Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Mübariz Qurbanlı: Azərbaycan tarixində xristianlıq mühüm yerlərdən birini tutub

25 Oktyabr 2017
Sivilizasiyaların mərkəzində yerləşən Azərbaycanda zaman-zaman müxtəlif dinlər mövcud olub. Azərbaycan tarixində xristianlıq mühüm yerlərdən birini tutub. Bu gün ərazimizdə olan alban kilsələri xristianlıqdan qalan yadigardır.

AZƏRTAC xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı oktyabrın 25-də “Bibliya tarixi” və “Pravoslav katixizisi” kitablarının təqdimat mərasimində deyib.

Onun sözlərinə görə, kitabların Azərbaycan dilində təqdim olunması xüsusi əhəmiyyətə malikdir. Çünki azərbaycanlılar bu nəşrləri ana dilində oxuya biləcəklər. Dinini mükəmməl bilən insan heç vaxt radikal qrupların təsirinə düşə bilməz.

Kitabların ictimaiyyət tərəfindən yüksək dəyərləndiriləcəyinə əminliyini bildirən M.Qurbanlı deyib: “Bu cür kitabların Azərbaycanda daha geniş yayılması vacibdir”.

Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə 2016-cı il Azərbaycanda “Multikulturalizm İli”, 2017-ci il isə “İslam Həmrəyliyi İli” elan olunub. Bu sülhsevər siyasətin və xalqımızın bütün millətlərə və dinlərə xoş münasibətinin əyani sübutu olaraq “Bibliya tarixi” və “Pravoslav katixizisi” kitabları Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Dilçilik İnstitutunun sosiolinqvistika və dil siyasəti şöbəsinin müdiri, professor Mayıl Əsgərov tərəfindən dilimizə tərcümə edilib, Rusiyanın Sankt-Peterburq şəhərində fəaliyyət göstərən “İqumen Taisinin xatirəsi cəmiyyəti” İctimai Birliyi tərəfindən nəşr olunub. Kitablar DQİDK-nın xüsusi icazəsi ilə Azərbaycana gətirilib.