10 May 2024 09:20
556
SİYASƏT
A- A+

Milli inkişafa xidmət edən ideyaların müəllifi

 

Hər bir xalq müəyyən taleyüklü mərhələdə dövlətə rəhbərlik missiyasını üzərinə götürən, milli inkişaf yolunu elmi əsaslarla müəyyənləşdirən liderlərinin sayəsində dayanıqlı tərəqqiyə nail olur. Dövlətin malik olduğu resursları milli hədəflər naminə səmərəli realizə edən belə qüdrətli liderlər son nəticədə mənsub olduqları xalqı sabit inkişaf yoluna çıxarır, xilaskar və qurucu rəhbər kimi milyonların qəlbində əbədiyaşarlıq qazanırlar. 
Azərbaycan xalqının dünya siyasi arenasına bəxş etdiyi böyük siyasət və dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi tarixi mərhələ xalqın azadlıq, müstəqillik arzularının gerçəkləşməsinə real hüquqi, siyasi və iqtisadi əsasların yaradılması, bu möhkəm baza üzərində qazanılmış dövlət müstəqilliyinin möhkəmləndirilməsi, hüquqlarına sahib çıxması, milli-mənəvi yüksəlişə nail olması kimi mühüm prosesləri əhatə edir. 
Hər bir xalq taleyində müstəsna rol oynamış belə fenomen şəxsiyyətlərin zəngin ömür yolunu, mükəmməl dövlətçilik və siyasi irsini öyrənərək gələcək nəsillərə çatdırılması istiqamətində ardıcıl addımlar atır. Sağlığında Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi naminə həyata keçirdiyi möhtəşəm tədbirlərlə ümummilli liderlik zirvəsinə yüksəlmiş Heydər Əliyevin dövlətçilik irsinin öyrənilməsi, ölməz ideyalarının geniş təbliğ olunaraq praktik həyatda tətbiqi və gələcək nəsillərə çatdırılması xüsusi aktuallıq kəsb edir. 
Prezident İlham Əliyevin 2004-cü il 10 mart tarixli "Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi haqqında" Fərmanı ilə 70-80-ci illərdə inşa olunmuş bir sıra möhtəşəm tikililərə Ulu Öndərin adı verilib və ictimai əsaslarla Heydər Əliyev Fondu yaradılıb. 2004-cü ildən analoqu olmayan əlahiddə statuslu ictimai qurum kimi fəaliyyət göstərən, bu il yaranmasının 20-ci ildönümü tamam olan Heydər Əliyev Fondu nəcib, xeyirxah və humanist insani dəyərlərə tapınaraq Ümummilli Liderin siyasi və dövlətçilik irsinin dünyada tanıdılması, təbliği istiqamətində ardıcıl iş aparır. Fond ötən 20 ildə həmçinin elm, təhsil, mədəniyyət, incəsənət, səhiyyə və idmanın inkişafını təmin edən layihələrə yardımçı olub, milli-mənəvi ideallara, humanist, insanpərvər dəyərlərə sadiq gənclərin yetişdirilməsinə çalışıb. Fondun fəaliyyəti eyni zamanda insan hüquq və azadlıqlarının yüksək səviyyədə təminatına, bəşəriyyətin xilasına yönələn mütərəqqi idealların cəmiyyətdə möhkəm əsaslarla intişar tapmasına, fərqli sivilizasiyaların dialoquna, keçmişlə gələcək arasında möhkəm körpü salınmasına, insanlara xeyirxahlıq, insanpərvərlik və nəciblik, humanizm kimi müqəddəs dəyərlərin aşılanmasına yönəlib. 
Xalqımız Ulu Öndərin anadan olmasının 101-ci ildönümünü tamamilə fərqli ovqatda, böyük ruh yüksəkliyi ilə qeyd edir. "Heydər Əliyev İli" kimi tarixiləşən 2023-cü ilin sentyabrında dövlət suverenliyimizin bərpası, Qarabağda erməni separatizminin kökünün kəsilməsi, bu il fevralın 7-də bütöv Azərbaycanda keçirilən prezident seçkiləri, ölkəmizin Ermənistanı sülhə məcburetmə istiqamətində atdığı qətiyyətli addımlar Ulu Öndər Heydər Əliyevin ideyalarının təntənəsi, ərazi bütövlüyümüzün təmini məqsədilə zəmin hazırladığı proseslərin məntiqi nəticələridir. 
Əminliklə deyə bilərik ki, müstəqil Azərbaycanın sosial-iqtisadi sahədə qazandığı böyük uğurlar, strateji məqsədlərini inamla reallaşdırması Ümummilli Lider Heydər Əliyevin hələ ötən əsrin 70-80-ci illərində müdrikliklə formalaşdırdığı iqtisadi resurslardan, sənaye və istehsal potensialından qaynaqlanır. 1969-cu il iyulun 14-də Azərbaycanda siyasi rəhbərliyə irəli çəkilən böyük strateq Heydər Əliyev keçmiş ittifaqın iqtisadiyyatı üçün əlverişli xammal bazasına çevrilmiş Azərbaycanın yeni inkişaf strategiyasını işləyib həyata keçirdi. Qətiyyəti, iradəsi və təşəbbüskarlığı sayəsində keçmiş SSRİ-nin bir sıra strateji əhəmiyyətli müəssisələrinin həmin illər məhz Azərbaycanda inşasına nail oldu, respublikamızın gələcək müstəqilliyinin iqtisadi əsasını formalaşdırdı. Sənayenin inkişafını müəyyənləşdirən tamamilə yeni sahələr meydana gəldi, müxtəlif elektrik cihazları istehsal edən zavodlar inşa olundu. Ümumilikdə 1970-1985-ci illərdə Heydər Əliyevin təşəbbüsü və ciddi səyləri nəticəsində Azərbaycanda onlarca zavod, fabrik, istehsalat sahələri yaradıldı, 250-dən artıq sənaye müəssisəsi fəaliyyətə başladı. 
Ötən əsrin 70-ci illərində neft sənayesinin inkişafında da yüksəliş hiss olundu, milli sərvətin Azərbaycanın rifahına xidmət edən vasitəyə çevrilməsi prosesinin əsası qoyuldu. Yeni yataqların kəşfiyyatı, qazılması, işlənməsi, mütərəqqi texnologiya və üsullardan istifadədə yeniliklər məhz Ulu Öndər Heydər Əliyevin təşəbbüskarlığı nəticəsində mümkün oldu. Onun müəllifliyi ilə tərtib olunan "Azərbaycanda neftayırma sənayesinin yenidən qurulması" planı əsasında bu tipli müəssisələrin, iri komplekslərin tikilməsi və yeni fəaliyyət prinsiplərinə keçməsi prosesi sürətlə başa çatdırıldı. 
Qeyd edilənlər bir daha təsdiqləyir ki, Ulu Öndər Heydər Əliyev o dövrün ən ağır şərtləri, məhdudiyyətləri çərçivəsində xalqının gələcək rifahı üçün əlindən gələni əsirgəməyən, bəzən mümkün görünməyəni belə reallığa çevirən lider idi. Xüsusi vurğulamaq istərdim ki, azərbaycanlı gənclərin, o cümlədən ali təhsildə fərqlənən tələbələrin keçmiş SSRİ-nin bir sıra qabaqcıl universitetlərinə oxumağa göndərilməsi də Ulu Öndərin respublikada milli kadr potensialının formalaşdırılması istiqamətində atdığı mühüm addımlardan biri kimi xatırlanır. Azərbaycanın gələcəyi naminə uzaqgörənliklə əsası qoyulmuş bu ənənə milli elmi potensialın yüksəlməsinə, ixtisaslı kadrlara olan ehtiyacın ödənilməsinə hesablanmışdı. Ümumiyyətlə, o dövrdə Heydər Əliyevin qayğı və diqqəti ilə 10 minədək azərbaycanlı gənc respublikadan kənarda təhsil almağa göndərilmişdi.
Ümummilli Lider Heydər Əliyev 1982-ci ildən SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə irəli çəkildikdən sonra da gənclərin inkişafına, eləcə də ittifaq miqyaslı nəhəng layihələrin reallaşdırılmasına öz töhfələrini verirdi. Onların potensialından müxtəlif layihələrin, o cümlədən ittifaq üçün strateji əhəmiyyətli Baykal-Amur Magistralının (BAM) tikintisində istifadəni təmin edirdi. Yeri gəlmişkən onu da qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya aprel ayında reallaşan son rəsmi səfəri zamanı Rusiya Federasiyası Prezidenti Vladimir Putin o dövrün qeyri-adi, mürəkkəb dəmir yolu layihəsi olan BAM-ın inşasında Ulu Öndərin müstəsna xidmətlərini xüsusi vurğulayıb: "Sovet İttifaqında çox nəhəng tikinti olan BAM Heydər Əliyevin adı ilə bağlıdır".
Ulu Öndərin keçmiş ittifaq dövründə formalaşdırdığı uğurlu bünövrə üzərində 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikası ilk illər dövlətçiliyin iqtisadi, siyasi, hüquqi və ideoloji əsaslarını sarsıdan ağır sosial-mənəvi problemlərlə qarşılaşmışdı. Bu mərhələdə üzləşdiyimiz mürəkkəb proseslər təsdiqlədi ki, müstəqilliyi yalnız qətiyyətli liderlərin, xalqına bağlı rəhbərlərin yüksək idarəçilik səriştəsi sayəsində qoruyub saxlamaq olar. 
1991-1993-cü illərdə ölkə iqtisadiyyatında tənəzzül prosesi dərinləşir, inflyasiyanın səviyyəsi günü-gündən yüksəlir, əhalinin sosial rifah halı pisləşir, ölkənin zəngin karbohidrogen ehtiyatlarından səmərəli istifadə yönümündə səmərəli addımlar atılmırdı. Ölkə iqtisadiyyatında ümumi daxili məhsul hər il orta hesabla 16,5 faiz aşağı düşürdü. 1985-ci ilə nisbətən sənaye istehsalının həcmi 1991-ci ildə 10, 1992-ci ildə 37, 1993-cü ildə 50 faizə qədər azalmışdı. Ölkə istehsal potensialının 23 faizini itirmiş, 1992-ci ildə inflyasiyanın səviyyəsi əvvəlki ilə nisbətən 4,9 dəfə artmışdı. 
İqtisadi tənəzzülün sürətlənməsi nəticəsində həmin dövr inflyasiya özünün ən yüksək səviyyəsinə - hiperinflyasiya mərhələsinə qədəm qoymuşdu. İstehsalın kəskin şəkildə azalması, siyasi qeyri-sabitlik, müharibə, bazar elementlərinin kortəbii fəaliyyəti kimi iqtisadi proseslər və dövlət xərclərinin, əməkhaqqı səviyyəsinin bir neçə dəfə artırılması, maddi vəziyyyəti ağır olan sosial təbəqəyə güzəştlər, düşünülməmiş pul-kredit, vergi-büdcə, maliyyə-bank və xarici ticarət siyasəti tədbirləri dövlətin real iqtisadi imkanları ilə uzlaşmadığından inflyasiyanı daha da sürətləndirirdi.
Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli istəyi ilə Naxçıvandan Bakıya qayıtması və Ali Məclisin Sədri seçilməsi onun sadəcə, hakimiyyətə qayıdışı deyil, eyni zamanda ölkənin xaosdan qurtulması, davamlı inkişaf yoluna qədəm qoyması prosesinin başlanğıcı oldu. Böyük strateq məhz bu mərhələdən müstəqilliyi BMT tərəfindən hüquqi baxımdan tanınmış Azərbaycan dövlətçiliyini faktiki olaraq qurmağa, onun milli dövlətçilik atributlarını formalaşdırmağa başladı. Bütün səylərini səfərbər edərək Azərbaycanın dövlət müstəqilliyini, sadəcə, şərti müstəqillik aktı və bəyanatlar səviyyəsindən çıxarmağa nail oldu. 
Ulu Öndər Heydər Əliyevin lider kimi gücü və qüdrəti həm də ideyalarını praktikada reallaşdırmaq imkanları ilə şərtlənirdi. Bu mənada Ümummilli Lider müstəqil Azərbaycanı davamlı və sabit inkişaf yoluna çıxaran mütərəqqi iqtisadi modelin banisi kimi də ehtiramla xatırlanır. Yeni iqtisadi inkişaf modeli irəli sürülərkən mövcud dünya təcrübəsi heç də Azərbaycana köçürülmədi, respublikanın zəngin təbii resursları, Şərqlə Qərbi qovuşduran əlverişli coğrafi-siyasi mövqeyi, tranzit-kommunikasiya imkanları, tarixi təsərrüfatçılıq ənənələri, spesifik xüsusiyyətləri nəzərə alındı. 
Böyük strateq Heydər Əliyevin siyasi uzaqgörənliyinin və qətiyyətinin məntiqi nəticəsi olaraq 1994-cü ildə "Əsrin müqaviləsi"nin əfsanədən reallığa çevrilməsi ölkənin bütün strateji əhəmiyyətli sahələrinin inkişafına yeni təkan verdi. "Əsrin müqaviləsi"nin imzalanmasının milli inkişafdakı misilsiz əhəmiyyəti bügünkü intensiv sosial-iqtisadi inkişaf fonunda daha qabarıq görünür. Azərbaycana son illərdə daha böyük uğurlar gətirən bu strategiyanın əsas mahiyyəti ölkənin malik olduğu təbii sərvətlərdən Azərbaycan xalqının rifahı naminə daha uğurlu şəkildə istifadə prinsipinə əsaslanır. Bu müqavilə dünyada miqyasca ən böyük enerji layihəsinin həyata keçirilməsini təmin etməklə yanaşı, respublikamızın ciddi elmi əsaslara söykənən sosial-iqtisadi inkişaf strategiyasının gerçəkləşməsinə imkan yaratdı. Dayanıqlı siyasi sabitliyə, iqtisadi və milli təhlükəsizlik maraqlarının beynəlxalq səviyyədə təminatına real zəmin formalaşdırdı. 
Sosialyönümlülük prinsipini daim əsas götürən Heydər Əliyevin bu istiqamətdə qabaqcıl dünya təcrübəsinə cavab verən, eyni zamanda ölkə və cəmiyyət reallıqlarını nəzərə alan məqsədyönlü siyasəti cəmiyyətdə özünü göstərən ziddiyyətlərin aradan qaldırılmasına rəvac verdi. Bazar münasibətləri əsasında formalaşan sosialyönümlü milli iqtisadiyyatın qurulmasını əsas strategiya kimi müəyyən edən Ümummilli Liderin həyata keçirdiyi sosial siyasətin iki əsas xarakterik cəhəti xüsusi olaraq diqqət cəlb edirdi. Bunlardan birincisi, sosial siyasətin dayanıqlı xarakter daşıması, ölkənin iqtisadi bazisinə əsaslanması, ikincisi, onun mükəmməl və dünya təcrübəsində uğurla sınaqdan çıxmış normativ hüquqi bazaya söykənməsi idi. Ümumilikdə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında yeni iqtisadi şəraitə uyğun olaraq ölkədə formalaşan sosial müdafiə modeli cəmiyyətin və ayrılıqda hər bir vətəndaşın rifahının yüksəldilməsinə, onların sosial müdafiəsinə, layiqli həyat səviyyəsinin təmin edilməsinə, habelə şəxsiyyətin azad inkişafı üçün bərabər imkanlar yaradılmasına xidmət edirdi. Ümummilli Lider Heydər Əliyevin 1994-cü il 15 iyun tarixli "Əhalinin sosial müdafiəsinin gücləndirilməsi və iqtisadiyyatın maliyyə vəziyyətinin sabitləşdirilməsi tədbirləri haqqında", 1994-cü il 24 oktyabr tarixli "Əhalinin sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında" sərəncamları bilavasitə insanların sosial müdafiəsinin daha etibarlı şəkildə qorunmasına yönəlmişdi.
1995-ci ildən Azərbaycan iqtisadiyyatının dirçəlməsi sahəsində görülmüş ardıcıl işlər nəticəsində əhalinin gəlirləri tədricən artmağa başladı. 2003-cü ilədək ölkədə orta aylıq real əməkhaqqı 5,1, pensiyalar 5,1, orta aylıq nominal əməkhaqqı 6 dəfədən çox artdı, habelə əhalinin rifahının yaxşılaşdırılması sahəsində ardıcıl proqramlar icra olundu. 
Bazar iqtisadiyyatı yolunu seçmiş istənilən dövlətin müstəqil yaşaması və inkişafı prosesində orta təbəqənin - iqtisadi inkişaf və sabitliyin təminatçısı sayılan sahibkarlar sinfinin rolu müstəsnadır. Bu reallığı nəzərə alan Heydər Əliyev milli iqtisadi inkişaf modelinin reallaşdırılmasında özəl sektorun həlledici rolunu daim önə çəkir, güclü sahibkarlar təbəqəsinin formalaşmasına, onların cəmiyyətdəki mövqelərinin güclənməsinə çalışırdı. Bunun nəticəsidir ki, 1995-2003-ci illərdə respublikada sahibkarlığın inkişafı üçün zəruri maliyyə təminatı yaradıldı. İnvestisiyaların təşviqi üçün respublikada daha münbit şərait yaratmaq, daxili və xarici sərmayəni stimullaşdıran səmərəli metodlardan istifadə etmək, xarici kapital qoyuluşunun başlıca istiqamətini regionların, qeyri-neft sektorunun inkişafına yönəltmək, habelə maddiləşən işgüzar fəallığı gücləndirmək üçün kompleks tədbirlər həyata keçirildi.
1997-ci ildə qəbul edilmiş "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafı (1997-2000-ci illər) Dövlət Proqramı" əhəmiyyətinə, aktuallığına və miqyasına görə milli sahibkarlığın inkişafında yeni mərhələnin başlanğıcı oldu, bu sahədə dövlət siyasətinin başlıca prinsiplərini müəyyənləşdirdi. Dövlət proqramında ilk dəfə olaraq milli sahibkarlığın stimullaşdırılması və onun dövlət maliyyə təminatı mexanizmlərinin formalaşdırılması, daxili bazarın qorunması yolu ilə istehsal sahibkarlığının inkişaf etdirilməsi, qeyri-neft sektorunun ümumi daxili məhsuldakı çəkisinin artırılması ilə bağlı kompleks tədbirlər planı əksini tapdı.  Proqram çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində sahibkarlıq subyektlərində əsassız yoxlamaların aparılması qadağan edildi, iş adamlarının fəaliyyətinə əngəl yaradan problemlərin aradan qaldırılması yolları göstərildi. 
Ümummilli Lider Heydər Əliyevin 10 sentyabr 2002-ci il tarixli "Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət qayğısı haqqında" və 28 sentyabr 2002-ci il tarixli "Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında" fərmanlarında dövlət qurumları ilə sahibkarlıq subyektləri arasında dərin kök salmış və həllini gözləyən bir sıra ciddi problemlər tam açıqlığı ilə göstərildi, onların qarşısının alınması üçün kompleks islahatlar aparıldı. Bütün bu tədbirlərin nəticəsi kimi 1996-2003-cü illərdə Azərbaycanın bütün həyati əhəmiyyətli sahələrində dinamik inkişaf və tərəqqi təmin edildi, milli sahibkarlar ordusu formalaşdı, ümumi daxili məhsulda özəl sektorun xüsusi çəkisi 1994-cü idəki 29 faizdən 75 faizə yüksəldi. 
Dövlət-sahibkar münasibətlərinin institusionallaşdırılması məsələsinə xüsusi diqqət yetirən Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikası Prezidenti yanında Sahibkarlar Şurasının yaradılması özəl sektora dəstək istiqamətində mühüm addımlardan biri idi. Şuranın əsas məqsədi Azərbaycanda sahibkarlığın inkişafına nail olmaq, sahibkarların dövlət başçısının yürütdüyü siyasətin həyata keçirilməsində səmərəli, fəal iştirakını istiqamətləndirmək, bu yolda mövcud olan problemləri araşdırmaq və onların həlli üçün təkliflər verməkdir. 
2003-cü ildən Heydər Əliyev siyasi kursunu inamla davam etdirən dövlət başçısı İlham Əliyev ötən 21 ildə milli inkişaf prioritetlərini düzgün müəyyənləşdirdi, ölkənin bütün potensialını intellektual resursların, insan kapitalının gücləndirilməsi yönümündə səfərbər etdi. Ötən illərdə uğurla gerçəkləşdirilən sosial-iqtisadi islahatların - davamlı və tarazlı inkişafı stimullaşdıran dövlət proqramlarının, ictimai həyatın bütün sahələrini əhatə edən fərman və sərəncamların nəticəsi olaraq respublikamız son illərdə dünyanın sürətli inkişaf yolunda olan dövlətlərindən biri kimi tanınır. 
Ümummilli Liderin uzaq hədəflərə hesablanmış siyasətini, ordu quruculuğu strategiyasını davam etdirməklə xalqımızın dərin mənəvi-siyasi dəstəyini qazanan Prezident İlham Əliyev bu gün Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təminatçısıdır. Dövlətimizin başçısı torpaqlarımızın işğaldan azad edilməsi kimi ağrılı və çətin missiyanı ilk gündən üzərinə götürərək "güclü ordu - güclü dövlət" konsepsiyasının fundamental bazisi olan yeni iqtisadiyyat quruculuğunu daim xüsusi diqqətdə saxlayır. Zəngin iqtisadi potensialımız "yumşaq güc" amili kimi Azərbaycanın nüfuzlu beynəlxalq təşkilatlar, transmilli şirkətlər, inkişaf etmiş ölkələrlə iqtisadi-siyasi münasibətlərinin dərinləşməsində mühüm rol oynayır. 
İqtisadiyyatın ildən-ilə güclənməsi, uğurlu neft-qaz strategiyası diplomatiyanın fundamental sütunu kimi çıxış edərək, ölkəmizin beynəlxalq arenada mövqelərini möhkəmləndirir. Avropanın enerji təhlükəsizliyinə sanballı töhfələr verən Azərbaycan qlobal miqyasda aktual olan "yaşıl enerji", karbonsızlaşdırma, hidrogen istehsalı kimi layihələrin reallaşdırılmasının əsas təşəbbüskarlarından biridir. İştirakçıların sayına və səviyyəsinə, müzakirəyə çıxarılan məsələlərin aktuallığına görə dünyada ən mötəbər tədbirlərdən hesab edilən COP29-un Azərbaycanda keçirilməsi barədə qərarın qəbulu da ölkəmizin alternativ enerji istehsalı sahəsində zəngin potensiala malik olmasının göstəricisidir. Azərbaycanın 2030-cu ilədək sosial-iqtisadi inkişafa dair milli prioritetlərindən birinin "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi" kimi müəyyən edilməsi, işğaldan azad edilmiş ərazilərin, Naxçıvan Muxtar Respublikasının "yaşıl enerji" zonası, 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan olunması bu sahədə aparılan məqsədyönlü, ardıcıl dövlət siyasətinin təzahürüdür. 
Azərbaycanın dünyada böyük nüfuz sahibinə çevrilməsi bütün sahələrdə ölkəmizə məğlub olmuş Ermənistanı sülh istiqamətində real addımlar atmağa məcbur edir. Aprelin 19-da iki ölkə arasında delimitasiya prosesinin başlanması barədə əldə olunmuş tarixi razılaşma, işğal altında olan 4 kəndin ölkəmizin nəzarətinə keçməsi, eləcə də Rusiya sülhməramlı qüvvələrinin vaxtından əvvəl Qarabağdan çıxmaları mühüm siyasi hadisələr kimi hər bir vətəndaşımızı sevindirir. 
Vətən müharibəsindəki Zəfərdən sonra Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərimizin Cənubi Qafqaz regionunda ən abad, müasir zonaya çevriləcəyini bəyan edib. Qısa zamanda regionda mühüm infrastruktur layihələrinin icra edilməsi, o cümlədən yeni yolların çəkilməsi, Füzuli, Zəngilan və Laçında hava limanlarının inşası, dəmir yollarının bərpasına başlanılması, "ağıllı kənd", "ağıllı şəhər", "yaşıl enerji" kimi innovativ layihələrin icrası, azad edilmiş ərazilərə köçün başlaması və digər tədbirlər dövlət başçısının Qarabağ və Şərqi Zəngəzurun bərpasına, yenidən qurulmasına həssas münasibətinin göstəricisidir.
Şübhəsiz, 30 ilə yaxın müddət ərzində erməni qəsbkarları tərəfindən maddi və mədəni sərvətləri talan edilmiş ərazilərimizin yenidən iqtisadi təsərrüfat dövriyyəsinə cəlb edilməsi ölkəmizin siyasi-iqtisadi suverenliyinin güclənməsinin mühüm dayaqlarından biri olacaqdır. Görülən işlər deməyə əsas verir ki, yaxın illərdə işğaldan azad edilmiş ərazilərdə məskunlaşma, layiqli yaşayış və iqtisadi fəallıq təmin ediləcək, həyata keçirilən quruculuq-bərpa işləri ölkəmizin sosial-iqtisadi inkişafının əsaslarını möhkəmləndirəcək, Azərbaycanın inkişafında yeni mühüm mərhələ açacaqdır.
Ulu Öndər Heydər Əliyevin milli maraqlara əsaslanan mütərəqqi ideya və siyasi baxışlarını, gələcəyə hesablanmış planlarını son 21 ildə praktik şəkildə gerçəkləşdirən Prezident İlham Əliyev Azərbaycanda inqilabi xarakterli islahat və yeniliklərə müəlliflik edir. Dövlətimizin başçısı ölkəmizin davamlı inkişafı naminə qarşıda müəyyənləşdirdiyi strateji hədəfləri inamla gerçəkləşdirmək, Azərbaycanı müasir və inkişaf etmiş dövlətə çevirmək əzmi nümayiş etdirir. Ölkəmizin hər bir vətəndaşı kimi, iş adamları da Prezident İlham Əliyevin yürütdüyü bu siyasəti ürəkdən dəstəkləyir, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə milli maraqlarımızla bağlı bütün məsələlərin uğurla həll olunacağına ürəkdən inanırlar. 

Qüdrət KƏRİMOV, 
"Xəzər" QSC-nin sədri, 
iqtisad elmləri doktoru

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video