Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

ABŞ UNESCO-dan çıxır

13 Oktyabr 2017
ABŞ BMT-nin elm, mədəniyyət və təhsil məsələləri üzrə təşkilatından – UNESCO-dan çıxdığını bəyan etmişdir. Bu barədə Dövlət Departamenti məlumat vermişdir.

Dövlət Departamentinin bəyanatında deyilir ki, UNESCO-nun rəhbərliyi qərar barədə məlumatlandırılmışdır. Sənəddə deyilir: “Bu qərar asan qəbul olunmamışdır. O, ABŞ-ın UNESCO-da artan borcdan narahatlığını, təşkilatda əsaslı islahatların zəruriliyini və UNESCO-da İsrailə qarşı davam edən qərəzkarlığı əks etdirir”.

Qərar 2018-ci il dekabrın 31-də qüvvəyə minəcək. Bununla belə, Vaşinqton. UNESCO-da müşahidəçi statusunu qoruyub saxlayacaq.

Bu arada İsrailin Baş naziri Binyamin Netanyahu bəyan etmişdir ki, onun ölkəsi UNESCO-nun tərkibindən çıxmağa hazırlaşır. İsrail hökuməti müvafiq bəyanatı ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul etdikdən bir neçə saat sonra səsləndirmişdir. Bəyanatda deyilir ki, Netanyahu Xarici İşlər Nazirliyinə İsrailin UNESCO-da üzvlüyünün dayandırılmasına hazırlıq işinə başlamağı tapşırmışdır.