Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Həyata keçirilən islahatlar gələcək nailiyyətlər üçün möhkəm bünövrədir

12 Oktyabr 2017
 

9 ayı arxada qalan 2017-ci ilin iqtisadiyyatın bütün sahələrində nəzərəçarpacaq nailiyyətlərin qazanıldığı, yeni layihələrə imza atıldığı, başlanmış bir çox işlərin bəhrə verdiyi il olduğu artıq şəksizdir.

Ötən aylar ərzində qeyri-neft sektorunun inkişafı davam edib. Xüsusilə, bu sektorun əsas qolu olan aqrar sahədə uğurlu addımlar atılıb. Neft-qaz sənayesində mühüm hadisələr baş verib. Ölkədə 226 min yeni iş yeri açılıb. Məcburi köçkünlərin yaşayış səviyyəsinin yüksəldilməsi istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilib. Bunlar ötən 9 ayın göstəricilərinin yalnız bir hissəsidir.
Nazirlər Kabinetinin 2017-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında isə ötən müddət ərzində görülmüş işlər və qazanılmış nailiyyətlər haqqında geniş bəhs edilib.
Azərbaycanın qazandığı müvəffəqiyyətləri beynəlxalq qurumlar da dəyərləndirir və qeyd edir. Təsadüfi deyil ki, Davos Dünya İqtisadi Forumunun hesablamalarında bu, yenə də öz əksini tapıb. Bu il ölkəmiz reytinqini daha da yüksəldərək iki pillə irəliləyib - 37-ci yerdən 35-ci yerə qalxıb. Yəni Azərbaycan 140 ölkədən 35 ən rəqabətqabiliyyətliləri sırasında qərar tutub. MDB ölkələri sırasında isə əvvəlki illərdə olduğu kimi, yenə də birincidir.
Bütün bunlar dövlətin yeritdiyi düzgün və məqsədyönlü iqtisadi siyasətin sayəsində mümkün olub. Prezident İlham Əliyevin bu ilin ötən aylarında ölkənin müxtəlif bölgələrinə səfərləri, Yevlaxda, Saatlıda, Qaxda, Lənkəranda keçirdiyi müşavirələr qeyri-neft sektorunun, xüsusilə aqrar sahənin inkişafına təkan verib. Pambıqçılıq, üzümçülük, çayçılıq, baramaçılıq, tütünçülük və s. kimi kənd təsərrüfatı sahələrinin dirçəldilməsi, keçmiş şöhrətinin bərpası üçün əməli işlər görülüb. Sahibkarlar, fermerlər, məhsul əkib-becərən hər kəndli getdikcə dövlətdən daha çox dəstək görür və bunun müsbət nəticələri özünü əyani şəkildə göstərir.
Kənd təsərrüfatında 2,8 faiz inkişafa nail olunub və bu istiqamətdə tədbirlər davam edir. Hər sahə üzrə konkret xarakter daşıyan proqramlar həyata keçirilir, icra mexanizmləri, maliyyə vəsaitləri nəzərdə tutulur. İndi kəndli texnika sarıdan korluq çəkmir. Ötən illərin heç birində ölkəyə bu qədər texnika gətirilməyib. Belə ki, il ərzində alınacaq 10 min texnikanın 8 mini artıq kəndlilərin istifadəsindədir, qalanı isə ilin sonunadək onların sərəncamında olacaq.
Aqroparkların yaradılması vüsət alıb, onlardan ikisi artıq fəaliyyət göstərir. İstixanaların salınması işi də davam edir. Heyvandarlığın inkişafında dünyadakı qabaqcıl təcrübədən istifadə olunur. İndi bu istiqamətdə görülən işlər yaxın gələcəkdə südçülük və ətçilik sahəsində daha böyük uğurlara nail olmağa imkan verəcək.
Təqdirəlayiq haldır ki, Azərbaycan iqtisadiyyatı yenə də çoxşaxəli şəkildə inkişaf edir. Bunu ölkədə yaradılmaqda olan sənaye zonalarında işlərin gedişi də təsdiqləyir. Neftçala Sənaye Məhəlləsinin artıq açılışı olub. Balaxanıda, Masallıda, Mingəçevirdə, Hacıqabulda isə sənaye məhəllə və zonalarının yaradılması davam etdirilir.
Bu il qədim kökləri və zəngin ənənələri olan Azərbaycan xalçaçılıq sənətinin inkişafı istiqamətində də uğurlu addımlar atır. “Azərxalça”nın yeni müəssisələri fəaliyyətə başlayıb. İlin sonunadək onların sayının 10-a çatacağı gözlənilir. Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında xalçaçılığın böyük gələcəyi olduğunu bir daha vurğulayıb: “Xalçaçılıq bizim milli sənətimizdir, eyni zamanda, xarici bazarlara çıxışı olan məhsuldur, ölkəmizə valyuta gətirən sahədir. İşsizliyi, xüsusilə qadınlar arasında işsizliyi aradan qaldıran sahədir. Xalçaçılığın çox böyük potensialı var. Dövlət vəsait ayırıb, bütün bu fabriklər dövlət hesabına tikilir, həm dəzgahlar, həm də bütün digər avadanlıq dövlət vəsaiti hesabına alınır”.
Xalçaçılıqda da bir neçə istehsal sahəsinin əlaqəli şəkildə inkişafı tələb olunur. Dövlət başçısı bunun üçün bölgələrdə yun qəbulu işinin qaydaya salınmasının, bu məhsulu qəbul etmək üçün yeni məntəqələrin olmasının vacibliyini qeyd edib. Sumqayıt şəhərində tikintisi nəzərdə tutulan əyirici-boya fabriki də xalçaçılığın inkişafına xidmət edəcək. Azərbaycan xalçasının reklamı da lazımi səviyyədə təşkil olunmalıdır.
İqtisadiyyatın şaxələndirilmiş istiqamətlərinin hər birində görülən işlər, açılan təzə müəssisə və digər obyektlər isə həm də əhalinin məşğulluq probleminin müvəffəqiyyətlə həlli deməkdir. Yeni iş yerlərinin həm ölkənin paytaxtında və iri şəhərlərində, həm də bölgələrində açılması olduqca müsbət hal kimi dəyərləndirilməlidir. Ötən 9 ayda da məhz belə olub - şəhər və rayonlarda 226 min yeni iş yeri yaradılıb. Bunlardan 171 mini daimi, qalanı mövsümi işlərdir. Mövsümi işlərdən çoxu, məsələn, aqrar sahə ilə bağlı olanlar kəndliyə bir neçə ay müddətində illik dolanışığı üçün yaxşı qazanc götürməyə imkan verir.
Beləliklə, ilin ötən 9 ayında başa çatdırılmış işlər də, həyata keçirilməsi prosesi gedən tədbirlər də bir-birilə sıx halqalarla bağlı olub ümumi inkişafa xidmət edir. Məsələn, meliorasiya məsələlərinin uğurlu həlli məhsul bolluğuna imkan yaradır. Bu il 150 min hektar sahədə müasir suvarma sistemlərinin quraşdırılması nəzərdə tutulub. İlin sonuna qədər bu hədəfə nail olunacaq. Gələn il isə indiyədək suvarılmayan, yaxud da suvarılması lazımi səviyyədə olmayan 100 min hektar sahəyə yeni kanalların çəkilməsi planlaşdırılır.
Çəkilən yeni yollar da böyük əhəmiyyət kəsb edir. Bu il üçün nəzərdə tutulan “40 yol” layihəsi uğurla davam etdirilir. Hərəsi bir neçə kəndi əhatə etdiyindən bu layihələr 100-dən çox kəndin sakinlərinin rahat yolla təmin olunması deməkdir. Nazirlər Kabinetinin sözügedən iclasında həmin layihələrin uğurla icra ediləcəyinə inamını bildirən dövlət başçısı bölgələrə səfərləri zamanı verilən təkliflər nəticəsində yeni yolların çəkilməsinə başlandığını da demişdir. Bunlar həm kənd, həm də şəhərlərarası yollardır.
Təmirli, rəvan yol isə təkcə sakinlərin rahatlığı deyil, həm də iqtisadiyyatın müxtəlif sahələrinin inkişafı deməkdir. Rahat yol istehsalçı ilə bazar arasında ticarət əlaqələrinin genişləndirilməsi üçün mühüm amil, istənilən bölgəyə qonaqların həvəslə gəlib-getməsi - qeyri-neft sektorunun turizm kimi vacib sahəsinin inkişafı üçün əsas şərtlərdən biridir.
Turizmdən söz düşmüşkən, Azərbaycanda bu sahənin inkişafı artıq reallıqdır. Son dövrlərdə bu irəliləyiş xüsusilə nəzərə çarpır. Əsasən də yay aylarında istirahət mərkəzlərində qələbəlik olur. Ölkəyə gələn turistlərin sayının artması isə öz növbəsində qonaqları qəbul etmək üçün yeni infrastrukturun yaradılmasını, məsələn, hotellərin çoxalmasının zəruriliyini gündəmə gətirir. Beləliklə, tikinti sektorunda da canlanma yaranır.
Azərbaycan iqtisadiyyatının çoxşaxəli platformadan inkişaf etdiyi və bu inkişafın insanların işlə təmin olunmasında, maddi rifah halının yüksəlməsində öz əksini tapması ilin ötən 9 ayının sosial-iqtisadi vəziyyətinin təhlilində də aydın görünür. Bu il ölkədə görülən işlərin, həyata keçirilən tədbirlərin növbəti illərdə qazanılacaq nailiyyətlər üçün möhkəm özül olduğu da şəksizdir.

Flora SADIQLI,
“Azərbaycan”