Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Fəal tələbələrə adlı təqaüd verilib

27 Oktyabr 2017
 

Oktyabrın 26-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) 2016-2017-ci tədris ilinin yay imtahan sessiyasının nəticələrinə görə əlaçı və həmkarlar ittifaqı fəalı olan ali məktəb tələbələrinə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ) adlı təqaüdünün verilməsi ilə bağlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev ümummilli lider Heydər Əliyevin elmə, təhsilə, idmana daim böyük önəm verdiyini bildirib, Ulu öndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini vurğulayıb.

AHİK-in sədri dövlət başçısının gənclərə, onların təhsilinə göstərdiyi xüsusi diqqət və qayğıdan danışıb.

Rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verən S.Möhbalıyev deyib ki, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin adlı təqaüdü 1995-ci ildə təsis olunub. Təqaüd qış və yay imtahan sessiyasının nəticələrinə görə əla və yaxşı qiymətlərlə oxuyan, həmkarlar ittifaqı fəalı olan tələbələrə verilir. Bu günədək 2087 tələbə bu təqaüdə layiq görülüb və təkcə son beş ildə bu məqsədlər üçün Respublika Komitəsinin büdcəsindən 201 min 700 manat vəsait xərclənib.

Ölkəmizdə gənclərin inkişafı üçün geniş imkanların yaradıldığını bildirən S.Möhbalıyev Azərbaycan Prezidenti tərəfindən təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı”nın əhəmiyyətindən danışıb.

Eyni zamanda ATİAHİ Respublika Komitəsi tərəfindən müsabiqələrin, idmanın müxtəlif növləri üzrə yarışların, intellektual oyunların və digər səmərəli tədbirlərin həyata keçirildiyi diqqətə çatdırılıb.

S.Möhbalıyev adlı təqaüdə layiq görülən tələbələri təbrik edib, uğurlar arzulayıb.

Sonra Bakı, Gəncə, Sumqayıt, Mingəçevir və Lənkərandakı ali məktəblərin 61 tələbəsinə ATİAHİ Respublika Komitəsinin adlı təqaüdü verilib.