Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İsmayıllıda yürüş keçirilib

07 Dekabr 2017
 

Dekabrın 5-də İsmayıllı Rayon İcra Hakimiyyəti rəhbərliyinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş xatirə yürüşü keçirilmişdir.

Tədbirin məhz həmin gün keçirilməsinə aydınlıq gətirən dövlət qulluğu veteranı Valeh Salehov bildirmişdir ki, yürüş üçün bu günün seçilməsi heç də təsadüfi deyil. Belə ki, 1981-ci il noyabr ayının 30-da İsmayıllıda güclü zəlzələ baş vermişdi. Çoxsaylı dağıntılar insanların qayğılarını artırmış, hadisənin qarlı-yağışlı günlərdə baş verməsi problemi daha da ağırlaşdırmışdı. İsmayıllılıların belə çətin sınaqla üz-üzə qaldığı bir zamanda ulu öndər dekabr ayının 5-də onların harayına çatmışdı. Heydər Əliyev şəhərin əksər məhəllələrində olmuş, indiki Mübariz Orucov küçəsində yaşamış Qaraxanım Mahmudovanın evinin qarşısında dayanmış, onunla və gəlini Pərişan Mahmudova ilə söhbət etmişdir. Pərişan xanım  indi ümummilli liderin tikdirdiyi evdə nəvələri ilə yaşayır.

Ulu öndər Heydər Əliyev sonra zəlzələnin fəsadlarının daha çox müşahidə olunduğu Mican, Mücühəftaran və Ruşan kəndlərinə getmiş, əhalidə ruh yüksəkliyi yaratmış və insanları qorxu əzabından xilas etmişdir. Böyük rəhbərin diqqət və qayğısı sayəsində İsmayıllı yenidən tikilib-qurulmuş və müasir inkişaf yoluna qədəm qoymuşdur. Yürüş də həmin istiqamətlər üzrə nəzərdə tutulmuşdu.

İştirakçılar və onları yola salanlar öncə Mərkəzi meydanda ümummilli liderin abidəsini ziyarət etmiş, qarşısına gül dəstələri qoymuşlar. Sonra rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov “Azərbaycan tarixinin Heydər Əliyev epoxasının birinci və ikinci mərhələsi: respublikanın inkişafı, xilası və yüksəlişi” mövzusunda nitq söyləmişdi.

İştirakçılar Mübariz Orucov küçəsində yaşayan Pərişan Mahmudova ilə də görüşmüşlər. Onlar ulu öndərin misilsiz xidmətlərindən danışmış, həmçinin bugünkü inkişafa görə Prezident İlham Əliyevə minnətdarlıq etmişlər. Yürüş Mican, Mücühəftaran və Ruşan kəndlərinə doğru davam etmişdi. Rayon mərkəzindən 18 kilometr məsafədə olan Ruşan kəndində yürüş iştirakçılarını sakinlər səmimiyyətlə qarşılamışdılar.

Valeh Salehov ümummilli lider Heydər Əliyevin hamıya nümunə olan həyatından və fəaliyyətindən, xilaskarlıq missiyasından, İsmayıllının yüksəlişi üçün etdiklərindən, Prezident İlham Əliyevin yaratdığı bugünkü qüdrətli Azərbaycandan, regionların sürətli inkişafından danışmışdı. Sonra xatirə yürüşü iştirakçıları başlanğıc nöqtəyə qayıdaraq tədbiri yekunlaşdırmışdılar.

 

Əli SƏLİMOV,

“Azərbaycan”