Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Fakültədən müasir akademiya kompleksinə yüksələn təhsil ocağı

05 Oktyabr 2017
 

Dövlət Sərhəd Xidmətinin Akademiyasında güclü elmi tədris bazası və nizamlı təlim-tədris proqramı mövcuddur

 

Yeni tədris ilinin başlanması ərəfəsində yolumuzu Dövlət Sərhəd Xidmətinin Akademiyasından saldıq. Əlbəttə, bizi bura çəkib aparan sərhədçilərimiz və onların sayəsində ölkə hüdudları boyunca aparılan nümunəvi sərhəd xidməti haqqında eşitdiklərimiz və gördüklərimiz idi. Məlumdur ki, istənilən sahənin uğurlu inkişafı, istənilən xidmətin yüksək səviyyədə təşkili üçün ixtisaslı, savadlı və peşəkar kadrların olması vacibdir. O cümlədən, Dövlət Sərhəd Xidmətinin nümunəvi təşkili də peşəkar kadrlar, güclü nizam-intizam və ciddi təşkilatçılıq sayəsində mümkün olub. Odur ki, bu gün peşəkar sərhədçi ordusunun yetişdirilməsində və formalaşmasında əsas baza olan DSX-nin Akademiyasında peşə, fiziki, mənəvi-psixoloji hazırlığı, ən önəmlisi isə təhsil prosesi ilə yaxından tanış olmaq və bu barədə oxucuları da məlumatlandırmaq qərarına gəldik...
Öncə xatırladaq ki, Azərbaycan sərhəd mühafizəsi müstəqilliyimizin ilk illərində kadr çatışmazlığı ilə üz-üzə qalanda ulu öndər Heydər Əliyev bu sahədə dərhal köklü islahatların aparılması və kadrların yetişdirilməsinin zəruri olduğunu gündəmə gətirdi. Çox keçmədən bu istiqamətdə qanunlar qəbul edildi, sərəncamlar imzalandı və dövlət sərhədinin mühafizəsində yeni mərhələ başlandı. Kadr çatışmazlığının olduğu bir zamanda - 1994-cü ildən Sərhəd Qoşunlarının komplektləşdirilməsi işinə Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbinin məzunları ilə start verildi. Lakin tədris prosesində Sərhəd Qoşunlarının spesifik xüsusiyyətlərinin tam nəzərə alınmaması peşəkar sərhədçilərin hazırlanmasına mənfi təsir göstərdi. Bunu nəzərə alan Prezident Heydər Əliyev 1998-ci ilin dekabr ayının 1-də Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasının yaradılması haqqında fərman imzaladı və akademiyada yaradılmış sərhəd qoşunları fakültəsi Dövlət Sərhəd Xidmətinin peşəkar kadrlarla təmin edilməsində mühüm rol oynadı.
Sonrakı illərdə Prezident İlham Əliyevin Ali Baş Komandanlığı altında ardıcıl həyata keçirilən tədbirlər nəticəsində ölkəmizdə müasir tələblərə cavab verən güclü sərhəd infrastrukturu yaradıldı, Azərbaycanın sərhəd mühafizəsi peşəkar kadrlarla, müasir silah və texnika ilə təmin edilərək qarşıya qoyulan tapşırıqları yüksək səviyyədə icra etməyə qadir olan qurum səviyyəsinə yüksəldi. Ölkə rəhbərinin 2007-ci ilin iyun ayının 12-də Dövlət Sərhəd Xidmətinin Akademiyasının yaradılması barədə sərəncamı və 3 il sonra Dövlət Sərhəd Xidmətinin Akademiya kompleksinin istifadəyə verilməsi bu sahədə olan kadr çatışmazlığını kökündən həll etdi.
2010-cu il avqustun 10-da akademiya kompleksinin istifadəyə verilməsi münasibəti ilə keçirilən tədbirdə iştirak edən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev DSX Akademiyasını son illərdə respublikada inşa olunan ən böyük təlim-tədris ocağı adlandırdı və gələcəyin sərhədçi zabitlərinə tövsiyələr verdi. Bütün bunlar akademiyada təhsilin inkişafına xüsusi təkan verdi.

 

Fiziki hazırlıq mütləqdir

 

Biz akademiyaya dərs saatında çatdıq, hər tərəfdə sakitlik idi. Kursantlar, müəllim və zabitlər tədrislə məşğul idilər. Öncə müasir təhsil ocağının görünüşü diqqətimizi çəkdi, adam sanki muzeyə daxil olmuş kimi, az qala, ecazkar bir dünyaya düşdüyünü zənn edir. Binanın həm xarici, həm də daxili quruluşu memarlıq baxımından çox cəlbedicidir. Ərazidə mütəmadi olaraq abadlaşdırma və yaşıllaşdırma işləri aparıldığından həyət də çox cəlbedicidir. Al-əlvan çəmənliklər, dekorativ ağac və kollar ətrafa ayrıca bəzək verir, səliqə-sahman göz oxşayır. Həyətin bir tərəfində ayrılmış xüsusi zonada bir qrup gəncin komanda ilə nizam-intizamlı, həm də çevik idman hərəkətləri diqqət çəkir.
Müxtəlif idman nömrələri göstərən gənclərə yaxınlaşırıq. Məlum olur ki, ikinci kursda oxuyurlar. Artıq yola saldıqları bir il ərzində yeni bilik və bacarıqlar əldə etməklə yanaşı, fiziki hazırlıqla vaxtaşırı məşğul olduqlarından idmançı görkəmi almış kursantlardır. Bu, akademiyada kursantların fiziki hazırlığının yüksəldilməsinə xüsusi diqqət yetirildiyindən xəbər verirdi. Fiziki hazırlığın nümunəvi təşkili şəxsi heyətin sağlamlığına müsbət təsir göstərməklə yanaşı, hərbi hissə və birləşmələrdə xidmətin günün tələbləri səviyyəsində qurulmasına kömək edir. Akademiya kompleksinin nəzdində müxtəlif avadanlıq və alətlərlə təchiz edilmiş idman zalı da fəaliyyət göstərir.

 

Kursantların peşəkar sərhədçi zabitlər kimi formalaşması üçün müxtəlif kafedralar yaradılıb

 

Akademiyanın şəxsi heyətlə iş üzrə şöbəsinin rəis müavini polkovnik-leytenant Nazim Şirinov ixtisaslı ali təhsil ocağı və buradakı dərs prosesi ilə tanışlığımıza kömək etdi. Ayrı-ayrı zallar, sinif otaqlarına baş çəkirik - otaqlar orijinallığı, tərtibatı və quruluşu ilə seçilir. Hər zalın təyinatına uyğun şəkildə qurulmasına və təchiz edilməsinə xüsusi diqqət yetirildiyi ilk baxışdan bəlli olur. Buradakı mühazirə, imtahan, tədbirlər, akt, konfrans zalları təlim-tədris prosesinin yüksək səviyyədə saxlanılmasında mühüm rol oynayır, müxtəlif mədəni-kütləvi tədbirlərin nümunəvi keçirilməsinə geniş imkanlar yaradır.
N.Şirinov buradakı yeniliklər, əldə olunan uğurlardan danışarkən bildirdi ki, tədrisin yüksək səviyyədə aparılması, elmi-nəzəri biliklərin və praktiki vərdişlərin kursantlar tərəfindən dərindən mənimsənilməsi üçün akademiyanın sinif otaqlarında rahatlığa, mebel və digər vasitələrlə təchizata xüsusi fikir verilib. Kursantların hərtərəfli biliyə, geniş dünyagörüşünə malik sərhədçi zabitlər kimi formalaşması üçün bir neçə kafedra yaradılıb, güclü elmi-tədris bazası formalaşdırılıb. Bu kafedralarda kursantlara sərhəd mühafizəsinin təşkili, döyüş hazırlığı, DSX-də tətdbiq edilən bütün texniki vasitələrdən istifadə qaydaları ilə yanaşı, xarici dil də öyrədilir. Hərbi-pedaqoji kollektiv üçün yaradılmış rahat iş yerləri, müəllimlər üçün lazımi avadanlıqlarla təchiz olunmuş çoxsaylı otaqlar təlim-tədris proseslərinin keyfiyyətlə aparılmasına geniş şərait yaradır.
Sinif otaqlarını gəzərkən, dərs proseslərini izləyərkən deyilənlərin əyani şahidi olduq. İxtisas fənninə uyğun olaraq dərs otağında bütün lazımi vasitələr var və təcrübəli müəllim heyəti gənc kursantlara istənilən mövzunu çox rahat şəkildə izah edib göstərirlər. 2008-ci il noyabr ayının 27-də akademiyanın istifadəyə verilən böyük səhra-təlim mərkəzi isə kursantların hərbi-nəzəri biliklərinin təcrübədə işlənilməsi, zəruri döyüş və əməliyyat-taktiki vərdişlərinə yiyələnməsi üçün xüsusi rol oynayır.

 

Tədris Bolonya sisteminin tələblərinə uyğun təşkil edilir

 

DSX Akademiyasında ali-xüsusi hərbi təhsil almaq arzusunda olan Azərbaycan vətəndaşları orta və ya ixtisas təhsilinə malik olmalıdırlar. Hərbi xidmətdə olmayanların yaşı 17-dən 21-dək, xidmət müddətindən asılı olmayaraq müddətli, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, gizirlər və hərbi vəzifəlilərin yaşı 23-dək olmalıdır. Bu təhsil ocağına qəbul olmaq istəyən gənclər Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən edilən 1-ci və 2-ci ixtisas qrupu üzrə nəzərdə tutulmuş ümumtəhsil fənlərindən test üsulu ilə qəbul imtahanları verirlər və eyni zamanda, onların fiziki hazırlığı yoxlanılır. İmtahanlardan və fiziki hazırlıq yoxlamalarından keçənlər təhsil müəssisəsinə qəbul edilirlər. Tədris prosesi Bolonya sisteminin tələblərinə uyğun təşkil edilir. Tədris ili 15 sentyabr tarixində başlayır və növbəti ilin avqust ayına qədər davam edir. Dörd illik tədris müddətini bitirən kursantlara bakalavr dərəcəsi, leytenant hərbi rütbəsi, ali-peşə təhsili haqqında diplomlar verilir və Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətə qəbul edilirlər. Onu da qeyd edək ki, akademiyanın diplomları Avropa məkanında da tanınır.
Akademiyada kursantların qidalanması, asudə vaxtlarının təşkili və digər məsələlərlə maraqlanırıq. Aydın olur ki, pedaqoji heyətin və müdavimlərin yüksək səviyyədə qidalanması üçün burada lazımi şərait yaradılıb. Kursant yeməkxanası müasir avadanlıqlarla, mətbəx əşyaları ilə təmin olunub, qidalar da zəngindir. Yataq otaqları da çox yaxşı vəziyyətdədir. Kursantlar burada yumşaq və mebelli yataq dəstləri ilə təchiz edilmiş kazarma tipli yataqxana, 3 və 4 nəfərlik otaqlarda yatırlar. Lazımi avadanlıqla təmin olunmuş məişət otaqları, şəxsi əşyaların və hərbi geyimlərin saxlanılma otaqları da tələblərə uyğundur.
Tədrisdən sonrakı vaxtın səmərəli təşkili, kursant və dinləyicilərin aktiv istirahəti üçün akademiyada hər cür şərait var. Buradakı istirahət zonası və tennis-bilyard zalı zövqlə quraşdırılıb, lazımi vasitələrlə təmin olunub. Müdavimlər burada müxtəlif stolüstü oyunlarla məşğul olmaq, qəzet və jurnallar oxumaq, televiziya verilişlərinə baxmaqla həm istirahət edə, həm də özlərinin bilik və dün-yagörüşlərini artıra, idmanın müxtəlif növləri üzrə vərdiş və bacarıqlarını təkmilləşdirə bilirlər.
Sonuncu baş çəkdiyimiz, lakin ən vacib bölmələrdən biri kitabxana oldu. Burada ümummilli lider Heydər Əliyevin nəsillərə nümunə göstərilən həyat və fəaliyyətinə, Azərbaycanda dövlət quruculuğu proseslərinə, ölkəmizin və Sərhəd Qoşunlarının tarixinə həsr olunan kitablar üstünlük təşkil edir. Eyni zamanda, Azərbaycanın dövlətçilik tarixi, Sərhəd Mühafizəsinin tarixi, xüsusiyyətləri, eləcə də digər hərbi ədəbiyyatlarla zəngin kitabxanada kursant və dinləyicilərin öz maraq dairələrinə uyğun bədii ədəbiyyatları da oxumaq imkanları var.
Beləliklə, DSX-nin Akademiyasına bir neçə saatlıq ekskursiyamız başa çatdı. Bir daha əmin olduq ki, sərhədçilərin nümunəvi peşə bacarığının əsasında savadlı və ixtisaslı kadrların xidmətdə üstünlük təşkil etməsi və ciddi rəhbər nəzarəti durur. DSX-nin Akademiyası xüsusi ixtisaslı, ali hərbi təhsilli sərhədçi zabit kadrlarının hazırlanması, xüsusilə gənc sərhədçilərin yetişdirilməsi və müxtəlif kateqoriyalardan olan hərbi qulluqçuların peşə hazırlığının təkmilləşdirilməsi baxımından əvəzsiz təhsil ocağıdır.

Elnur HADIYEV,
“Azərbaycan”