 2024 08:00
100
SİYASƏT
A- A+

Azərbaycanla Bolqarıstan arasındakı münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır

 

Azərbaycanın dünyanın aparıcı ölkələri ilə iqtisadi və siyasi əlaqələri getdikcə genişlənir. Qarşılıqlı rəsmi səfərlər isə bu əlaqələrin daha da dərinləşməsinə  böyük təkan verir. Azərbaycanın yaxından dostluq və əməkdaşlıq etdiyi ölkələrdən biri də Bolqarıstandır. Bu ölkə ilə qarşılıqlı münasibətlər 1992-ci ilin iyunundan - Bolqarıstanın Azərbaycanın müstəqilliyini tanımasından sonra  qurulub. Bolqarıstanın Azərbaycandakı səfirliyi 1999-cu ilin dekabrından, Azərbaycanın Bolqarıstandakı səfirliyi isə 2004-cü ilin aprelindən fəaliyyət göstərir.
Dövlətimizin başçısı İlham Əliyev 2005-ci ilin sentyabrında, 2009-cu ilin noyabrında və 2015-ci ilin martında Bolqarıstana bir sıra rəsmi və işgüzar səfərlər etmişdir. Sonuncu səfər enerji layihələri və qarşılıqlı sərmayələrlə bağlı müzakirələrin aparılması ilə yanaşı, Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə ilə yadda qalmışdı. 
Azərbaycan və Bolqarıstan çoxtərəfli institutlar vasitəsilə də uğurlu əməkdaşlıq edir. Hər iki ölkə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvüdür. Bu, Azərbaycanın Bolqarıstan da daxil olmaqla Cənub-Şərqi Avropa ölkələri ilə əlaqələrinin inkişafına kömək edir. Sofiya həmçinin Bakının NATO ilə tərəfdaşlığının intensivləşdirilməsini fəal şəkildə təşviq edir və daim Azərbaycanın təşəbbüslərini dəstəkləyir.
Enerji tərəfdaşlığı Azərbaycan-Bolqarıstan münasibətlərinin təməli hesab edilir. Bu tərəfdaşlığın əsasını qoymuş "Cənub qaz dəhlizi" layihəsinə gəldikdə, Prezident 
İlham Əliyev və Avropa İttifaqının ovaxtkı xarici əlaqələr və təhlükəsizlik üzrə ali nümayəndəsi Federika Moqerini tərəfindən imzalanmış Məşvərət Şurasının Birgə Bəyanatında Bolqarıstan onun fundamental elementlərindən biri olaraq qeyd olunmuşdur. 
Azərbaycan və Bolqarıstan əməkdaşlığı üçün digər mühüm sahəni nəqliyyat əlaqələri təşkil edir. 1998-ci ildən bəri hər iki ölkə TRACECA (Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi) layihəsinin bir hissəsidir. Son zamanlar aktuallıq qazanmış bu layihə Avropa ilə Çin arasında səmərəli əlaqənin inkişaf etdirilməsi məqsədini daşıyır. Müasir Bakı Beynəlxalq Dəniz Ticarət Limanı hazırda Xəzər dənizi regionunda tranzit imkanlarının genişləndirilməsinə böyük töhfə verir. Bu baxımdan, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə Bolqarıstanın Limanlar İnfrastruktur Şirkəti yükdaşımaların hər iki istiqamətdə genişləndirilməsi üçün əməkdaşlıq edir. Hər iki ölkə bir müddət fəaliyyət göstərməyən, lakin hazırda yenidən diqqət mərkəzində olan "Çin, Mərkəzi və Şərqi Avropa arasında əməkdaşlıq" forumunun vizyonunu bölüşür. 
Sofiyanın Qarabağ münaqişəsi ilə bağlı ardıcıl olaraq ədalətli mövqe tutması, Azərbaycanın ərazi bütövlüyünü və sülhün bərqərar olması səylərini birmənalı şəkildə dəstəkləməsi ölkəmizdə də yüksək qiymətləndirilir. Bakı işğaldan azad edilmiş torpaqlar üzərində suverenliyinin tam bərpasına, bu ərazilərin dirçəldilməsinə diqqət çəkmək üçün xarici qonaqları Qarabağa və Şərqi Zəngəzura dəvət edir: Bolqarıstanın Ayrı-seçkiliyə Qarşı Müdafiə Komissiyasının sədri Ana Cumalıyevanın başçılıq etdiyi belə nümayəndə heyətlərindən biri 2021-ci ilin payızında Qarabağın ruhlar şəhəri hesab edilən Ağdama səfər edib. O, səfər zamanı 1994-2020-ci illər ərzində işğalçı qüvvələr tərəfindən törədilmiş dağıntıların miqyasının şahidi olub. 
Bu günlərdə iki ölkə arasındakı əməkdaşlığı daha da genişləndirmək məqsədilə Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev Azərbaycan Respublikasında  səfərdə olub. Mayın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev ilə həm təkbətək, həm də geniş tərkibdə görüşü keçirilib, Azərbaycan-Bolqarıstan sənədlərinin imzalanması mərasimi olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər.
Dövlət başçımız aparılan müzakirələr barədə mətbuata bəyanatında demişdir: "Bu gün biz bir layihəni də müzakirə etdik, o da "yaşıl enerji" kabelidir. Bildiyiniz kimi, Azərbaycan tərəfdaş ölkələrlə, o cümlədən Bolqarıstanla bu istiqamətdə çox fəal iş aparır. Hesab edirik ki, bir neçə aydan sonra hazır olacaq texniki-iqtisadi əsaslandırma işlərin başlanması üçün gözəl zəmin olacaq. Beləliklə, Azərbaycan Avropa məkanı üçün təkcə neft-qaz təchizatçısı kimi deyil, eyni zamanda "yaşıl enerji" təchizatçısı kimi özünü göstərəcək. Potensial kifayət qədər genişdir və biz bu barədə eyni zamanda ilin sonunda COP29 konfransında da danışacağıq. Mən Prezident Radevi bu tədbirdə iştirak etmək üçün Azərbaycana dəvət etmişəm".
Bolqarıstan Prezidenti mətbuata bəyanatında iki ölkə arasındakı qarşılıqlı əməkdaşlıqdan söz açaraq demişdir: "Mən Prezident Əliyevlə yeddi ildən artıqdır ki, tanışam və bu dövr ərzində bizim çoxsaylı müzakirələrimiz olub. Mən onun cəsarətli baxışına şahidəm, ona çox gözəl bələdəm. O, Azərbaycanı dinamik şəkildə inkişaf etdirmək əzmindədir. "Yaşıl enerji" layihələri bunun bariz nümunəsidir. Bununla yanaşı, onun fəal diplomatiyası da imkan verdi ki, bu gün biz beynəlxalq səviyyədə sülh və təhlükəsizlik, sabitlik haqqında danışaq. Ona görə mənə heç də təəccüblü gəlmədi ki, Azərbaycan COP29 kimi olduqca mötəbər bir tədbirə ev sahibi seçildi. Biz Bolqarıstan olaraq o zaman Azərbaycanın namizədliyini qəti şəkildə dəstəklədik. Bu gün mən Prezident Əliyevə məlumat verdim ki, biz də öz növbəmizdə institusional və ekspert səviyyəsində COP29-a dəstək verməyə hazırıq".
Bolqarıstan Prezidentinin Azərbaycana səfəri zamanı keçirdiyi yüksəksəviyyəli görüşlər, aparılan danışıqlar, fəal siyasi və iqtisadi dialoq imkan verir ki, bütün istiqamətlər üzrə dövlətlərarası əlaqələr bundan sonra daha da genişlənsin və yeni uğurlu nəticələr əldə olunsun. Bolqarıstan və Azərbaycan arasındakı ikitərəfli münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır, qarşılıqlı hörmət və maraqlar əsasında qurulur. 

Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video