Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Sumqayıt Dövlət Dram Teatrı növbəti mövsümü yeni tamaşa ilə açıb

08 Oktyabr 2017
 

Ötən əsrdə respublikamız üçün ən böyük nailiyyətlərdən biri Sumqayıt şəhərinin yaradılmasıdır. İkinci Dünya müharibəsindən sonrakı dövrdə sənayenin daha da inkişafı üçün belə bir şəhərin salınması vacib idi. 

Sovet dövlətinin çağırışı ilə keçmiş İttifaqın hər tərəfindən insanlar bura axışdı. Gənclər onların içində çoxluq təşkil etdiyindən yeni yaradılan Sumqayıtı “gənclər şəhəri” deyə çağırdılar.

Ötən əsrin 70-ci illərindən başlayaraq ümummilli lider Heydər Əliyevin qayğısı nəticəsində bu şəhər təkcə respublikamızda deyil, dünya miqyasında tanınan yaşayış mərkəzinə çevrildi. Ulu öndər şəhər strukturunun yaradılmasına, mədəniyyət və ictimai binaların salınmasına şəxsən özü göstəriş vermiş, onların icrasına nəzarət etmişdir. Ulu öndər tikinti obyektlərinin, yolların, qəsəbələrin salınmasını necə yüksək dəyərləndirirdisə, mədəniyyət, istirahət guşələrinə, insanların mənəviyyatının qorunmasına və inkişafına həmin diqqətlə yanaşırdı. Sumqayıtın mədəniyyət ocaqlarına xüsusi diqqət yetirən ulu öndər şəhərdə mənəvi məsələlərin yüksəlməsini, milli adət-ənənələrimizi əks etdirən memarlıq xüsusiyyətlərinin qorunmasını tövsiyə edirdi.

Təxmini hesablamalara görə, şəhərin yarısı həmin dövrdə inşa olunub. Onların içində mədəniyyət saraylarından biri də Sumqayıt Dövlət Dram Teatrının (həmin dövrdə o, H.Ərəblinskinin adını daşıyırdı) binasıdır.

Daha çox yaşayış binasının tikintisinə yer ayrıldığı bir zamanda ulu öndər belə bir binanın inşasına başlanmasını vacib hesab edirdi. Hətta bina üçün yeri də özü seçmişdi. Yarım əsrlik bir zaman kəsiyində şəhər genişlənsə də, yenə də həmin bina möhtəşəmliyini itirmir.

1956-cı ildən fəaliyyətə başlayan teatrın səhnəsində əvvəllər dünya mütəfəkkirlərinin əsərləri tamaşaya qoyulardı. Bu da əsasən rusdilli əhalinin maraq dairəsini təmin edirdi. Şəhərə səfərə gələn ulu öndər ilk dəfə olaraq yerli yazıçıların əsərlərinin tamaşaya qoyulması təklifini verdi. Bəzən Heydər Əliyev məşqlərə baxmağa gələr, aktyorların oyununa tamaşa edərdi. Bu da teatrın aktyorlarını həvəsləndirərdi.

Bu gün şəhərdəki yeniliklər sırasına daxil olanlardan biri də teatr binasına göstərilən qayğıdır. Xeyli zaman idi ki, bina baxımsız qalmışdı. Sumqayıt Dövlət Dram Teatrının binası istifadəyə verildiyi 1956-cı ildən bu günədək bir dəfə də olsun əsaslı təmir edilməmişdi. İstilik sistemi köhnəlmiş binada normal qaydada tamaşaların məşqini aparmaq mümkün deyildi.

Ötən ilin əvvəllərində burada təmirə start verildi. Yenidənqurma tədbirləri zamanı binanın bütün mühəndis-texniki qurğuları tamamilə yenidən quruldu. Binanın 500 yerlik tamaşa və 100 yerlik akt salonu ən müasir avadanlıqla təchiz olundu. Burada tamaşaları bədii və texniki cəhətdən yüksək səviyyədə təqdim etmək üçün 360 dərəcə hərəkət edən səhnə, müasir akustika, işıqlandırma sistemləri və digər avadanlıqlar quraşdırıldı.

Teatrın interyerinin daha cəlbedici görünməsi üçün milli memarlıq ənənələrindən geniş istifadə edildi. Binanın bütün xidməti, dekorasiya və qrim otaqları müasir üslubda tərtib olundu, mebellər tətbiqi sənətin qədim növü olan oyma üsulu ilə işləndi.

Bu gün teatr binası tam şəkildə təmir edilərək sumqayıtlıların ixtiyarına verilib.

Müxtəlif janrlarda uğurlu tamaşalar hazırlayan Sumqayıt Dövlət Dram Teatrı qırx doqquzuncu teatr mövsümünü yeni tamaşa ilə açıb. Premyerası keçirilən Turgut Özakmanın “Ocaq” psixoloji dramı əməkdar artist Firudin Məhərrəmovun quruluşunda öz yeni səhnə həllini tapıb. Bir ailənin iztirabları kontekstində cəmiyyətin müxtəlif sosial və yaş kateqoriyalarının baxış bucağı mükəmməl şəkildə açılır.

Tamaşa sumqayıtlılar tərəfindən çox böyük rəğbətlə qarşılanıb. Əməkdar artistlər Növrəstə Həşimova, Fəranə Musayeva, İzaməddin Bağırov, Rauf Ağakişiyev, Cəlal Məmmədov, aktyorlar Oktay Mehdiyev, Xatirə Süleymanova, Sədaqət Nuriyeva, Habil Xanlarov, Şəhla Məmmədova, İlahə Səfərova, Şəmistan Süleymanlı və Amil Babayev rollarını, psixoloji nüansları məharətlə ifa edir. 150 nəfərlik teatrın kollektivində 11 əməkdar artist, 2 nəfər respublikanın mədəniyyət işçisi və 7 “Tərəqqi” medalçısı çalışır.

Sumqayıt Dövlət Dram Teatrının repertuarı genişdir. Burada aparılan əsaslı təmirdən sonra işıqlandırma sistemləri də müasir avadanlıqlarla təmin edilib. Bu da hazırlanan tamaşaların keyfiyyətini artırır.

Son bir neçə ildə Sumqayıtda böyük quruculuq işləri həyata keçirilib və bunlar davam etməkdədir. Hazırda sumqayıtlılar bayram və istirahətlərini möhtəşəm Sumqayıt bulvarında, Nəsimi adına parkda keçirirlər. İnsanın təkcə gəzmək deyil, həm də mədəni tədbirlərdə iştirak etməyə marağı olur. Gözəl bir mədəniyyət ocağında tamaşaya baxmağın özü də xoş istirahətdir. Hazırda Sumqayıt Dövlət Dram Teatrı bax, belə bir mədəni missiyanın daşıyıcısıdır.

 

Akif ƏLİYEV,

Ağaəli MƏMMƏDOV (foto),

“Azərbaycan”