Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Xətai rayonunda sakinlərin şikayəti həll edilib

12 Avgust 2017
 

 

Xətai rayon icra hakimiyyətinə ərizə ilə müraciət etmiş Cavanşir küçəsi 20 və 24 nömrəli binaların bir qrup sakinlə görüş keçirilib.

Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, sakinlər yaşadıqları binaların yaxınlığında işıq şəbəkələrinin ətrafında inşa edilən yarımçıq tikili ilə əlaqədar yaşıllıq zonası və yolun qeyri-qanuni zəbt olunduğu barədə şikayətləniblər. Onların dediyinə görə, yaşadıqları ərazidə gediş-gəliş çətinləşib, sahibsiz itlər çoxalıb, antisanitar vəziyyət yaranıb və bütün bunlar sakinlərin narahatlığına səbəb olur.

Görüşdə iştirak edən xidmət sahələrinin rəhbərləri tikintinin ərazidə yerləşən binaları elektrik enerjisi ilə təmin edən Transformator Mərkəzinin tam yaxınlığında yerləşdiyi və buradan yüksək təzyiqli qaz xətti keçdiyini təsdiq ediblər.

Problemin ciddiliyini nəzərə alan rayon icra hakimiyyətinin başçısı Razim Məmmədov Polis idarəsinin rəisi, Mənzil Kommunal Təsərrüfat Birliyinin və xidmət sahələrinin rəhbərləri, 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin əməkdaşları və digər əlaqədar təşkilatların nümayəndələrinin iştirakı ilə əraziyə yerində baxış keçirib.

Baxış zamanı qaldırılan məsələ ilə əlaqədar faktlar təsdiqini tapıb. Rayon rəhbəri qanunsuz tikilinin dərhal sökülməsi və ərazinin təmizlənməsi barədə göstəriş verib.

Sakinlər müraciətlərinə operativ şəkildə baxıldığına və onların qaldırdığı problemin həllinə görə razılıqlarını bildiriblər.