Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Kür çayının Şıxlı-2 məntəqəsində suyun tərkibində fenollar normadan 4 dəfə yüksək olub

14 Noyabr 2017
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə noyabr ayında növbəti monitorinq həyata keçirib.

Departamentdən AZƏRTAC-a bildirilib ki, noyabrın birinci ongünlüyündə Kür çayında suyun sərfi oktyabrın üçüncü ongünlüyünə nisbətən saniyədə 24 kubmetr artaraq saniyədə 194 kubmetr təşkil edib.

Monitorinqin nəticələrinə əsasən, Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olması müşahidə olunub.

Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenollar Şıxlı-2 məntəqəsində 4, Ağstafaçayda 3, Ağstafaçay su anbarında isə 2 dəfə yol verilən qatılıq həddini (YVQH) keçib.

Noyabrın birinci ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə, fenollar Araz çayı üzrə Horadizdə və Bəhramtəpədə 2, I Şahsevəndə 3 dəfə YVQH-ni keçib.

Mis birləşmələri Kür və Araz çayları üzrə bütün məntəqələrdə norma daxilində tərəddüd edib.

Suyun oksigen rejimi bütün məntəqələrdə 7-8,24 milliqram/litr arasında olmaqla sanitar norma daxilində dəyişib.