Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Enerji daşıyıcılarına tələbat 2040-cı ildə 30 faiz artacaq

14 Noyabr 2017
Beynəlxalq Energetika Agentliyi (BEA) dünyada enerji daşıyıcılarına və elektrik enerjisinə tələbatın artacağını proqnozlaşdırmışdır. Bu barədə “Röyter” agentliyi xəbər verir.

BEA-nın illik baza proqnoz ssenarisində (World Energy Outlook 2017) deyilir ki, “dünyada enerji daşıyıcılarına və elektrik enerjisinə tələbat keçən ilkindən daha yavaş sürətlə artacaq, amma 2040-cı ildə 30 faiz çoxalacaq”. Sənəddə qeyd olunur ki, ən böyük enerji daşıyıcıları və elektrik enerjisi istehlakçısı Çin olacaq. Bununla belə, tələbatın artmasına ən böyük töhfəni (təxminən 30 faiz) Hindistan verəcək. Həmçinin Cənub-Şərqi Asiya ölkələri göstəricinin artmasında əhəmiyyətli rol oynayacaq.

BEA-nın proqnozuna görə, öz növbəsində iqtisadi cəhətdən inkişaf etmiş bəzi dövlətlər enerji daşıyıcılarına tələbatını azaldacaq. Belə ki, 2040-cı ildə Avropada bu göstərici hazırkı səviyyədən 10 faiz aşağı olacaq, onun istehlakda payı 2016-cı ildəki 15 faizdən 10 faizə enəcək.