Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Ağcabədi təhsildə də uğurlar qazanır

07 Sentyabr 2017
 

Test imtahanlarının çətin sınağından uğurla çıxıb tələbə adını qazanan gənclərlə görüş keçirmək, onların nailiyyətlərini layiqincə qiymətləndirmək artıq Ağcabədi rayonunda ənənəyə çevrilmişdir. Ağcabədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə gerçəkləşən növbəti tədbir Yaqub Məmmədov adına mədəniyyət sarayında keçirilirdi.

Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi davamlı qayğı ölkənin bütün regionlarında olduğu kimi, Ağcabədi rayonunda da təhsilin maddi-texniki bazasını əsaslı şəkildə möhkəmləndirmiş, yüksək intellektual səviyyəyə malik vətənpərvər nəslin yetişməsini şərtləndirmişdir. Ali məktəblərə qəbulun builki nəticələri Ağcabədi rayonunun təhsil sistemində fəth edilən ən yüksək zirvədir. Rayonun tarixində ilk dəfə olaraq  məktəb məzunu 700 ballıq nəticə qazanmışdır.  M.F.Axundzadə adına şəhər 3 nömrəli məktəb-liseyin məzunu Arzu Məmmədzadə qazandığı uğurla bir məktəbin, bir ailənin deyil, bütün Ağcabədinin qürur və iftixar mənbəyinə çevrilmişdir.

Tədbirdə rayon rəhbərliyi tərəfindən tələbə adı qazanmış gənclərə seçdikləri həyat yollarında uğurlar diləndi, təhsil sahəsində qazanılan nailiyyətlərdən ətraflı danışıldı. Qeyd olundu ki, son 12 ildə  keçilmiş yol Ağcabədi təhsilinin əsl inkişaf, yüksəliş yoludur. Əgər 2006-cı ildə 1763 məzundan 65-i ali məktəblərə qəbul olunmuşdusa, bu il 1170 məzundan 391 nəfər tələbə adı qazanmışdır. Fərq 6 dəfədən çoxdur. Təhlil göstərir ki, rayon təhsil sisteminin bütün istiqamətlərində əvvəlki illərlə müqayisədə xeyli irəliləyişə nail olunmuşdur. Bir fakt da diqqət çəkir: 2006-cı ildə rayonun mövcud 50 tam orta məktəbinin 25-də ali məktəblərə bir nəfər də qəbul olunmamışdır. İndi isə rayonun tam orta məktəblərinin hamısından ali məktəblərə qəbul var. Şəhər 9 saylı tam orta məktəbin, M.F.Axundzadə adına şəhər 3 saylı məktəb-liseyin, Pərioğullar  kənd  tam orta, Qaravəlli kənd tam orta, S. Vurğun adına şəhər 4 saylı və M. Aranlı adına şəhər 11 saylı tam orta məktəblər ali təhsil ocaqlarına qəbulda daha yüksək nəticələr əldə etmişlər.

Tədbirin sonunda yüksək bal toplamış  tələbələrə qiymətli hədiyyələr təqdim olundu.

 

Lazım QULİYEV,

“Azərbaycan”