Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Jara-2017” Beynəlxalq Musiqi Festivalının qala-konserti Rusiyanın Birinci kanalında yayımlanıb

12 Avgust 2017
 

İyulun 27-dən 30-dək Bakıda - Xəzərin sahilində keçirilən “Jara-2017” Beynəlxalq Festivalı musiqi aləmində yayın ən qaynar hadisəsi olub. Azərbaycanla yanaşı, Rusiya, İtaliya, Ukrayna, Belarus, Gürcüstan, Özbəkistan, Baltikyanı və digər ölkələrdən 800-dən çox musiqiçinin iştirak etdiyi bu festivalı canlı olaraq 40 mindən çox tamaşaçı izləyib. Lakin izləyə bilməyənlər üçün də xoş fürsət yaranıb.

AZƏRTAC xəbər verir ki, festivalın birinci gününün qala-konserti Rusiyanın Birinci kanalında yayımlanıb. Qala-konsert atəşfəşanlıqla başlayıb və ilk olaraq EMİN, Ani Lorak və Valeriyanın birgə ifasında “Bakıya qaçaq” mahnısı səsləndirilib.

Açılış mərasimində aparıcılar Yana Çurikova və Andrey Malaxovun söylədikləri kimi, bu il festival günlərində yay iki dəfə artıq hərarətli və ulduzlar daha parlaq olub. Rusiyanın Birinci kanalında festivalın ilk gününün konsertinin nümayişi bu xoş anları təkrar yaşadıb.

Dünya şöhrətli müğənnilər Alla Puqaçova, Alessandro Safina, Filip Kirkorov, Sofiya Rotaru, Layma Vaykule, Qriqori Leps, Polad Bülbüloğlu, Lev Leşşenko, Vladimir Vinokur, Valeri Meladze, Kristina Orbakayte, Nikolay Baskov, EMİN, Oleq Qazmanov, Vera Brejneva, Svetlana Loboda, Ani Lorak və digərlərinin iştirak etdiyi bu möhtəşəm musiqi bayramı artıq tarixə çevrilib.

Festival KİV-lərlə yanaşı, videoblogerlərin də maraq dairəsində olub. Paytaxtımızda qonaq olan bloger Nataşa Volodina Bakıdan videoçarx hazırlayıb. O, Bakı haqqında təəssüratlarının yüksək səviyyədə olduğunu, hər gününün yaddaqalan olduğunu vurğulayıb. Qaldığı oteldən, ticarət mərkəzindən, Dənizkənarı Milli Parkdan, Heydər Əliyev Beynəlxalq Aeroportundan və ən əsası “Jara” festivalının təşkilatçılığından ağızdolusu danışan Nataşa Volodina ölkəmizə bir daha gəlmək istədiyini bildirib.

Möhtəşəm musiqi festivalı xoş məramı, iştirakçı kontingenti, zəngin proqramı, yüksək səviyyədə təşkili ilə fərqlənib. “Jara” bu isti iyul günlərində paytaxtımızın mədəni həyatına özünəməxsus hərarət gətirib: Günəş, dəniz, külək, ecazkar ifa, coşqun publika, xoş ovqat... Festival iştirakçılarının dilində bu sözlər tez-tez səslənirdi.

Bir sözlə, son illər Azərbaycanın beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməsi, sorağı bütün dünyaya yayılan tolerantlıq mühiti ölkəmizə marağı daha da artırıb. Möhtəşəm festivalı izləmək üçün Azərbaycana gələn çoxsaylı qonaqlar da ölkəmizdə turizm üçün yaradılmış şəraitlə yaxından tanış olub, ölkəmizin inkişafını öz gözləri ilə görüblər. Bu da Azərbaycan həqiqətlərinin və ölkəmizin turizm potensialının təbliği baxımından olduqca faydalıdır. Builki festival onu da göstərdi ki, “Jara” təkcə paytaxtımızın sakinlərində deyil, dünyanın müxtəlif guşələrindən olan musiqi həvəskarlarında da böyük maraq oyadıb.

Xatırladaq ki, festivalın təşkilatçıları tanınmış müğənni və bəstəkar EMİN, Rusiyanın Əməkdar Artisti Qriqori Leps, “Russkoye radio”nun və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur.