Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Gənc sərhədçilər Vətənə sədaqət andı içiblər

14 Noyabr 2017
Dövlət Sərhəd Xidmətinin (DSX) Göytəpə şəhərində yerləşən hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.

DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, gənc əsgərlər təntənəli şəkildə hərbi andı qəbul etdikdən sonra tədbir iştirakçılarına Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevin təbrik telefonoqramı çatdırılıb.

Mərasimdə çıxış edənlər ulu öndər Heydər Əliyevin dövlət sərhədlərimizin qorunması, Azərbaycan sərhəd mühafizəsinin formalaşması və inkişafı istiqamətindəki xidmətlərindən, böyük dövlət xadiminin müəyyənləşdirdiyi milli sərhəd strategiyasının Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi sayəsində ölkəmizin sərhəd təhlükəsizliyinin ən yüksək səviyyədə təşkil olunmasından danışıblar. Çıxışlarda Vətənə, dövlətə sədaqət andı içərək müqəddəs sərhədlərimizi şərəflə qorumaq məsuliyyətini öz üzərilərinə götürən gənc əsgərlərin hərbi anda daim sadiq qalacaqlarına və xidmətdə yüksək nəticələrə nail olacaqlarına əminlik ifadə ediblər.

Tədbirdə Dövlət Sərhəd Xidmətinin şəxsi heyətinin ölkəmizin ərazi bütövlüyünün bərpası üçün istənilən anda ordumuzla birgə hərəkət etməyə, Dağlıq Qarabağda və işğal altında olan digər ərazilərdə Azərbaycanın suveren hüquqlarının bərpası, Vətənimizin bütün sərhədlərinin mühafizə altına alınmasının təmin edilməsi uğrunda savaşa daim hazır olduğu xüsusi vurğulanıb.

Valideynlər yaradılmış şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib, övladlarına Vətən sərhədlərinin keşiyində ayıq-sayıq dayanmağı tövsiyə ediblər.

Mərasim gənc əsgərlərin tribuna önündən təntənəli marşla keçidi ilə başa çatıb.