Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Sənayeləşmə həm də ölkədən valyuta axınının qarşısını alır

03 Dekabr 2017
 

Dünya iqtisadiyyatının inkişafında inqilab sənayeləşmədən sonra baş verdi. Sənayeləşmə məhsulun çeşidinin və keyfiyyətinin artmasına geniş imkanlar yaratdı. Beləliklə, dünya bazarında məhsul satışında ciddi rəqabət yarandı və hazırda bu proses daha kəskin şəkildə davam edir. Bazara kim daha keyfiyyətli məhsul çıxarırsa, burada söz sahibi də odur. Əsas məsələ məhsulun keyfiyyəti ilə bərabər qiymətidir. Yəni bazara hansı şirkətlər daha keyfiyyətli və ucuz məhsul çıxarırsa, onun alıcısı da çox olur. Məhsulun maya dəyərinin aşağı olması isə yüksək texnologiyaların tətbiqi sayəsində mümkündür. Bu səbəbdən bütün məhsul istehsalçıları mütəmadi olaraq istehsalata yeni növ texnologiyalar tətbiq edir ki, ucuz və keyfiyyətli məhsul istehsal edə bilsinlər.

Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra köhnə sovet texnologiyasına əsaslanan müəssisələr fəaliyyətlərini dayandırdı. Bunun bir səbəbi SSRİ-nin süqutu, əvvəlki kooperasiya əlaqələrinin kəsilməsi idisə, digər səbəbi bazara Qərb ölkələrindən keyfiyyətli məhsulun daxil olması idi. Yeni müəssisələr yaradılarkən müasir texnika və texnologiyaların tətbiqi vacib idi. Buna görə də köhnə müəssisələr bərpa edilərkən onların müasir texnika və texnologiyalarla təmin edilməsinə başlandı. Çünki əvvəlki qaydada məhsul istehsal etmək həm keyfiyyət, həm də qiymət baxımından sərfəli deyildi.
Prezident İlham Əliyev neft ixracından asılılığı aradan qaldırmaq üçün ölkədə sənayeləşmə prosesinin həyata keçirilməsi istiqamətində mühüm qərarlar qəbul etdi. Məqsəd, ilk növbədə, bir çox sənaye məhsulları istehsal edərək ölkənin daxili tələbatını ödəməklə valyuta axınının qarşısını almaq idi. Bununla bərabər, müasir texnologiyalardan istifadə edən müəssisələrdə hazırlanan keyfiyyətli məhsulun xarici bazara ixracı da hədəf götürülmüşdür. Son dövrlər ixracda ölkədə istehsal olunan sənaye məhsullarının çəkisinin artması onu göstərir ki, bu sahədə müəyyən uğurlar qazanılıb. Lakin hədəfə çatmaq üçün çox işlər görülməlidir.
Ölkədə sənayenin inkişaf konsepsiyası hazırlanarkən bir sıra yerli xüsusiyyətlər də nəzərə alınır. Məsələn, yüngül və toxuculuq sənayesinin inkişafı kənd təsərrüfatının inkişafına birbaşa xidmət göstərir. Çünki yerli istehsal olmasa, pambıq və digər kənd təsərrüfatı məhsullarını xammal şəklində xarici bazara satmağa məcburuq. Bu da kəndlinin zəhmətlə yetişdirdiyi məhsulun layiqli qiymətini almamasına səbəb olur. Elə aqrar sektorun özündə də məhsul istehsalının artırılması üçün müasir texnika və texnologiyalardan istifadə edilməsi vacibdir. Qeyd etdiyimiz kimi, müasir texnika və texnologiyalardan istifadə edən ölkələr aqrar sektor üçün əlverişli olmayan mühitdən belə yüksək məhsul əldə edirlər.
Dünya təcrübəsindən də görünür ki, hər bir regionun və ölkənin texnoparklar barədə özünəməxsus planları var. Texnoparkların Azərbaycan modeli hazırlanarkən bu amilə xüsusi diqqət yetirilir. Məsələn, ölkəmizdə bu sahədə lokomotiv olan Sumqayıt Kimya Sənaye Parkını göstərə bilərik. Azərbaycan neft ölkəsi olduğu üçün ölkəmizdə neftdən əldə edilən xammalla işləyən texnoparkın yaradılması iqtisadi cəhətdən səmərəlidir. Xammal yerli olduqda məhsulun maya dəyəri aşağı düşür. Bu da həmin müəssisədə istehsal edilən məhsulun dünya bazarında rəqabətqabiliyyətliyini artırır. İndi dünya bazarında kəskin rəqabətin mövcud olduğu bir vaxtda bu faktor çox önəmlidir.
Artıq ölkəmizdə Sumqayıt Kimya Sənaye Parkından savayı Balaxanı, Qaradağ, Mingəçevir və Pirallahı sənaye parkları yaradılıb. Sumqayıt Kimya Sənaye Parkında ümumi investisiyaların həcmi 1,2 milyard dollar təşkil edən 10 müəssisəyə rezident statusu verilib. Sənaye parkında 2018-ci ildə 8 müəssisə fəaliyyətə başlayacaq. Bu da 900-ə yaxın yeni iş yerinin açılması deməkdir.
Ölkəmizdə sənaye parkları ilə yanaşı, sənaye məhəllələrinin yaradılması istiqamətində də müəyyən işlər görülür. Bu layihələrin həyata keçirilməsi üçün Prezident tərəfindən 2014-cü il oktyabrın 8-də “Sənaye məhəllələrinin yaradılması və fəaliyyətinin təşkili haqqında” fərman imzalanıb. Məqsəd sənaye və xidmət sahələrində fəaliyyət göstərən kiçik və orta sahibkarlığın inkişafı üçün əlverişli şəraitin təmin edilməsi, əhalinin istehsal və xidmət sahələrində məşğulluğunun artırılmasıdır. Sənaye məhəllələrinin istehsal prosesinin təşkilində infrastruktur xərclərinin azaldılması, kooperasiya əlaqələrinin gücləndirilməsi, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi məsələlərinin həlli böyük əhəmiyyət kəsb edir.
Sənaye məhəllələri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastruktura malik olan, kiçik və orta sahibkarlar tərəfindən məhsul istehsalı və xidmət göstərilməsi üçün istifadə edilən ərazidir. Bu sahələrin üstünlüyü ondadır ki, sahibkar öz müəssisəsi üçün infrastrukturun yaradılmasına pul xərcləmir. Bu funksiyanı dövlət öz üzərinə götürür və sahibkara bizneslə məşğul olmaq üçün əlverişli şərait yaradır.
Artıq ölkəmizdə 2 sənaye məhəlləsi mövcuddur. Bunlar Neftçala və Masallı sənaye məhəllələridir. Bu sahədə ilk təcrübə Neftçalada həyata keçirilir. Neftçala Sənaye Məhəlləsində 3 müəssisə fəaliyyətə başlayıb, 6 müəssisənin də cari ildə işə düşməsi gözlənilir. Masallı Sənaye Məhəlləsinə yerli və xarici sahibkarlar da böyük maraq göstərirlər. Artıq sahibkarlar tərəfindən dəyəri 33 milyon manatdan çox olan 33 layihə təqdim olunub. Sənaye məhəlləsində layihələndirmə işləri tamamlanıb. Yaxın vaxtlarda infrastrukturun yaradılmasına başlanacaq.
Prezident İlham Əliyev çıxışlarında dəfələrlə qeyd edib ki, ölkənin bütün rayonlarında sənaye məhəllələrinin yaradılmasına nail olacağıq. Dövlət başçısının 25 iyul 2017-ci il tarixli “Hacıqabul Sənaye Məhəlləsinin yaradılması haqqında” sərəncamı da bunun təsdiqidir. Sənaye məhəlləsində qeyri-neft sənaye sahələri üzrə müəssisələr və xidmət müəssisələri fəaliyyət göstərəcək. Burada infrastrukturun yaradılması üçün Prezidentin Ehtiyat Fondundan 4 milyon manat vəsait ayrılıb.
Sənayeləşmə prosesini sürətləndirmək üçün maliyyə təminatı mühüm şərtdir. Dövlət sənayeləşmə yolu ilə istehsalı artırmaq üçün sahibkarlara güzəştli şərtlərlə kredit vermək prosesini dəstəkləyir. Bu məqsədlə Sahibkarlığa Kömək Milli Fondu iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsini davam etdirir. Növbəti tədbir sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair noyabrın 2-də Pirallahı rayonunda işgüzar forumun keçirilməsi oldu. Forum çərçivəsində Pirallahı rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan startap layihələrin maliyyələşdirilməsi, zeytunçuluq təsərrüfatının, badam bağının salınması, corab istehsalı, plastik və polietilen qabların təkrar emalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib. Kiçikhəcmli investisiya layihələrinin ümumi dəyəri əsasən dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək.
Tədbirdə həmçinin fondun özəl bölmənin inkişafında, Bakı qəsəbələrində və regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində işlər barədə məlumat verilib. 2017-ci ilin ötən dövrü ərzində 1360-dək sahibkarlıq subyektinin ümumi dəyəri 346 milyon manat olan investisiya layihəsinin maliyyələşdirilməsinə 101,3 milyon manat güzəştli kredit verildiyi bildirilib. Ümumilikdə indiyədək Bakı şəhərinin və qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində sahibkarlıq subyektlərinin 1373 investisiya layihəsinin maliyyələşdirilməsinə 397,8 milyon manat güzəştli kredit ayrılıb.
İşgüzar forum çərçivəsində Bakı qəsəbələrində fəaliyyət göstərən sahibkarlara 6,2 milyon manat güzəştli kredit verilib. Güzəştli kreditlər müasir istixana kompleksinin yaradılması, bağçılıq, dəri emalı, şpris istehsalı və s. sahələrə yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 110-dan çox yeni iş yerinin açılması mümkün olacaq. Forum çərçivəsində Pirallahı Sənaye Parkında güzəştli kredit ayrılmış şpris istehsalı müəssisəsinin tikintisi işlərinə baxış keçirilib. Azərbaycanda ilk dəfə yaradılacaq bu zavodda ildə 100 milyon şpris istehsal etmək mümkün olacaq.

Rüstəm KAMAL,
“Azərbaycan”